MÜSAHİBƏLƏR
Azərbaycan ədalətli və qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək
- Elnarə xanım, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfrans tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmli platforma kimi dəyərləndirilir. Bu barədə nə deyə bilərsiz?
- Bu konfrans günün ən aktual mövzusuna həsr olunmuş vacib bir platforma sayıla bilər. Konfrans Azərbaycanın haqq səsinin daha uca kürsülərdən davamlı şəkildə ifadəsi imkanı yaratdı. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına necə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, soydaşlarımızın doğma yurdlarından sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Artıq Qərbi Azərbaycana qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Zəfər savaşında əldə etdiyimiz uğurlar və bir günlük lokal xarakterli antiterror əməliyyatı zamanı qazandığımız üstünlüklər xalqımızda bu məsələ ilə bağlı böyük inam yaratdı.
Cənab İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət Qərbi Azərbaycan İcmasının gördüyü işlərə verilən dəyər olmaqla yanaşı, eyni zamanda ədalət mübarizəmizdə israrlı olmağımızın növbəti göstəricisinə çevrildi. Dövlətimizin başçısı bir daha sərgilədi ki, Azərbaycan ədalətli və qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. O yerdə ki, həqiqət payı var, o, gec, ya tez sahibinə geri dönür. Necə ki, 44 günlük müharibə ilə tarixi Zəfəri qazana bildik, Qərbi Azərbaycana qaydışla bağlı uğur qazanacağımız da şübhəsizdir.
- Soydaşlarımızın qayıdış hüququ ilə əlaqədar keçirilən beynəlxalq konfrans Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi baxımından da olduqca mühüm əhəmiyyətə malikdir...
- Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılmasında məqsəd də elə bu idi. Ötən müddətdə İcmanın fəaliyyətinin dinamikliyi göz önündədir. İcma beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənir. Məsələn, 2024-cü ildə Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstəyin ifadə olunması və erməni vandalizminin qınanması Prezident İlham Əliyevin davamlı mübarizəsinin, həqiqətləri beynəlxalq müstəvilərə çatdırma peşəkarlığının və Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması da dövlətimizin başçısının Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır. Təşəbbüs Qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu, artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik müstəvisinə daşımaq məqsədi daşıyır.
Qərbi Azərbaycana qayıdışın təmin olunması ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, onların pozulmuş hüquqlarının bərpası, doğma yurd yerlərinə qayıdışlarını təmin etmək üçün Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir. Bunu sözügedən müraciətində Prezident İlham Əliyev bir daha vurğuladı. Dövlət başçısı Ermənistanın İcma ilə danışılara başlamasının, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalı olduğunun zəruriliyini bildirdi. Həmçinin Ermənistan tərəfindən xalqımıza məxsus tarixi və mədəni irsin dağıdılması və təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verilməli və bu sahədə əməkdaşlıq edilməli olduğunu da önəmli bir şərt olaraq irəli sürdü.
- Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbidir. Lakin Ermənistan bu məsələni siyasi manipulyasiya predmetinə çevirməyə çalışır...
- Azərbaycan Prezidentinin müraciətində daha bir məqam da diqqəti cəlb edir. Dövlət başçısı İcmanın məqsədlərindən bəhs edərkən bildirdi ki, “Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.
Ümumiyyətlə, aydın görünür ki, Ermənistana sərf etməyən məqamlar ortaya çıxdıqda orada onun çirkin əməlləri, talan və dağıdıcılıq fəaliyyəti, qətllər və soyqırımlar üçün zəmin yaradan tarixi keçmişi və işğalçılıq obrazı müzakirə oluna bilər. Belə hallarda isə bədnam ermənilərin təhdid və yalan maşınları işə salınır. COP29 öncəsi dövlətimizə qarşı sərgilədikləri davranış isə yaxın tariximizin unudulmaz faktlarından biridir. İndi isə Ermənistan İcmanın fəaliyyətini təhdid kimi dəyərləndirərək “zavallı erməni xalqı” statusunun arxasında gizlənmək istəyir. Amma anlamalıdırlar ki, artıq dövr, zaman dəyişib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsini və bu tarixi torpaqlara qayıdış konsepsiyasını gündəmə gətirərək etdiyi çağırışların əsasında yeni milli təfəkkürün, yenilənən diskursun və məfkurə dalğasının düşüncə və əməl səviyyəsində ifadə olunması istəyinin dayandığı görünür. Əgər bu gün Qərbi Azərbaycana məxsus ərazi-inzibati bölgələrin tarixi coğrafiyasını, onlara aid toponimlərin linqvistik açıqlamasını vermək və ədəbi-mədəni abidələri tarixi nöqteyi-nəzərdən tədqiq etmək məsələsi geniş şəkildə araşdırılırsa, bu, o deməkdir ki, biz öz torpaqlarımıza tarixi yaddaş olaraq sahib çıxaraq, geri dönməyi planlaşdırırıq. Zənnimcə, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfrans bu məsələyə həssaslığımızı bir qədər də artıracaq. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində əksini tapan müddəalar bu sahədə daha ciddi məsuliyyətlə çalışmaq, beynəlxalq müstəvidə daha fəal olmaq, bütün istiqamətlərdə geniş təbliğat apararaq məsələnin tarixi anlamını təqdim etmək və Qərbi Azərbaycan faktoru ilə bağlı ictimai fikrin həm tarixiliyini, həm də müasirliyini sərgiləmək imkanı yaradacaqdır.