MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyasının namizədləri bu seçkilərdə də böyük üstünlüklə qələbə qazanacaqlar
- Sahibə xanım, ölkəmizdə parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən sizin deputatlığa namizədliyiniz irəli sürülüb. Bütövlükdə, bu seçkilərdə YAP-ın şansını necə dəyərləndirirsiniz?
- Əlbəttə, seçkilər hər bir ölkənin demokratik inkişafı, ölkənin gələcək inkişaf paradiqmalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Seçkilər, eyni zamanda, bu marafonun tərəfləri olan siyasi partiyalar üçün bir hesabat imkanıdır. Siyasi partiyalar seçkilərdə iştirak etməklə həm öz gücünü, potensialını, imkanlarını müəyyənləşdirir və nümayiş etdirir, həm də gələcək dövrdəki fəaliyyəti üçün "yol xəritəsi"ni təyin edir. YAP yarandığı vaxtdan bu günə qədər keçirilən bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb. Bununla partiyamız iqtidar partiyası kimi xalqa daha yaxşı xidmət imkanı qazanıb və bu imkanlarını reallaşdırıb, eyni zamanda, bu qələbələr partiyamızı daha da gücləndirib. YAP hər bir seçkinin həm real favoriti, həm də cəmiyyətimizin əsas diqqətini və marağını cəlb edən tərəfdir. Bu mənada noyabrın 1-də keçiriləcək parlament seçkiləri də istisna deyil. İstər seçicilərlə görüşlərdə aldığımız təəssürat, istərsə də siyasi proqnozlar bu yöndədir ki, YAP-ın irəli sürdüyü namizədlər bu seçkilərdə də böyük üstünlüklə qələbə qazanacaqlar və bu qələbə partiyamızın inkişaf tarixində növbəti möhtəşəm mərhələni təşkil edəcək.
- Parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsindəyik. YAP ilə yanaşı seçki kampaniyasında bir sıra siyasi partiyalar da mübarizə aparır. Üzvü olduğunuz Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə yeri və rolunu necə şərh edərdiniz?
- Ötən 23 ildə YAP öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb. Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir. YAP 660 mindən artıq üzvü, ətrafında birləşdirdiyi ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Bu güc isə, əlbəttə ki, hər bir seçkinin nəticəsində özünü aydın şəkildə göstərir. Təbii ki, YAP-ın gücünü və böyük ictimai nüfuza malik olmasını şərtləndirən bir sıra amillər vardır. Bunlardan biri partiyamızın qurucusu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP bütün fəaliyyətində Ümummilli liderimizin ideyalarına sadiqdir və bu ideyaların həyata keçirilməsində mühüm rol oynayır. YAP-ın ümumxalq partiyası kimi bu gün çox qüdrətli bir siyasi təşkilat olmasının digər bir səbəbi isə şübhəsiz, ona möhtərəm Prezidentimiz İlham Əliyev kimi güclü bir liderin rəhbərlik etməsi ilə əlaqədardır. Digər bir əhəmiyyətli məsələ isə YAP-ın Azərbaycan dövlətçiliyinin qorunması və inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına, Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə, siyasi sistemimizin təkmilləşməsinə, ölkəmizdə güclü vətəndaş birliyinin təmin olunmasına verdiyi mühüm töfhələrdir. Həmçinin öz ətrafında cəmiyyətimizin aparıcı nümayəndələrini, gəncləri, ictimai-siyasi fəal qadınları, tanınmış xadimləri birləşdirməsi də YAP-ın cəmiyyətdəki nüfuzunu və gücünü təmin edən amillərdəndir.
Təbii ki, qarşıda yeni hədəflər, yeni çağırışlar var. Bu gün partiyamızın məhz "Yeni hədəflərə doğru"şüarı ilə seçkiyə qatılmasının özündə də bu niyyət dayanır. Bu hədəflər nədən ibarətdir? Əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır. "Azərbaycan - 2020: Gələcəyə baxış"İnkişaf Konsepsiyasında da ölkəmizin qarşıdakı illərdə hədəfləri çox aydın şəkildə əksini tapıb. Azərbaycan elm və texnologiyanın inkişaf etdiyi, cəmiyyətin intellektual potensialının kifayət qədər yüksək olduğu, qeyri-neft sektorunun, xüsusilə, sahibkarlıq və özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrildiyi, siyasi cəhətdən sabit, qüdrətli, güclü bir ölkə kimi dünyadakı yerini daha da möhkəmləndirməlidir. Bu hədəflərə doğru irəliləməkdə isə, təbii ki, hər birimizin üzərinə müxtəlif vəzifələr düşür.
