YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Parlament seçkilərində qələbə Yeni Azərbaycan Partiyasının olacaq

Müsahibimiz Milli Məclisin deputatlığına namizəd, Milli Məclisin deputatı İmamverdi İsmayılov

- İmamverdi müəllim, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Yeni Azərbaycan Partiyası tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən sizin deputatlığa namizədliyiniz irəli sürülüb. Bütövlükdə, bu seçkilərdə partiyamızın şansını necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində qələbə Yeni Azərbaycan Partiyasının olacaq. Bunu demək üçün kifayət qədər əsaslarım var. Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. 
Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. 
Onu da qeyd edim ki,  YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

- Sizcə, bu seçkilərdə partiyamızın qələbəsini şərtləndirən amillər nədən ibarətdir?

- Bilirsiniz ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. 
Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. Yəni, ölkə Prezidenti, partiyamızın Sədri  İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, düşünürəm ki, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə  etimad göstərəcəyi şübhəsizdir.
Onu da vurğulamaq istəyirəm ki, ölkəmizdə bütün seçkilər azad və şəffaf keçirilib. Amma müəyyən xarici qüvvələr ölkəmizin imicinə zərbə vurmaq üçün mühüm hadisələr ərəfəsində «fəallaşırlar». Bu «fəallığı» iyun ayında keçirilən birinci Avropa Oyunları zamanı da müşahidə etdik. Amma öz məqsədlərinə nail ola bilmədilər. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkiləri də azad, şəffaf və ədalətli keçiriləcək. Bununla da, Azərbaycan bütün dünyaya demokratik dövlət olduğunu bir daha nümayiş etdirəcək.

- Azərbaycan da qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən bir ölkədir. Siz işğal olunmuş iki rayonun - Qubadlı və Zəngilanın seçicilərini parlamentdə təmsil edirsiniz. Bu mənada dövlətimizin qaçqın və məcburi köçkünlərimizlə bağlı siyasətini, görülən işləri necə dəyərləndirirsiniz? Eyni zamanda, Milli Məclis bu istiqamətdə hansı sənədlər qəbul edib?

- Sualına ilk olaraq parlamentin bu yöndəki fəaliyyəti haqqında fikirlərimi bildirmək istəyirəm. Qanunverici orqan olaraq Milli Məclis qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində mühüm qanun və qərarlar qəbul edib. Bu insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımlar atılıb.   Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. 
Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur. Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünya miqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdi. Beynəlxalq humanitar təşkilatlar bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər.
İndi isə Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Yəni, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı. 
Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sistemli, davamlı işlər görülür. Bildiyiniz kimi, bir neçə ildir ki, çadır şəhərcikləri ləğv edilib və orada məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb. Eyni zamanda, hörmətli Prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam bu mənada xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, qeyd edim ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən xeyli sayda fərman və sərəncam imzalanıb. Bütün bu Fərman və sərəncamlar əməli-praktik işlərin görülməsi üçün əsasdır. Bu sənədlər qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi, o cümlədən məcburi köçkünlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır.

- İmamverdi müəllim, necə hesab edirsiniz, siz ötən beş ildə  seçiciləriniz olan qaçqın və məcburi köçkünlərin  etimadını doğrulda bilmisinizmi? Çünki növbəti dəfə millət vəkili seçilməyinizdə bu amil əsas rol oynayacaq... 

- Əlbəttə ki, mən fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Ötən beş il ərzində mütəmadi olaraq seçicilərimin arasında olmuşam, onların yaxşı günlərində, çətin günlərində bir yerdə olmuşm. Eyni zamanda, seçicilərimin problemləri ilə bağlı parlamentdə çıxışlar etmişəm, həmçinin, müvafiq qurumlara bu barədə müraciətlər etmişəm.

Bilirsiniz, qaçqın və məcburi köçkünlərin məsələsi çox ağır bir problemdir. Bu insanlar öz doğma yurdlarında didərgin düşüblər. Ona görə də, onların problemi ilə dövlətimiz məşğul olur. Qaçqın və məcburi köçkünlərimiz də görülən işləri yüksək dəyərləndirirlər. Ölkə başçısı məcburi köçkünlərin qayğıları ilə yaxından məşğul olur və bu məsələ Onun birbaşa nəzarətindədir. Biz hamımız şahidiyik ki, Prezident İlham Əliyev öz ad günlərini də qaçqın və məcburi köçkünlərin arasında keçirir. Təbii ki, bu fakt dövlətimizin başçısının bu insanlara yüksək münasibətinin ifadəsidir.
Eyni zamanda, müvafiq dövlət orqanları da qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə əlaqədar ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını lazımi səviyyədə yerinə yetirirlər. Mən xüsusilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini qeyd etmək istəyirəm. Dövlət Komitəsi və onun sədri, Baş nazirin müavini, YAP Sədrinin müavini  Əli Həsənov hər bir qaçqın və məcburi köçkünün məsələlərinə həssaslıqla yanaşır. Bu insanların problemləri ilə bağlı mən də Dövlət Komitəsinə müraciətlər edirəm. Müraciətlərim heç vaxt cavabsız qalmır.

Bir sözlə, mən Milli Məclisin üzvü kimi fəaliyyətim dövründə seçicilərimin etimadını layiqincə doğrultmağa çalışmışam. Hazırda seçicilərimlə görüşlər keçirirəm. Əgər yenidən etimad göstərərlərsə, parlamentdə onların layiqli təmsilçisi olacağam. Buna əmin ola bilərlər.