YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

"Səs" qəzeti bütün dövrlərdə Azərbaycan xalqının tribunasına çevrilib

Müsahibimiz “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev

- Bəhruz müəllim, ölkə mətbuatında möhtəşəm izlər buraxmış və bu gün də müasir mətbuatımızın sıralarında özünəməxsus yeri olan "SƏS" qəzeti 25-ci ildönümünə qədəm qoyur. Rəhbəri olduğunuz "SƏS" qəzetinin tarixi rolu haqqında hansı fikirlərinizi söyləyə bilərdiniz?

- Çox yaxşı qeyd etdiniz ki, "SƏS" qəzeti tarixi bir missiyanı, rolu həyata keçirib, missiyanı yerinə yetirib. Bəli, bu qəzet çətin tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi istiqamətində çox məharətlə mübarizə aparıb. Ulu Öndər ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib. İlk öncə, qəzetimizin fəaliyyət dövrünün başlanğıcı barədə bir neçə söz demək istərdim. "Səs" ictimai-siyasi qəzet kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi istiqamətində, onun ideyalarının cəmiyyətə çatdırılmasında böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb, şücaət göstərib. Həmin dövrlərdə ziyalıların Ümummilli Liderə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm".

""Səs" qəzeti o qəzetlərdəndir ki, həm müxalif, həm də iqtidaryönlü mövqedə olub"

Həmçinin, Ulu Öndər bu fikirləri ilə "Səs" qəzetinin adının tarixə qızıl hərflərlə yazılmasının altına öz imzasını atıb. Beləlkilə, sonrakı dövrlərdə də qəzet öz fəaliyyətini uğurla davam etdirib. Modernləşərək öz bazasında Səs İnformasiya Agentliyini (SİA) və "SƏS" TV internet televiziyasını yaradıb. Qısa zaman ərzində agentlik və televiziya internet resursları arasında öz layiqli yerini tutub. Bu barədə bir az sonra daha ətraflı danışacam.. Ümumiyyətlə, hesab edirəm ki, bundan sonra da "Səs" qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla müasir zamanın yeniliklərində öz sözünü deməyə davam edəcək.

Yeri gəlmişkən, daha bir mühüm amili diqqətinizə çatırım ki, "Səs" qəzeti o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. "Səs" qəzeti iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq dövlətə və xalqa heç bir vaxt müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın ənənəsini qoyub. Sonradan "Səs" qəzeti iqtidar yönümlü qəzetlərə bir mayak, məktəb rolunu oynayıb.

- Qəzetin tarixi barədə demişkən, Sizdən öncəki rəhbərlik dönəmində başlatdığınız jurnalistika fəaliyyətinizi necə xatırlayırsınız?

- Bu gün hər hansı bir gənc jurnalist qəzetimizə işə cəlb olunursa, onların hər biri ilk növbədə əqidə məktəbi keçirlər. Mən də həmin dövrü yaşamış, bu şərəfli məktəbin müdavimi olmuşam. "Səs" qəzetinin ilk baş redaktoru hazırda "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov olub.

"Fəxr edirəm ki, mən bu gün həmin missiyanı yerinə yetirirəm" 

Ağabəy müəllim "Səs"ə düz 13 il rəhbərlik edib. O, hər zaman bu barədə danışarkən deyib ki, bu illər onun üçün ən şərəfli illər olub. Çünki həmin illər ərzində qəzetin kollektivi oddan-alovdan, mübarizələrdən, siyasi təlatümlərdən çıxıb. Bizlər bu faktoru dərindən dərk etdiyimiz üçün, heç vaxt öz əqidəmizdən dönməmişik. Jurnalist kimi başladığım fəaliyyət sonradan qəzetdə xüsusi məsuliyyət kəsb edən məsul katiblik vəzifəsi ilə əvəz olundu. Sonradan qəzetin baş redkatorunun müavini oldum. 2005-ci ildən isə "Səs" qəzetinə rəhbərlik etmək missiyası mənim üzərimə düşdü. Fəxr edirəm ki, mən bu gün həmin missiyanı yerinə yetirirəm. 