- Sahibə xanım, YAP növbəti dəfə sizə etimad göstərərək, namizədliyinizi irəli sürüb. Ötən dövr ərzindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?
- Mən hər şeydən əvvəl mənə etimad göstərilməsinə və namizədliyimin yenidən irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevə və partiyamızın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bunu bir millət vəkili kimi ötən 5 ildəki fəaliyyətimə partiyamızın yüksək qiyməti və mənə verilən avans kimi dəyərləndirirəm. Əgər seçicilərin etimadını qazanıb yenidən Milli Məclis üzvlüyünə seçiləcəyəmsə, qarşıdakı 5 ildə də bu yüksək etimadı doğrultmaq üçün yenə var gücümlə çalışacağam.
Əlbəttə, hər bir millət vəkili 5 illik fəaliyyəti dövründə onu seçən, ona səs verən seçicilərlə ünsiyyətini, münasibətlərini yüksək qurmağa çalışır. Bizim birinci vəzifəmiz qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır. Milli Məclisdə bununla bağlı müxtəlif təşəbbüslər irəli sürülür, təklif olunan qanunlara düzəlişlər, əlavələrlə bağlı müəyyən təkliflərlə çıxış edirik. Bununla belə, seçicilərimizin bizə müraciətləri, onları narahat edən məsələlərin həllinə yardımçı olmaq, bu qayğıların aradan qaldırılması üçün təşəbbüslər göstərmək 5 illik fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Mən də ötən 5 ildə xeyli sayda görüşlər keçirmiş, ya fərdi qaydada, ya qəbul günlərində seçicilərimlə görüşmüşəm. Bu görüşlərdə qaldırılan məsələlər isə müxtəlif olub. Vaxt dayanmır, zaman dəyişir, insanlar dəyişir, onların qayğıları da dəyişir. Bilirsiniz ki, Azərbaycanda dövlət başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində paytaxt Bakı ilə yanaşı, bütün regionlar da əsaslı şəkildə inkişaf edib. Bu gün regionlarda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, rayonların potensialının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. O cümlədən Şəmkir rayonunda da son illərdə çox böyük işlər görülüb – yeni müəssisələr, iş yerləri yaradılıb, rayonun infrastrukturu tamamilə yenilənib, səhiyyə və tibb məntəqələri istifadəyə verilib, hətta kəndarası yollar da təmir olunub, işıq, su, qaz problemi demək olar ki, tam həll olunub. Ona görə də əgər 5 il əvvəl seçicilər bəzən bu məsələlərin həlli ilə bağlı müraciət edirdisə, bu gün artıq onların müraciətlərinin mövzusu dəyişib. Bu gün daha çox fərdi məsələlərin həlli ilə bağlı müraciətlər olunur. Mən də çalışmışam ki, seçicilərimizə yardımçı olum, onların qaldırdıqları problemləri Milli Məclisdə, xüsusən, büdcə müzakirələri zamanı ifadə edim, bununla bağlı təkliflərimi irəli sürmüşəm, eyni zamanda, müvafiq dövlət orqanlarına bu məsələlərin həlli ilə bağlı müraciətlər etmişəm. Ümumən, hesab edirəm ki, secilərimlə müsbət dialoq qura bilmişəm.
Sualınızın cavabına gəldikdə isə hesab edirəm ki, mənim öz fəaliyyətimə hər hansı bir formada qiymət verməyim düzgün olmazdı. Bu qiyməti mənsub olduğum partiyanın rəhbərliyi və seçicilər verir. Əgər partiyamız yenidən mənə etimad göstəribsə yəqin ki, millət vəkili kimi, eyni zamanda, YAP-ın üzvü kimi ötən 5 ildəki fəaliyyətimlə partiyamızın etimadını doğrulda bilmişəm. Seçicilərin mənim fəaliyyətimə münasibətinin necə olacağını isə noyabrın 1-də səsvermə qutuları açıldıqdan sonra biləcəyik.
- Qanun yaradıcılığı prosesində beynəlxalq əməkdaşlıq məsələsi də vacibdir. Bu istiqamətdə hansı işlər görmüsünüz?
- Bəli, qeyd etdiyiniz kimi, beynəlxalq əməkdaşlıq, Azərbaycan Respublikasının Milli Məclisini beynəlxalq masştabda təmsil etmək millət vəkillərinin fəaliyyət istiqamətlərindən biridir. Mənim də ötən 5 ildəki fəaliyyətimdə demək olar ki, əsas ağırlıq mərkəzi məhz bu istiqamətdə olub. Mən Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa, Azərbaycan - Çexiya, Azərbaycan – Sloveniya və digər parlamentlərarası əlaqələr üzrə işçi qruplarında təmsil olunmuş, müxtəlif səfərlərdə, konfranslarda iştirak etmişəm. Amma mənim bu istiqamətdə əsas fəaliyyətim Avropa Şurası Parlament Assambleyasında və qurumun müxtəlif orqanlarında təmsilçiliyimlə bağlı olub. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsil olunduğum ötən 5 ildə Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin üzü və həmin komitənin iki ayrı – ayrı alt komitələrinə - Gender bərabərliyi və Rasizm və Ksenofobiyaya qarşı alt komitələrinə sədrlik etmişəm.
