YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub

Müsahibimiz Milli Məclisin deputatı Dilarə Cəbrayılova

- Dilarə xanım, V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirsiniz. Ölkəmizin ən güclü siyasi təşkilatının nümayəndəsi olaraq YAP-ın cəmiyyət həyatında, eləcə də parlament müstəvisində rolu haqqında düşüncələrinizi bilmək istərdik...

- Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası  24 ilə yaxın dövr  ərzində Ulu öndərin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda işləri uğurla davam etdirir. YAP cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya ölkələri arasında mövqeyi möhkəmlənir, beynəlxalq nüfuzu günbəgün artır. Partiyanın uğurları gələcəyə böyük ümidlərlə baxmağa əsas verir. Məhz bunun nəticəsidir ki, son parlament seçkilərində YAP-ın namizədləri ötən seçkilərdə olduğu kimi, böyük səs çoxluğu ilə qələbə qazanıb V çağırış Milli Məclisdə partiyamızı təmsil edirlər.

- Uzun müddətdir təhsil sahəsində çalışırsınız. Azərbaycanda təhsilin vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təhsildə çox büyük islahatlar gedir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Eləcə də təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Eyni zamanda, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr, Təhsil Nazirliyinin uğurlu fəaliyyəti bu sahədə mühüm nəticələr verməkdədir. Milli təhsilimizin dünya ölkələri təhsilinə inteqrasiyası çox böyük sürətlə həyata keçirilir. Dövlətin strateji sahələrindən biri olan təhsilimiz ümumbəşəri  və milli dəyərlərimiz əsasında formalaşmaqdadır. XXI əsr Azərbaycanın təhsil tarixində islahatlar əsri kimi yaddaşlarda qalacaq.

- Təhsil sahəsində çalışmaq, pedaqoji kollektivlə, şagirdlərlə sıx ünsiyyətdə olmaq  nə kimi üstünlüklər gətirir?

- Təhsil sahəsində çalışmaq, pedaqoji kollektivlə, şagirdlərlə sıx ünsiyyətdə olmaq mənə  müstəqil fikir yürütmək, məqsədyönlü iş qurmaq, öz  fəaliyyətimdə reallığa əsaslanmaq kimi üstünlüklər gətirib.

- Milli Məclisin ötən sessiyasında təhsildən yayınan şagirdlərə görə inzibati cəzalar, cərimələrin tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Sizcə, bu yenilik belə bir problemin aradan qaldırılmasına necə təsir göstərəcək?

- V çağırış Milli Məclisin ötən sessiyasında təhsildən yayınan şagirdlərə görə inzibati cəzalar, cərimələrin tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Məqsəd dərsdən yayınma hallarının qarşısının alınması, valideynlərin uşaqlar üzərində məsuliyyətinin artırılmasıdır.

Bu qanun bir neçə problemin aradan qaldırılmasına köməklik göstərəcək. Bəzi valideynlər erkən yaşlı uşaqları təhsildən yayındırır, onları qanunsuz əmək fəaliyyətinə cəlb edir, bəziləri isə uşaqları erkən nikaha məcbur edirlər. Bütün bunların kütləvi hala keçməməsi üçün bu cəzaların tətbiqi labüddür.

- Dilarə xanım, siz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Ümumiyyətlə, ölkəmizdə bu sahədə olan vəziyyəti necə dəyərləndirirsiniz?

- Gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin vaxtlarda ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Ulu öndərin fəaliyyəti nəticəsində gender problemlərinin həllinə böyük təkan verildi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib. Beləliklə, Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub.