YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, beynəlxalq müstəvidə, xüsusilə də dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verir, bir çox ölkələrdə böhran müşahidə olunur. Belə bir mürəkkəb geopolitik vəziyyətdə Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?

- Hazırda beynəlxalq aləmdə mürəkkəb proseslər baş verir. Bir sıra ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. İqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün bu amil ölkəmizin gəlirlərinə təsir edib. Amma hökumətimiz bu amilin iqtisadiyyatımıza təsirini minimum azaltmaq üçün sistemli tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib. Davamlı islahatlar yeni inkişaf kursunun uğurlu olmasını təmin edəcək. Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. Son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.

Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının ilk növbədə ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehlak məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.

- Belə bir şəraitdə ölkəmizdə həyata keçirilən sosial siyasətin əhəmiyyəti nədən ibarətdir?

- Şübhəsiz ki, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır. Bu, o deməkdir ki, yenə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü  ciddi şəkildə göstərir. Və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir müddət öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüsdür. Bu, ona dəlalət edir ki, hökumət  ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

- Musa müəllim, sosial sahənin əsas istiqamətlərindən biri də səhiyyədir. Ölkəmizdə səhiyyənin inkişafı haqqında nə deyə bilərsiniz?

- Son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. 

Ümumiyyətlə, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır.

Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regioanlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Bu il həmçinin, Azərbaycan Tibb Universtitetinin rezidentura mərhələsini bitirən tələbələrin artıq yüksək  hazırlıqlı həkim kadrlar kimi cəmiyyətə xidmət etməsinin şahidi olacağıq. Bu, tibb sahəsində  kadr hazırlığının yeni mərhələsinin həyata qədəm qoymasından xəbər verir. Şübhəsiz ki, səhiyyə inkişaf etdikcə, yeni texnologiyalar, yeni münasibətlər meydana çıxdıqca onun hüquqi bazasının da təkmilləşməsinə ehtiyac yaranır. Bu baxımdan, parlamentin Səhiyyə komitəsi zərurət yarandıqca yeni qanun layihələrini hazırlayıb müzakirələrə təqdim edəcək.

– Azərbaycanda icbari tibbi sığortaya keçid istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İcbari tibbi sığorta sisteminə  keçid ölkəmizə nə vəd edir?

– Ümumiyyətlə, icbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. Azərbaycan da bu yolu tutub və icbari tibbi sığortanın tətbiqi üçün lazım olan hazırlıq işləri ölkəmizdə başa çatmaq üzrədir. Bu sahədə lazımi hüquqi baza yaradılıb, dünya təcrübəsi öyrənilib, bu işi həyata keçirəcək qurumun – Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin əsasnaməsi təsdiq olunub. Bu il icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsi üçün dövlət büdcəsində 10 milyon manat nəzərdə tutulub. Beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hazırda yerli mütəxəssislər tərəfindən icbari tibbi sığortanın pilot layihəsi hazırlanır. Düşünürəm ki, bu ilin sonuna qədər biz icbari tibbi sığortanın pilot şəkilində tətbiqinə nail olacağıq.

İcbari tibbi sığortanın əsas prinsipi və mahiyyəti səhiyyə xərclərinin və xidmətlərə nəzarətin paylaşmasından ibarətdir. Yəni əgər hazırki dövlət səhiyyəsində tibbi xərcləri yalnız dövlət büdcəsindən, özəl sektorda isə vətəndaşlar tərəfindən ödənilirsə, icbari tibbi sığorta tətbiq olunandan sonra bu xərclər dövlət, işəgötürən və işçi arasında bölünəcəkdir. Eyni zamanda, tibb müəssisələrinin maliyyələşməsi, onların gördükləri işin həcminə və keyfiyyətinə uyğun olaraq həyata keçiriləcəkdir. Bu da istər səhiyyə müəssisələri arasında, istərsə də tibb işçiləri arasında sağlam rəqabərin formalaşmasına xidmət edəcək.

- Gündəmdə olan digər bir məsələ isə ölkəmizdə dərman istehsal edən müəssisələrin yaradılmasıdır. Sizcə, bu baxımdan ölkəmizin potensialı hansı səviyyədədir?

- Dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Təəssüf ki, indiyə qədər Azərbaycanda dərman istehsalı yoxdur. Keçmiş SSRİ dövründə ölkəmizdə yod istehsal edən zavod fəaliyyət göstərib ki, vaxtilə bu dövlətin böyük bir ərazisini yodla təmin edib. Eyni zamanda, Naftalan neftindən də sürtkü dərmanlar hazırlanıb. Hazırda hər iki sahədə istehsal yoxdur. Amma ölkəmizin həm yod istehsal etmək, həm də Naftalan neftindən dərmanlar hazırlamaq üçün böyük potensialı var. Nəzərə alaq ki, bu gün Azərbaycan müharibə şəraitində olan ölkədir. Əgər hərbi əməliyyatlar başlayarsa, dərmana ehtiyacımız çox ciddi şəkildə artacaq. Bu mənada dərman istehsal etməyimiz vacibdir.

Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bir nəfərin illik 20 dollar həcmində dərmana etiyacı var. Bu göstərici ilə hesablasaq, ölkəmizdə hər il dərmana təxminən 2 milyard dollar həcmində pul xərclənir. Doğrudur, bizdə rəsmi göstəricilər aşağıdır, amma beynəlxalq standartlara görə, dünyada vəziyyət belədir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq.

Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq. Çünki dərman istehsalı ölkəmiz üçün böyük önəm daşıyır.