Cari il aprel ayının 21-də isə Qadınlara Qarşı Zorakılıqla Mübarizə üzrəAŞPA-da Baş Məruzəçi vəzifəsinə seçilmişəm. Bunun əhəmiyyəti həm də ondan ibarətdir ki, bu vəzifəyə AŞPA üzvləri kvota ilə deyil, 47 ölkənin təmsilçiləri arasından seçki yolu ilə seçilir.
Hazırda həm də AŞPA-nın "Zorakılıqdan Azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edirəm. Təbii ki, bu alt komitələrə rəhbərlik etdiyim dövrlərdə müxtəlif tədbirlərdə, qurumun sessiyasında və ayrılıqda iclaslarında məhz mandatım üzrə aparılan müzakirələrdə çıxışlar etmiş, Avropada gender məsələləri, rasizm və ksenofobiyaya qarşı mübarizənin əhəmiyyəti, dünyada artan irqçilik halları və onun yaratdığı təhlükələr barədə danışmışam. Təbii ki, bu müzakirə və çıxışlarda Ermənistan dövlətinin işğal siyasəti və Dağlıq Qarabağ münaqişəsi ana xətti təşkil edib.
Həmçinin, gender məsələləri ilə bağlı ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Norveç, Avstriya kimi ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfranslarda iştirak etmiş, həmin tədbirlərdə Azərbaycanda kişi və qadınlar üçün bərabər imkanların yaradılması istiqamətində həyata keçirilən tədbirlər və onların uğurlu nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışam. Ümumən, hesab edirəm ki, bir millət vəkili, hər şeydən əvvəl isə bir vətəndaş kimi dövlətimizin mənim qarşımda qoyduğu vəzifələri yerinə yetirmək üçün əlimdən gələni etmişəm.
- Sahibə xanım, siz AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Necə hesab edirsiniz, beynəlxalq təşkilatlarda ölkəmizi lazımi səviyyədə təmsil edə bilmisinizmi?
- Əvvəla, onu qeyd edim ki, Azərbaycanın Avropa Şurası ilə əlaqələri kifayət qədər müsbət platforma üzərində qurulub və hazırda bu əlaqələr eyni məcrada davam edir. Avropa Şurası ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin.
Eyni zamanda, qurumun Parlament Assambleyasında da Azərbaycan çox uğurlu şəkildə təmsil olunur. Tam səmimi olaraq deyə bilərəm ki, qurumdakı nümayəndə heyətləri sırasında bizim nümayəndə heyətimiz ən fəallardandır. Bunu həm orada aparılan müzakirələrdə, həm fərdi olaraq parlamentarilərimizin fəaliyyətində müşahidə etmək olar.
Sirr deyil ki, bu gün Azərbaycanın qarşısında duran bir nömrəli problem Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də AŞ PA-dakı nümayəndə heyətimiz üçün əsas məqsədlərdən biri, bəlkə də birincisi bu problemin beynəlxalq hüquqda təsbit olunmuş norma və prinsiplərlə həllinə yardımçı olmaq, bu münaqişənin səbəbləri barədə əsl həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaqdır. Çünki bu münaqişə hazırda yeganə AŞPA-nın üzvü olan bir ölkənin digər üzv ölkənin ərazisini işğal etməsi faktıdır. Ona görə də bu problemi gündəmdə saxlamaq, münaqişənin həllinə AŞPA-nın və beynəlxalq ictimaiyyətin verə biləcəyi töfhələri müzakirə etmək təkcə bir azərbaycanlı millət vəkili kimi deyil, həm də AŞPA-nın alt komitəsinin sədri kimi mənim borcumdur. Təbii ki, bu 5 il ərzində keçirilən sessiyalarda olan sərbəst debatlarda, gündəlikdə duran məsələlərin müzakirəsində ən müxtəlif mövzularda çıxışlarım olub. Bu çıxışlarda Azərbaycanın inkişaf reallıqları, ölkəmizdə həyata keçirilən siyasətin uğurları, siyasi, iqtisadi, humanitar, idman, mədəni hadisələrlə bağlı müxtəlif məsələlər diqqətə çatdırılıb.