YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ortada çox böyük siyasi iradə mövcuddur

Müsahibimiz Milli Məclisin deputatı Mahir Abbaszadə

- Mahir müəllim, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan biznes mühitinin şəffaflığına görə ilk yerlərdən birini tutur, iqtisadi islahatlar ölkəsi kimi təşviq olunur. Son illər paralel aparılan siyasi, sosial və iqtisadi islahatların nəticəsidir ki, Azərbaycan dünya iqtisadi və maliyyə böhranından ən az zərər görən ölkə kimi tanınır və imicini bu gün də qoruyur. Bunun səbəblərini necə şərh edərdiniz?

- Azərbaycanda son 20 il ərzində aparılmış iqtisadi siyasət hər şeydən öncə xalqın istəyinə əsaslanıb və dünyada qəbul olunmuş iqtisadi modellərdən birinə aiddir. Bu, dünyada mövcud iqtisadi modellərdən özünü ən çox doğruldan bazar iqtisadiyyatına əsaslanır. Bu gün Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı modeli əsasında inkişaf edir.  Əlbəttə, bir sıra üstünlüklərə malik olan bazar iqtisadiyyatı modelinin mənfi tərəfi budur ki, dünyada baş verən iqtisadi hadisələr bu modelə sahib olan ölkələrdən yan keçmir. Bunu Azərbaycana da şamil etmək olar. O mənada ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir, ona görə də dünyada baş verən iqtisadi hadisələr ölkəmizə müəyyən dərəcədə təsir göstərir. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olmasını və inkişafını şərtləndirən əsas amil onun beynəlxalq proseslərə və çağırışlara uyğun olması, eyni zamanda, xalqın mənafeyinə xidmət etməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış iqtisadi islahatlar, o cümlədən qeyri-neft sektorunun inkişafı, infrastruktur lahiyələrinin reallaşdırılması, iqtisadiyyatının qanunvericilik bazasının möhkəmləndirilməsi və digər amillər  iqtisadi mühitin münbitliyindən xəbər verir və nəticə etibarilə, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın yerini yaxşılaşdırır, mövqeyini daha da möhkəmləndirir.

- Azərbaycan iqtisadiyyatında enerji daşıyıcılarının üstün amili öz aktuallığını qorumaqdadır. Dünyanın enerji bazarında mövqe mübarizəsində Azərbaycanın üstün mövqeyini şərtləndirən amilləri necə xarakterizə etmək olar?

- Azərbaycan neft ixrac edən dövlətlər sırasında yer alır. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın dünya enerji təhlükəsizliyində rolunu artırır. Xüsusilə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əhəmiyyətli rola malikdir. Ümumiyyətlə, həyata keçirilən uğurlu siyasət qarşıdakı dövrdə də enerji mənbələrindən səmərəli istifadəni təmin edəcək ki, bu da həm xalqın rifahının yaxşılaşmasında, həm də ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edəcək. Azərbaycanın coğrafi mövqeyi də bu siyasətin uğurlu olmasında xüsusi önəm daşıyır. Ölkəmizin inkişafı həm də region ölkələrinin inkişafına təsir edir.

- Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha qeyd etdi ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yaxşılaşmasına dair fərman və sərəncamlar verir, ardıcıl tədbirlər həyata keçirilir...

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, ötən ilin dekabr ayının 21-də baş vermiş ikinci devalvasiyadan sonra cəmiyyətdə müəyyən narahatlıqlar yarandı. Amma dövlət tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər həm iqtisadi vəziyyətin normallaşmasına, həm də vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət etdi. Paralel olaraq vətəndaşların sosial durumunu nəzərə alan ciddi addımlar atıldı. Məsələn, Prezident İlham Əliyevin taxıl və taxıl məhsullarını 18 faiz əlavə dəyər vergisindən azad etməklə çörəyin qiyməti sabit saxlandı. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı və məcburi köçkünlərə verilən çörək pulu 10 faiz artırıldı. Bunlar, ilk növbədə, onu göstərdi ki, ölkə rəhbəri  sosial məsələlərin həllinə diqqət və qayğıyla yanaşır, bu sahə prioritet istiqamət kimi müəyyən edilib. Diqqət yetirsəniz, Prezident İlham Əliyev ölkədə heç bir sosial layihənin ixtisara salınmaması göstərişini verdi, bəzi sahələrdə isə sosial sahələrin vaxtından əvvəl yerinə yetirilməsinin şahidi olduq. 2015-ci ildə dünyada baş verən iqtisadi va maliyyə böhranının müəyyən qədər Azərbaycana da təsir etməsinə, neftiqn qiymətinin 4 dəfə aşağı düşməsinə, dövlət büdcəsinin müəyyən gəlirlərinin azalmasına baxmayaraq, ölkədə heç bir sosial layihə təxirə salınmadı ki, bu da dövlətin sosial sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu, eyni zamanda, Azərbaycanın sosial dövlət olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıdakı dövrdə də dövlət siyasətinin mərkəzində vətəndaşın duracağını diqqətə çatdırdı.

- Buna misal olaraq sosial evlərin tikntisinə start verilməsini də qeyd edə bilərik...

- Bəli, cənab Prezident İlham Əliyev tərəfindən bu barədə Fərman imzalanıb. Yaradılmış yeni agentlik vasitəsilə qarşıdakı dövrdə sosial evlərin tikintisinə başlanacaq. Bu, bir daha ölkə vətəndaşlarına, Azərbaycan gəncliyinə olan diqqətinin göstəricisidir. Bilirsiniz ki, gənclər üçün bu cür layihələrin əhəmiyyəti çox böyükdür, düşünürəm ki, bu cür layihələr uğurla reallaşdırılacaq.

- Məlum olduğu kimi, qeyri-neft sektorunun inkişafı həm özəl sektorun tərəqqisinə, həm də işadamlarına dəstək kimi qiymətləndirilir. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev 2008-ci ildə çıxışı zamanı qeyd etmişdi ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Həmin dövrdə Azərbaycanın neftdən gələn gəlirləri yüksək olsa da, bu, mühüm bir çağırış idi. Hazırda qeyri-neft sektorunun inkişafı aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Elə Milli Məclis tərəfindən son zamanlar qəbul edilmiş bir çox qanunların mahiyyətində bu sahənin inkişafı dayanır. Xüsusilə də, ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı imkan verir ki, qeyri-neft sektoru qarşıdakı illərdə davamlı inkişaf tempinə malik olsun.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ortada çox böyük siyasi iradə mövcuddur. Prezident İlham Əliyev tərəfindən verilən fərman və sərəncamlar, qəbul edilən qərarlar bu siyasi iradənin bariz nümunəsini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev neftdən asılılığın aradan qaldırılması vəzifəsini qarşıya qoyub və Azərbaycan neft ölkəsindən qeyri-neft iqtisadiyyatı inkişaf etmiş ölkəyə çevrilməlidir. Bunun üçün ölkədə münbit şərait var, çoxsaylı infrastuktur layihələri uğurla reallaşdırılıb: yollar çəkilib, qazlaşdırma prosesi uğurla aparılıb, 2 böyük texnopark yaradılması haqqında fərman imzalanıb və sair. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, proqnozlaşdırılır ki, 2016-cı ildə Azərbaycanın qeyri-neft sektoruna təxminən 2 milyard manata yaxın investisiya cəlb olunacaq.

- İqtisadiyyatda baş verən son hadisələr bank sektoruna da təsirsiz ötüşmədi. Biz bir neçə bankın lisenziyasının ləğv olunmasını gördük, belə bir məsələ də ortaya çıxdı ki, bəzilərinin birləşməsi gündəmdədir. Bank sektorundakı hazırkı vəziyyət və bu sahənən gələcəyi ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda son illərdə aparılmış iqtisadi islahatlar bank sektorundan da yan keçməyib. Amma dekabr ayında baş vermiş ikinci devalvasiyadan sonra iqtisadiyyatın müxtəlif sektorlarında yaranmış gərginliklər bu sektora da təsirini göstərib. Bəzi bankların lisenziyaları ləğv olunub, bəzilərinin birləşməsinə dair məsləhətləşmələr aparılır ki, bunlar ad bəhs olunan sektorda həyata keçirilən ishalatların tərkib hissəsidir. Qeyd edim ki, fevralın 2-də Prezident İlham Əliyev tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının  yaradılmasına dair Fərman imzalanması Azərbaycanda bank-maliyyə  sistemində sabitliyin qorunmasına xidmət edəcək. Bu, həmçinin bankların kapitalının artırılması, dayanıqlılığının möhkəmləndirilməsi, eyni zamanda, əhaliyə xidmətlərin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

- Ümumiyyətlə, bank sektoru insanların etibarını qazanmaq, güvənini qaytarmaq üçün nə etməlidirlər?

- Hazırkı mərhələdə insanların bu barədə təlaşlanmasına ehtiyac yoxdur. Çünki əgər əvvəl əhalinin banklardakı depoziti maksimum 30 min manata qədər siğortalanırdısa, hazırda isə fevral ayının 19-da qüvvəyə minən qanuna əsasən, artıq məbləğindən asılı olmayaraq bütün əmanətlər (manatda 12, xarici valyutada isə 3 faiz dərəcəsi olan depozitlər) 3 il müddətində siğortalanır. Əgər vətəndaşların depozitinin olduğu hər hansı bir bankın lisenziyası ləğv olunarsa, onlar Əmanətlərin Siğortalanması Fondundan qoyduqları vəsaiti ala bilərlər. Bu da, əlbəttə, manatın möhkəmlənməsinə xidmət edir. Çünki əhalinin manatla olan vəsaitini bankların dövriyyə kapitalına çevirməklə həm manat möhkəmlənəcək, həm də milli valyutanın kurs fərqinin saxlanmasına banklar öz sözünü deyəcək.