MÜSAHİBƏLƏR
İlk Avropa Oyunları Azərbaycanın güclü potensialını nümayiş etdirdi
- Ülvi müəllim, Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Xüsusilə, Oyunların açılış və bağlanış mərasimi böyük əks-sədaya səbəb oldu. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- Bilirsiniz ki, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq müstəvidə də etiraf olunur və yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bir çox mötəbər təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Həmin tədbirlər siyasi, iqtisadi, humanitar və digər sferaları əhatə edir. Azərbaycanda keçirilən birinci Avropa Oyunları isə mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Dünyanın bir sıra ölkələrinin rəhbərlərinin iştirak etdikləri mərasim unudulmaz anlarla yadda qalıb. İlk növbədə, bu fakt Azərbaycanın ilk Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşdığını təsdiqlədi. Əlbəttə ki, ilk Avropa Oyunlarının açılışı bu mərasimi izləyən insanlara unudulmaz anlar yaşatdı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkirdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.
Beləliklə, birinci Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi, öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Avropa Oyunları dünya idman tarixində mühüm hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Bununla yanaşı, mərasimin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi.
Açılış mərasimi, həmçinin, Azərbaycanın tarixi keçmişini, milli-mənəvi dəyərlərini də özündə geniş şəkildə əks etdirdi. Bu da tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Çünki Azərbaycan Qərblə Şərqin qovuşuğunda yerləşməklə çox zəngin tarixə, mədəniyyətə və ənənələrə sahibdir. Qeyd edim ki, iyunun 28-də keçirilən birinci Avropa Oyunlarının bağlanış mərasimi də eyni möhtəşəmliyi ilə bizə unudulmaz anlar yaşatdı.
Göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazandı. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimi də Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində inkişafın Azərbaycan modeli formalaşdırılıb. Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
- Birinci Avropa Oyunları şəxsən sizdə hansı təəssüratlar yaratdı?
- Mən birinci növbədə Azərbaycan Prezidenti İlham Əliyevi, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanı, xalqımızı və idman ictimaiyyətimizi bu gözəl idman bayramı, eləcə də qazanılan qələbə münasibətilə təbrik edirəm. İlk Avropa Oyunları məndə bir neçə istiqamətdə xoş təəssüratları ilə yadda qaldı. Birincisi, rəhbərlik etdiyim federasiyanın idmançılarının əldə etdiyi nailiyyətlər baxımından bu mötəbər idman bayramı olduqca yaddaqalan oldu. Digər tərəfdən, bir vətəndaş olaraq bir daha öz dövlətimin inkişafı, ölkəmizdə aparılan sosial-iqtisadi yüksəlişlə fəxr etdim. Bununla yanaşı, Azərbaycan dövləti növbəti dəfə çətin, gərgin geopolitk bir dövrdə özünün qəti qələbəsini qazandı. Söhbət təkcə idman arenalarında qazanılan qələbədən getmir. Nəzərə alsaq ki, hələ Avropa Oyunlarına start verilməmişdən öncə Azərbaycana qarşı bir neçə istiqamətdən olduqca böyük təzyiqlər mövcud idi, bu günün rakursundan həmin təzyiqlər üzərində qazanılan qəti qələbə bir daha təsdiq etdi ki, milli maraqlara söykənən dövlət siyasəti və xalq-hakimiyyət birliyi bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir.
Bu Avropa Oyunları öz miqyasına görə də digər yarışlardan fərqlənirdi. Ənənəvi olimpiya idman növləri ilə yanaşı bir sıra yeni, müasir və olimpiya növü olmayan idman növlərində keçirilən yarışlar bu idman bayramına bir rəngarənglik qatdı. Yarışların əksəriyyətini canlı izlədiyim üçün deyə bilərəm ki, Azərbaycan tamaşaçısı üçün Avropa Oyunları həddindən artıq böyük maraq kəsb edirdi. Bunu yarışlara göstərilən maraq, idmançılarımıza qarşı xüsusi diqqət və azarkeşlik də təsdiqləyir. Müasir, geniş, yeni idman arenalarında keçirilən yarışlara qatılan insanlar gərgin və maraqlı idman mübarizəsini sonadək dəstəklədi. Mən deyərdim ki, komandamızın uğurlu çıxışında bu dəstəyin çox böyük rolu vardı. Azərbaycan xalqı bir daha öz qonaqpərvərliyini sübut etmiş oldu.
- Yarışlara qədər olan qısa müddətdə ölkəmizdə böyük işlər görüldü. Yeni infrastruktur yaradıldı, müasir idman arenaları istifadəyə verildi. Bu fakt həm də Azərbaycan dövlətinin yürütdüyü uğurlu iqtisadi siyasətin təsdiqi sayıla bilərmi?
- Təbii ki, bu belədir. Diqqət etsək görərik ki, bu idman yarışına hazırlışmaq üçün ölkəmiz əlində olan müddətdən maksimum fayda ilə istifadə etdi. Ölkə Prezidenti, möhtərəm İlham Əliyevin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti sayəsində Azərbaycan bu sınaqdan üzüağ çıxdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu işdə bütün cəmiyyət, xalqımız fəallıq göstərdi. Təkcə məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın insanın iştirakı Azərbaycan vətəndaşlarının Avropa Oyunlarına dəstəyinin parlaq ifadəsi sayılır.