- Azərbaycan mətbuatının müasir dövründə əldə edilmiş nailiyyətlərin rəhbəri oldunuz nedia orqanına hansı təsirləri olub, ümumiyyətlə, bu gün həmin nailiyyətləri necə sadalaya bilərdiniz?

- Bu gün Azərbaycanda azad mətbuat və internet mövcuddur. İndi istənilən vətəndaşımız qəzet təsis edə bilər. Yəni medianın inkişafı həm də biznes mühitinin yaranmasına münbit şərait yaradıb. Bildiyimiz kimi, nəninki sovet sistemi, müstəqilliyimizin ilik illərində belə, azad şəkildə qəzet çıxarmaq çox mürəkkəb məsələ idi. Xalq hərəkatı dövründə yeni qəzetlər meydana gəlməyə başlamışdı ki, həmin qəzetlərin ömürləri qısa oldu.

""Səs" qəzeti Azərbaycan mətbuatının qocaman nümayəndəsi olaraq öz işinin öhdəsindən layiqincə gəlir"

O dövrdə "Səs" qəzetinin köşklərdə qalması görünməmiş hadisə idi. "Səs" qəzetinin tirajı həmin ərəfələrdə 35 minə qalxmışdı. Ona görə də qəzetin cəmiyyətdə yeri və rolu Azərbaycan dövlət müstəqilliyinin təbliği və təşviqindən, o cümlədən həmin dövrdə gedən ictimai-siyasi hadisələrin dəyərləndirilməsindən, xalqa yol göstərilməsindən ibarət idi. Bu gün də "Səs" qəzeti Azərbaycan mətbuatının qocaman nümayəndəsi olaraq öz işinin öhdəsindən layiqincə gəlir. Bu gün onun balansında fəaliyyət göstərən media qurumları ölkə mətbuatında öz yerlərini tutmuşdur. Qəzetimiz, eləcə də fəaliyyət göstərən sayt və internet televiziyamız bütün dövrlərdə Azərbaycan xalqının tribunasına çevrilib.  

- Fəaliyyət prinsipinizin yenilikləri barədə də fikirlərinizi öyrənmək istərdik…

- Fəaliyyətimizin çoxşaxəli olması, ən yüksək standartlara cavab verməsi üçün ilk növbədə ölkə rəhbərliyinin, Prezident İlham Əliyev cənablarının mətbuata göstərdiyi diqqət və qayğısı barədə qeyd etmək istərdim.

Məsələn, xüsusilə vurğulamaq lazımdır ki, mətbuatımız demokratik dəyərlərə əsaslanır və ölkə rəhbərliyi bu məsələyə xüsusi önəm verir. Bu gün bir çox jurnalistlərə müxtəlif adlar və mükafatlar verilib. Prezident İlham Əliyev, mütərəqqi addımları ilə Ulu Öndər Heydər Əliyev kursuna sadiq olduğunu bir daha ortaya qoymaqdadır. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı Konsepsiyanın təsdiqlənməsi və 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Yəni bu və bu kimi digər amillərin hər biri bizə inkişaf üçün stimul, təkan verir.

"Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev-jurnalistlərin böyük dostu adına layiq olan bir Şəxsiyyətdir"

Bu gün bizim kollektivdə əməkdar jurnalsit adını daşıyanlar, müxtəlif dövlət adları alan şəxslər kifayət qədərdir. O cümlədən, Prezident İlham Əliyev cənablarının jurnalistlərin mənzillərlə təmin edilməsi üçün atdığı mütərəqqi addımdan da yararlanan jurnalsitlərimiz var. Artıq jurnslitlər üçün daha bir binanın inşası tamamlanmaq üzrədir. Bilirsiniz, bunun özü bir çox məqamları açıq-aydın ehtiva edir ki, dövlət hər zaman, dördüncü hakimiyyət rolunu oynayan mediaya dəstək olub. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev-jurnalistlərin böyük dostu adına layiq olan bir Şəxsiyyətdir. O, hər zaman jurnalistika və mətbuatı çox böyük imkanlara sahib olan ciddi bir ictimai institut kimi qiymətləndirib. Nəzərə alsaq ki, son dövrlərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda jurnalistikanın əhəmiyyəti bir qədər də artıb, o zaman Azərbaycan ictimai fikrində, canlı orqanizm olan Milli Mətbuatın necə böyük rol oynadığını görmüş olarıq. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, jurnalistlərin peşəsi çox ağırdır və məsuliyyətlidir. Biz də fəaliyyətimizi yeniliklər üzrə qurur, inkişaf etdiririk. 

