YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir

Müsahibimiz Milli Məclisin üzvü İlham Məmmədov

- İlham müəllim, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır.

Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırılır. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

- Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.

Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. 
Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa,  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.