MÜSAHİBƏLƏR
Asiya ölkələrinin aparıcı siyasi partiyalarının qadın təmsilçilərinin Bakıda toplanması qlobal miqyasda mesajların verilməsinə əsaslar yaratdı
- Məlahət xanım, bugünlərdə Bakıda YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası keçirilib. Bu, tədbirin əhəmiyyəti nədən ibarətdir?
- YAP geniş beynəlxalq əlaqələrə malikdir və bir çox dövlətlərin nüfuzlu partiyaları ilə sıx münasibətləri mövcuddur. Eyni zamanda, YAP siyasi partiyaların birləşdiyi beynəlxalq təşkilatların həm üzvüdür, həm də bu qurumlarla fəal əməkdaşlıq edir. Bu mənada Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində fəaliyyəti xüsusilə vurğulamaq istəyirəm. Bu təşkilatda təxminən 70 ölkənin 300-dən çox siyasi partiyası təmsil olunur. Təşkilata Daimi Komitə rəhbərlik edir və bu komitəyə 20-ə qədər siyasi partiya üzvdür. YAP da Daimi Komitənin üzvüdür ki, bu qurumun rəhbər orqanında təmsil olunur.
İCAPP –ın Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox önəmlidir. Bu cür konfranslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir. Qeyd etdiyim kimi, YAP İCAPP-ın aparıcı üzvlərindən biridir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. İnanırıq ki, Bakı toplantısında aparılan müzakirələr, qəbul olunan qərarlar təşkilatın işinə böyük töhfələr verəcək. Keçirilən bu tədbir də qadınlar hərəkatında yeni səhifə açacaq. Asiya qadınlarının böyük potensialı olsa da, onların dövlət qurumlarında təmsil olunması kifayət qədər deyildir və buna böyük zərurət vardır. Biz istərdik ki, bu istiqamətdə qazandığımız təcrübəni bir-birimizlə paylaşaq. Əminəm ki, İCAPP-ın Qadınlar Qolu özünün xoş məramı ilə Asiyanın bütün siyasi qadınlarını qanadı altına alacaq. Bu tədbirimiz qadınlar hərəkatında yeni tarix olmaqla yanaşı, dünyada dostluq və əməkdaşlıq, sülh və bərabərlik, təhlükəsizlik və davamlı inkişaf üçün əsas rol oynayacaq.
Bilirsiniz ki, Asiya regionu həm insan, həm də təbii rusurslar baxımından dünyanın ən zəngin regionudur. Doğrudur, son illər bu bölgənin dövlətləri və xalqları inkişaflarını sürətləndiriblər, amma yenə də müəyyən problemlər qalmaqdadır. Təəssüf ki, bəzi dövlətlərə kənar təsirlər də güclüdür. Bu problemlərin həlli üçün bir araya gələrək müzakirələr aparmaq, çıxış yolları tapmaq baxımından belə toplantılar əhəmiyyətlidir. Onu da qeyd edim ki, bizi Asiya xalqları ilə oxşar dəyərlər birləşdirir. Bu amil də əməkdaşlığımızın gücləndirilməsi üçün vacibdir.
- İCAPP-ın Qadınlar Qolunun toplantısında hansı məsələlər müzakirə olunub? Bu müzakirələr hansı müsbət nəticələr verə bilər?
- İCAPP Qadınlar Qolunun III iclasında aparılan müzakirələr böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, iclasda «Qadınlar arasında yoxsulluğun aradan qaldırılması», «Qadınların sağlamlığı və təhsili» və «Qadınların siyasi iştirakçılığı üzrə plenar sessiyalar keçirilib. Bu mövzular bu gün bütün dünya üçün aktualdır. Ona görə də, Asiya qadınları bu məsələləri diqqət mərkəzində saxladılar. Çıxışlar zamanı belə bir format çərçivəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ayrı-ayrı ölkələrin nümayəndələri müxtəlif məsələlər, eləcə də, qadınların üzləşdiyi problemlərinin həlli ilə əlaqədr təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. İclasın sonunda isə “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi” qəbul olunub.
Ümumiyyətlə, Asiya ölkələrinin aparıcı siyasi partiyalarının qadın təmsilçilərinin Azərbaycanda toplanması regional və qlobal miqyasda mesajların verilməsinə əsaslar yaratdı. İlk olaraq, deyim ki, ümumiyyətlə, İCAPP-ın mühüm iclaslarının Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi həm ölkəmizin siyasi-iqtisadi qüdrətini nümayiş etdirir, həm də ölkəmizin iqtidar partiyasının dünya miqyasında nüfuzundan xəbər verir. Asiyanın 20-dək aparıcı ölkəsinin qadın nümayəndələrinin Bakıya gəlmələri, Azərbaycanın sürətli inkişafını əyani şəkildə görmələri və bunu dilə gətirərək səmimi etiraflar etmələri də təbii ki, ölkəmizin uğuru sayılır. Bu cür tədbirlərin keçirilməsilə bir daha isbatlanır ki, Azərbaycanda siyasi-iqtisadi inkişafla yanaşı, demokratik proseslər yüksək səviyyədə həyata keçirilir, insan hüquq və azadlıqları təmin edilir, qadınlar sosial-ictimai sektorda olduğu kimi siyasi və idarəetmə sahəsində də irəli çəkilir, onlara yüksək etimad göstərilir”.
Bu iclasla regionlarda baş verən müharibələrin ağır nəticələrinə, qadınlar və uşaqlarla bağlı problemlərə və onların həll yollarına da diqqət çəkilib. Hesab edirəm ki, Azərbaycan bu cür beynəlxalq tədbirlər keçirməklə ümumdünya qadınlarının dialoq platformasını formalaşdırır. Həmin tədbirdə, Afrika Siyasi Partiyalarının Təşkilatı (CAPP) və Latın Amerakası Siyasi Partiyaları Təşkilatının (COPPPAL) nümayəndələrinin də iştirak etməsi həm iclasın, həm də müzakirə olunan məsələlərin aktuallığını təsdiqləyir.
- Məlahət xanım, sizcə, Azərbaycan qadınlarının cəmiyyətdəki yeri və rolu hansı səviyyədədir?
- Bilirsiniz ki, XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdı. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bütün bu çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. Ölkəmizin sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də, ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır.
Bu isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların əldə etdikləri ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrində əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm də qərarqəbuletmə sahəsində təmsil olunurlar. Azərbaycan Respublikası 85 rayon üzrə İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35%-ə qalxıb. Milli Məclisdə qadınlar ümumi deputatların 16 %-ni təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınlarımızın sayı ildən-ilə yüksəlir. Məlumat üçün bildirim ki, hazırda sahibkar qadınların xüsusi çəkisi 19,4%-dir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bütün bu göstəricilər qadınlarımızın fəallığının artmasının bariz nümunəsidir.
Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Əgər 1990-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-lərin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artdı. Hazırda, ölkədə təkcə 200 qadın təşkilatı var. Eyni zamanda, qadınların siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya rəhbər orqanlarının üzvü kimi fəaliyyət göstərirlər.
- Ümumiyyətlə, partiyamızın İCAPP çərçivəsində fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat rəhbərliyi səviyyəsindəYAP fəaliyyəti necə qiymətləndirilir?
- Qeyd edim ki, YAP bu kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr iləri sürürlər. Bu təşkilat çərçivəsində fəaliyyətin gücləndirilməsi də xüsusilə, YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun böyük əməyi var.
Bilirsiniz ki, ölkəmiz Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mötəbər qurumun tədbirlərinə ev sahibliyi edib. Bildiyiniz kimi, 22-23 noyabr 2012-ci il tarixlərində Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilib. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Sözügedən beynəlxalq tədbirə Azərbaycandan 12 siyasi partiya qatılıb.Bu tədbirin yüksək səviyyədə baş tutması Azərbaycan siyasi partiyalarının tarixində əlamətdar bir haldır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanda yetkin siyasi partiya sisteminin formalaşdığını və bu sistemin xarici aləmə, beynəlxalq siyasi əməkdaşlığa açıq olduğunu təsdiq etdi. Bu, o deməkdir ki, Azərbaycanda müstəqilliyin ilk illərində mövcud olan siyasi xaos sabitliklə əvəz olunub, siyasi sistemin təkmilləşməsi və demokratikləşməsi nəticəsində respublikada siyasi rəqabətlilik mühiti formalaşıb. Bu, həm də Azərbaycanda demokratiyanın bərqərar olmasının bir göstəricisidir. Çünki məhz demokratiyanın mühüm indikatorlarından olan fikir plüralizmi və çoxpartiyalılıq mühitində müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda rəqabət aparmaqla yanaşı, beynəlxalq əməkdaşlıq mühitinə daxil olmaq imkanına da malik olurlar. Azərbaycanda siyasi mədəniyyətin yüksəlməsi fonunda gedən bu dəyişikliklər Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası başda olmaqla ölkəmizin bir çox siyasi partiyalarının fəal iştirakı ilə özünü göstərdi.
Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. İclasda 25 ölkənin siyasi partiyalarını təmsil edən 60-dan çox qadın siyasətçi, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Bununla yanaşı, 2013-cü ilin avqust ayında Bakı şəhərində İCAPP Gənclər Qolunun ikinci toplantısı keçirilib. Toplantıda 18 ölkənin 25 siyasi partiyasını təmsil edən gənclər iştirak edib. İclasda İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən, İCAPP-ın həmtəsisçisi Xose de Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq və digər qonaqlar iştirak ediblər. Təbii ki, bu və digər faktlar YAP-ın İCAPP çərçivəsində aktiv fəaliyyətinin nəticəsidir. Ümumilikdə isə, təşkilatın rəhbərliyi və quruma üzv olan partiyalar YAP-ın fəaliyyətini çox yüksək dəyərləndirirlər. Məsələn, İCAPP-ın Qadınlar Qolunun III toplantısında iştirak edən təşkilatın baş katibi, Daimi Komitənin sədri Çunq Ey-Yonq bildirdi ki, Bakı şəhəri artıq İCAPP-ın mərkəzinə çevrilir. Bu, ölkəmizə və partiyamıza verilən böyük qiymətdir.
- Məlahət xanım, YAP-n beynəlxalq əlaqələrinin perspektivləri haqda nə deyə bilərsiniz? Xarici ölkələrin siyasi partiyaları əməkdaşlıq münasibətləri hansı səviyyədədir?
- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP-ın beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Xatırladım ki, 2007 və 2008-ci illərdə YAP-ın təşkilatçılığı ilə Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda konfransların keçirilmişdi. Həmin tədbirlərdə dünyanın ABŞ, Çin, Rusiya Federasiyası, Türkiyə, Yaponiya, Hindistan, Fransa, Koreya, Ukrayna, İran və s. kimi 60 ölkəsinin hakim partiyalarının və parlament nümayəndələrinin iştirak etmişdilər.
Bununla yanaşı, YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirir. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Yuxarıda qeyd etdiyim kimi YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində də aktiv fəaliyyət göstərir. Eyni zamanda, Latın Amerikası Siyası Partiyalatının Təşkilatı (COPPAL) ilə də əməkdaşlığımız mövcuddur. Bir sözlə, Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. Partiyamız bundan sonra da ikitərəfli və beynəlxalq təşkitlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Xüsusilə vurğulamaq istəyirəm ki, nüfuzlu beyənlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də Azərbaycanın dünyada artan nüfuzunun göstəricidir. İnanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracaq.