YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan sülh və əməkdaşlıq tərəfdarıdır

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov

- Cavid müəllim, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan yeni mərhələdə strateji hədəflərini inamla və ardıcıl olaraq reallaşdırır. Bu kontekstdə mühüm məsələlərdən məsələlərdən – olduqca əhəmiyyətli proseslərdən biri də Böyük Qayıdışın uğurla həyata keçirilməsidir. İftixarla qeyd edirik ki, Prezident İlham Əliyev dördüncü dəfə bayram tonqalını Qarabağ torpağında qaladı. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalının qalanması tarixi torpaqlarımız əbədi qayıdışımızın təsdiqidir...

- Azərbaycan xalqı bu günləri uzun illər idi ki, gözləyirdi. Torpaqlarımız işğalda olan illərdə hər bayramda xalq olaraq əsas arzumuz, niyyətimiz bayramlarımızı, xoş günlərimizi həmin torpaqlarda qeyd etmək idi. Xalqımızın bu arzusu isə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində reallaşdı. Ölkə başçısı hər zaman çıxışlarında qeyd edirdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Uzun illər ölkəmiz münaqişənin sülh yolu ilə həll olunmasına çalışdı. Lakin Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmədi, əksinə son illərdə daha tez-tez təxribatlara əl atır, əsassız bəyanatlar səsləndirirdi. Təbii ki, heç bir nəticəsi olmayan danışıqlar əbədi davam edə bilməzdi və Azərbaycan xalqı işğalla barışa bilməzdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci ildə cəmi 44 günə torpaqlarımızı düşmən tapdağından azad etdi. Ötən ilin sentyabrında isə bir gündən az davam edən antiterror tədbirləri nəticəsində isə Qarabağda separatizmin kökü kəsildi. Artıq Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini bərpa edib. Beynəlxalq hüquq da ölkəmizin haqlı olduğunu sübut edir.

Xalqımız öz tarixi torpaqlarına əbədi qayıdıb. Üçrəngli bayrağımız Qarabağın, Şərqi Zəngəzurun hər bir guşəsində əbədi olaraq dalğalanacaq. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Xankəndi şəhərində Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində də Prezident İlham Əliyev vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimizdə davamlı olaraq geniş bərpa-quruculuq işləri aparılır. Ölkə başçısı bildirdi ki, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

- Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror tədbirlərinə ehtiyac olmazdı. Necə düşünürsünüz, Ermənistan bundan sonra konstruktiv mövqe nümayiş etdirə biləcəkmi?

- Sülh müqaviləsinin imzalanması prosesində Ermənistanın səmimi olmasını demək bir qədər çətin məsələdir. Əgər Ermənistan sülh tərəfdarı idisə, o zaman işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaldardı. Bir halda ki, BMT-nin buna dair 4 qətnaməsi vardı. Bir də ki, Ermənistan müstəqil siyasət yürüdə bilməyən ölkədir. Bu ölkə müəyyən dövlətlərin və dairələrin tapşırıqlarına uyğun hərəkət edir. Özünü müstəqil dövlət adlandıran heç bir ölkə bu kimi hallara yol verməz. Zamanla şahidi olmuşuq ki, Ermənistan özünü sülh istəyirmiş kimi göstərir, ancaq əməli olaraq təxribatlar törədir, işğalçılıq siyasətindən əl çəkmir. Ermənistanda anlamalıdrlar ki, bu ölkə kapitulyasiya etmiş ölkədir, revanş hissi daha ağır nəticələrə səbəb ola bilər. Azərbaycan qalib ölkə olaraq Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib. Düzdür, sülh hər bir ölkə üçün gərəkdir, ancaq sülh müqaviləsinin imzalanması Ermənistan üçün daha çox lazımdır. Azərbaycan regionda hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub.

- Azərbaycanın bütün addımları beynəlxalq hüquqa əsaslanır. Tarixi ədaləti öz gücü hesabına bərpa edən dövlətimiz öz prinsipial mövqeyini və müstəqil siyasətini davam etdirir. Proseslərin bundan sonrakı inkişafını necə dəyərləndirirsiniz?

- Xankəndi şəhərində Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində  Prezident İlham Əliyevin əsas diqqət çəkdiyi məqamlardan biri də məhz bu idi. Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Prezident İlham Əliyev onu da xatırlatdı ki, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan münaqişənin hərbi həlli yoxdur, deyə siqnallar göndərilirdi. Ancaq Azərbaycan sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Azərbaycan beynəlxalq müstəvidə tanınan öz ərazilərini işğaldan azad edib. Heç bir ölkənin torpağını zəbt etməyib. Əslində, bu bütün dünya tərəfindən qəbul edilib. Lakin Cənubi Qafqazda maraqları olan, regionda sülh və təhlükəsizliyin bərqərar olmasını istəməyən dairələr çalışırlar ki, Ermənistanın mövcud reallıqla barışmasına əngəl yaratsınlar.

Azərbaycan güclü dövlətdir və güclü orduya sahibdir. Fransa kimi dövlətlər Ermənistanı silahlandıra bilər, ancaq heç bir ölkənin vətəndaşı gəlib Ermənistan üçün vuruşası deyil. Düzdür, Azərbaycanın heç bir hərbi əməliyyat keçirmək fikri yoxdur. Ancaq Azərbaycan özünümüdafiə hüququna malikdir. Odur ki, Ermənistanda düzgün qərar verilməlidir. Əks təqdirdə, yenə də itirən özü olacaq.

DİGƏR MÜSAHİBƏLƏR Arxiv