Yeni yaradılan idman infrastrukturu isə bundan sonra da ölkəmizdə idman hərəkatının vüsət almasına xidmətini göstərəcək. Avropa Oyunlarının standartlarını yaradan Azərbaycan dövləti bundan sonra da genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək iddiasını ortaya qoydu. bu çox mühüm amildir. Bu gün dünyada gedən gərgin iqtisadi proseslərin fonunda öz inkişaf dinamikasını davam etdirən, sosial layihələr həyata keçirən, vətəndaşların rifahının yüksəlməsi yönümündə mühüm addımları ilə seçilən Azərbaycan dövləti bu cür gözəl, təntənəli idman yarışı keçirməklə bir sıra mühüm faktları ortaya qoymuş oldu. Birincisi, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulanvə bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən iqtisadi siyasətimizin düzgün istiqamətləndirilməsi ölkəmizi bu cür nailiyyətlərə qovuşdurub. Azərbaycanda azad bazar iqtisadiyyatının formalaşdırılması, milli maraqlara söykənən siyasətin yürüdülməsi və ən əsası dövlət gəlirlərindən düzgün və səmərəli istifadə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin bazasını formalaşdıran elementlərdir. İlk Avropa Oyunları miqyasında yarışlar həm də ölkəmizin turizm potensialının tanıdılmasında, ölkəmizin təhlükəsiz bir dövlət olmasının təbliğində böyük rola malikdir. Bu baxımdan, Avropa Oyunları ümumilikdə Azərbaycanın potensialının dünyaya tanıdılmasına xidmət göstərdi.
- Birinci Avropa Oyunları, həm də gərgin idman mübarizələri ilə yadda qaldı. İdmançılarımızın uğurlu çıxışı ölkəmizdə idman hərəkatına olan diqqət və qayğıdan xəbər vermirmi?
- Bu fakt hər zaman akuallığını qoruyub saxlayır. Azərbaycan hər zaman idman ənənəsi olan ölkələrdəndir. Amma 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafını və bu sahəyə dövlət qayğısını daha da gücləndirdi. Prezident İlham Əliyev qeyd edib ki, "Bizim borcumuzdur ki, idmana və idmançılarımıza qayğı göstərək, onların da borcudur ki, bu etimadı doğrultsunlar". Həqiqətən də, ən böyük uğurlara məhz həmin dövrdən sonra imza atıldı. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra da idman ictimaiyyəti ilə bütün görüşlərində idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi - texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edəcəyini söz verdi. Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya komplekslərinin inşa olunması və gənclərin, idman ictimaiyyətinin ixtiyarına verilməsi bu məqsədə xidmət edir. İlk Avropa Oyunlarında bir sıra idman növlərində qazanılan uğurlar, medallar bu gərgin işin, illərdir ki, aparılan fəaliyyətin nəticəsidir. Bu yarışda 56 medal qazandıq ki, bunun da 21-i qızıl əyarlı idi. Bu çox böyük bir qələbədir. Nəzərə alsaq ki, Almaniya, Böyük Britaniya, Fransa və bir çox dövlətləri geridə qoyaraq Azərbaycan Avropa Oyunlarının komanda hesabında ikinci yerini tutubsa, bunu yalnız alqışlamaq olar. Prezident İlham Əliyevin idmana, idmanın inkişafına göstərdiyi diqqət və qayğı bu yarışın nəticəsində öz məntiqi əksini tapdı. Bir daha vurğulamaq istərdim ki, bəzi idman növləri ölkəmiz üçün yeni sayılır və hətta bu idman növlərində belə Azərbaycan medal qazanmağı bacardı. Bu, böyük uğurdur.
- Ülvi müəllim, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti olaraq karateçilərmizin çıxışından razı qaldınızmı?
- Karateçilərimizin çıxışı olduqca qənaətbəxşdir. 4-ü qızıl, 2-si burunc olmaqla 6 medal karate növü, 3 qızıl, bir gümüş, bir bürünc medal isə taekvonda növü üzrə qazanılıb ki, bu da qitə miqyaslı yarışlarda ən yaxşı göstəricilərdən sayılır. Əslində bu nəticə gözlənilən idi. O mənada ki, biz idmançılarımızla söhbətlərimizdə də bildirirdik ki, bu yarışda yer tutmaq, bayrağımızı ucaltmaq, ən əsası isə himnimizi səsləndirmək bizim ən ümdə vəzifəmiz olmalıdır. İdmançılarımızın hər biri öz yüksək səviyyəli çıxışları ilə yadda qaldı. Prezident İlham Əliyevin səyi və qayğısı nəticəsində bu gün karate idman növü ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizdə bu idmanın populyarlaşması, gənclərdə bu sahəyə diqqətin artması hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
Məhz Prezidentimizin şəxsi qayğısı sayəsində Azərbaycanda gənclərin sağlam ruhda tərbiyəsi, onların fiziki formalaşdırılması və ən əsası idmana olan marağının artması təmin olunub. Belə böyük yarışlarda Azərbaycan karateçilərinin öz sözünü deməsi, dövlətimizin adını yüksəltməsi, bayrağını ucaltması, himnini səsləndirməsi yalnızca bu diqqət və qayğıya verilən cavabdır. Mən bir daha ölkə Prezidentinə karatenin inkişafına göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm.