MÜSAHİBƏLƏR
Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
- Siyavuş müəllim, Azərbaycan dövlətçiliyinin şanlı tarixindən bəhs edərkən lider fenomeninə xüsusi diqqət yetirilir və Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri xatırlanır. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətiçilik tarixində yeri və rolunu necə dəyərləndirmək olar
- Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri Ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, çoxəsrlik adət-ənənələrimizi yaşatması, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olması Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindəndir.
XX əsrdə Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət – Ulu öndər Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi liderdir. Ulu öndər Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.
Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, Onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini Ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.
- Şübhəsiz, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dönəmdə əldə edilən nailiyyətlər Azərbaycan tarixində xüsusi ştrixlərlə təsvir edilir...
- Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir halqası olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması və s. yöndə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etdi. O, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı.
Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1969-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildi. Bütün bunlar Sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu öndərin siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunların 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi qətiyyən şübhə doğurmur. Bütövlükdə, Ulu öndər öz şəxsi nümunəsi ilə təsdiq etdi ki, millətə, xalqa xidmət etmək baxımından dövrün fərqi yoxdur. Bu baxımdan heç şübhəsiz, Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.
- Müstəqillik illərində Ümummilli liderimizin müstəsna xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Bu tarixi hadisəni necə qiymətləndirirsiniz?
- Məmnunluq və qürür hissi ilə qeyd etmək istərdim ki, müstəqillik məfkurəsi və vətənpərvərlik düşüncəsi əsasında bütün fəaliyyətini Azərbaycan xalqının ali mənafeyinə həsr edən Ulu öndər Heydər Əliyevin misilsiz, tarixi xidmətlərindən biri məhz ümumxalq partiyası olan YAP-ın yaradılması idi. Olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan xalqının üstün və qabaqcıl potensialını səfərbər edərək müstəqillik məfkurəsi əsasında fəaliyyət göstərən Ümummilli liderimiz o zamankı hakimiyyətin və müəyyən qüvvələrin maneələri ilə üzləşsə də, bir addım belə geri çəkilmədi. Həmin dönəmdə hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının o dövrdə müxalifət partiyası olmasına baxmayaraq, qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xüsusi vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən cəmi 8 ay sonra siyasi hakimiyyətə gəldi.
Zaman göstərdi ki, Ümummilli liderimizin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası, həqiqətən də, dünənin, bu günün və gələcəyin partiyasıdır və xalqın ali maraqlarını, üstün siyasi iradəsini ləyaqətlə öz fəaliyyətində əks etdirir. Azərbaycanda yaşayan bütün xalqlar bu partiyaya üz tutur və bərabərhüquqlu şəkildə fəaliyyət göstərir. Həmçinin YAP 1993-cü ildən bu yana bütün seçkilərdə qələbə qazanıb və bu ənənə bu gün də davam edir. Partiyamız Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, onun ərazi bütövlüyünün qorunması, sosial-iqtisadi inkişaf, sosial problemlərin həll olunması, islahatların həyata keçirilməsi istiqamətində xeyli uğurlu addımlar atıb və bundan sonra da atacaq. Bu gün partiyamızın Sədri, cənab Prezident İlham Əliyev dövlətimizin, xalqımızın maraqlarını bütün dünyada çox ləyaqətlə təmsil edir. Hesab edirik ki, gələcəkdə də bu proses davam edəcək, Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət göstərərək öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında bundan sonra da tanıdacaq.
- Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünə ayrıca nəzər salmaq gərəkdir...
- Bəli, Ulu öndərimizin xalqımız qarşısındakı ali missiyalı və məramlı fəaliyyətinin Naxçıvan dövrünə xüsusi diqqət yetirilməlidir. Bəlli olduğu kimi, 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək olan mərhələdə Naxçıvan olduqca ağır və mürəkkəb şəraitdə idi. Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Ermənistanın blokadada saxladığı Naxçıvanda sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar və gördüyü qətiyyətli tədbirlər sayəsində Naxçıvan erməni təcavüzünü uğurla dəf etdi, dost və qardaş Türkiyə ilə davamlı və hərtərəfli əlaqələrin qurulmasına nail oldu. Həmçinin, cənub qonşumuz İranla münasibətlər normallaşdırıldı.
Eyni zamanda, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Habelə, “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Bir sözlə, Naxçıvanın xilası və dirçəlişinə nail olundu.
- Müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilən nailiyyətlər müstəqil Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxardı...
- Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə yenidən qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi. 1993-cü ilin 3 oktyabrında prezident seçkilərində yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən Ümummilli lider Heydər Əliyev bu dövr ərzində Azərbaycan xalqının maraqlarını əks etdirən tədbirlər reallaşdırdı, ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi.
Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 mayda atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına stimul verdi. Malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında «Əsrin müqaviləsi» imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək növbəti sazişlərin imzalanmasına zəmin yaratdı. Bütün bu nailliyyətlər öz ifadəsini müəllifi Heydər Əliyev olan, 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında tapdı. Bu ali hüquqi sənəd nəinki ölkəmizin insan hüquqları, liberal iqtisadiyyat, dövlət idarəçiliyi prinsipləri sahəsindəki uğurlarını təsbit etdi və möhkəmləndirdi, həmçinin gələcək inkişaf istiqamətləri üçün mükəmməl normativ baza oldu.
İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar və tərəfdaşlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü dövlətşilik prinsiplərinin əsasında konseptual və dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması kimi milli-strateji platforma dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir.
- Siyavuş müəllim, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bu gün Azərbaycan Ümummilli liderin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Məmnunluq və qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Belə ki, son 12 ildə Ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində dəfələrlə haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, Ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lider var.
Prezident kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. 2003-2008-ci illərdə verilən hər vədin konkret işlərdə öz əksini tapması, inkişafın Azərbaycan modelinin yaranması, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası, iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlət başçısı İlham Əliyev Dövlət Proqramlarının uğurlu icrasında da bu dəstəyin rolunu xüsusi vurğulayır. Güclü sosial siyasətə yol açan iqtisadi tərəqqinin artması üçün bütün imkanlar mövcuddur. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də əldə olunan uğurlara söykənir. Qanlı toqquşmalara səhnə olan mürəkkəb regionda Azərbaycanı sabitlik adası kimi qoruyub saxlamaq, onu BMT Təhlükəsizlik Şurasına sədrliyədək yüksəltmək, ökəmizi kosmik dövlətə və dünya üçün nümunəvi tolerantlıq və multikultiralizm məkanına çevirmək görkəmli dövlət xadimi İlham Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətləridir.
Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın dərk olunur ki, düzgün seçilən yol, möhkəm təmələ əsaslanan siyasət ölkənin davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Xalqımız tam əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Ölkəmizin durmadan artan hərbi qüdrəti bu əlamətdar günün elə də uzaqda olmadığından xəbər verir.
- Bəs Ümummilli liderimizin zəngin siyasi və dövlətçilik irsinin öyrənilməsi, gələcək nəsillərə aşılanması məsələsi ilə bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.
Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.