"Yeni və davamlı layihələrimiz də olacaq ki, biz onları da həyata keçirmək niyyətindəyik"

"Səs" qəzeti ənənəvi olaraq müxtəlif layihələr həyata keçirir. 2005-ci ildən başlayaraq regionların iqtisadi inkişafı ilə bağlı regionlarda tədbirlər, dəyirmi masalar keçiririk. Redaksiyada ən aktual məsələlərin müzakirəsi ilə bağlı dəyirmi masalar təşkil olunur. Qonaqlarımız dövlət məmurları, ictimai-siyasi xadimlər olur. Qəzetimiz multimedia diskləri hazırlayaraq geniş ictimaiyyətə təqdim edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümü və həyatını əks etditən mühüm məqamlarla bağlı geniş və 3 dildə disklər hazırlayaraq ictimaiyyətə çatdırmışıq. O cümlədən Xocalı faciəsi ilə bağlı 3 dildə multimedia diski hazırlanıb. Bu disklər beynəlxalq müstəvidə də ictimailəşdirilir. Məsələn, Rusiyanın Novosibirs şəhərində 10 min nüsxə ilə paylanıb və bu missiya digər şəhərlərdə də reallaşdırılır. 

"Səs" qəzeti, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yaranandan sonra bu Fondun dəstəyi ilə bir sıra layihələr həyata keçirib, indi də keçirməkdədir. Yeni və davamlı layihələrimiz də olacaq ki, biz onları da həyata keçirmək niyyətindəyik.

- SİA və "SƏS" TV internet televiziyasının timsalında, bu gün Azərbaycanda inkişaf edən media çərçivəsində uğur qazanmaq Sizə çətinliklər yaratmır?

- Bilirsiniz, bayaq da qeyd etdiyim kimi, medianın inkişafı həm də bu sahədə sağlam rəqabətli biznes qurmağa da şərait yaradıb. Buna misal kimi biz bir sıra media qurumlarının, onların törəmələrinin cəmiyyətə təqdim olunduğunu göstərə bilərik. Dediyim kimi, Azərbaycan mətbuatında azad rəqabət mövcuddur. Bu gün yalnız rəqabətə tab gətirən qəzet və agentliklər fəaliyyətini davam etdirə bilir. Bu azad rəqabət mühitində "Səs" qəzetinin, "Səs" İnformasiya Agentliyinin, yaxud "SƏS" TV internet televiziyasının yaşaması uğurlu hadisədir və təqdir olunmalıdır. "Səs" qəzetinin bazasında bir neçə media qurumunun yaranması və "SƏS" Media Qrupuna çevrilməsi də bu qəbildəndir.

"25 illik "Səs" məktəbi bu prizmadan çıxış etməkdə bizə kifayət qədər yardımçı, dəstək olur"

Bu gün 80-dən çox adda gündəlik qəzet işıq üzü görür. Yaxud hər gün yeni agentliklər, saytlar, portallar yaranır. Onların sırasında rəqabətə davam gətirmək əlbəttə ki, çətindir. Ancaq biz rəqabətə, mübarizliyə öyrənmiş biri kimi, azad rəqabət şəraitində müasir tələblərə cavab vermək, inkişaf etməkdə israrlı olduğumuzu səərgiləyirik. Təkcə onu deyim ki, bu gün "Səs" məktəbindən çıxmış çoxsaylı insanlar var ki, onlar indi öz fəaliyyətlərini müxtəlif dövlət strukturlarında, o cümlədən, media sahələrində davam etdirirlər.

Eyni zamanda, sevindirici haldır ki, istədiklərimiz nailiyyətlərə imza atmağı da bacarırıq. Təbii ki, 25 illik "Səs" məktəbi bu prizmadan çıxış etməkdə bizə kifayət qədər yardımçı, dəstək olur. Mən bir daha kollektivimizi və "Səs"sevərləri bu münasibətlə təbrik edir, yeni-yeni davamlı uğurlar arzulayıram.