MÜSAHİBƏLƏR
Qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət dayanır
- Siyavuş müəllim, Milli Məclisin martın 17-də keçirilən iclasında Nazirlər Kabineti illik hesabatını təqdim etdi. Bu hesabatı necə qiymətləndirirsiniz?
- Təbii ki, bu hesabatı yüksək qiymətləndirirəm və parlamentin iclasında qısa olaraq bu barədə öz fikrimi bildirdim. Bilirsiniz ki, hər il Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bir neçə dəfə iclası keçirilir. Bu iclaslarda ölkənin sosial-iqtisadi inkişafının rüblük, yarımillik və illik nəticələri, eləcə də qarşıda duran vəzifələr müzakirə olunur. Yanvar ayında artıq 2014-cü ilin yekunlarına dair iclas keçirilb və burada ölkəmizin hərtərəfli inkişafı ilə bağlı geniş məlumatlar verilib.
Həqiqətən, 2014-cü ilin yekunları ölkəmiz üçün kifayət qədər uğurlu olub. İl ərzində ölkə iqtisadiyyatı artıb, xüsusilə qeyri-neft sektorunun inkişafı yüksək qiymətləndirilməlidir. Bu o deməkdir ki, iqtisadiyyatın diversifikasiyası artıq özünü nəticələrdə göstərməkdədir və hesab edirəm ki, bu göstəricilər ildən-ilə yüksələcək. Eyni zamanda, uğurlu sosial siyasət həyata keçirilib, sosial proqramların heç biri təxirə salınmayıb. Onu demək istəyirəm ki, qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət dayanır.
Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası nəticəsində də bölgələrimiz sürətlə inkişaf edir.
Görülən işlər haqqında dövlət müntəzəm olaraq xalq qarşısında hesabat verir. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası ilə bağlı müntəzəm olaraq ictimaiyyətə hesabat verilir. Hər bir vətəndaş da görür ki, ölkədə gedən proseslər hansı səviyyədədir və bu, necə həyata keçirilir. Bu baxımdan, mən hökumətin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Eyni zamanda, düşünürəm ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq qarşıdakı dövrdə də ölkəmiz özünün inkişaf tendensiyasını davam etdirəcək. Uğurlu, düşünülmüş siyasət bunu deməyə tam əsas verir.
- YAP Gənclər Birliyinin hesabat-seçki konfransına hazırlıq işləri gedir. Bu məqsədlə, partiyanın yerli strukturlarında da gənclər birliklərinin yığıncaqları keçirilir. Qənaətiniz nədən ibarətdir?
- Qeyd edim ki, partiyamızın yerli strukturlarının əksəriyyətində gənclər birliklərinin hesabat-seçki konfransları keçirilib. Nəticələrə gəlincə, vəziyyət ürəkaçandır. Gənclərimiz ictimai-siyasi proseslərdə fəal iştirak edir, üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk edirlər, hər zaman aktiv olmağa çalışırlar.
Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir. Onların hazırlayıb təqdim etdikləri müxtəlif layihələrdən də bunu görmək mümkündür. Biz gənclərimizin aktivliyini seçki proseslərində də müşahidə edirik. Təbii ki, bütün bunlar bizi sevindirir. Düşünürəm ki, bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər. Bu gün YAP-ın 650 mindən çox üzvü var. Onların 40 faizindən çoxunu gənclər təşkil edir.
Sevindirici haldır ki, partiya üzvülüyünə yeni qəbullarda gənclər böyük üstünlük təşkil edir. 2014-cü ildə partiyamızın sıralarına 29 min insan qouşulub ki, onların da 78 faizi gənclərdən ibarətdir. Bütün bunlar bizə gələcəyə nikbinliklə baxmağa tam əsas verir.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük əhəmiyyət verir. Gənclərlə bağlı layihələr də gənc nəslin inkişafına xidmət edir. Müxtəlif layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır. Gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır. Bilirsiniz ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Partiyamız bu siyasətin reallaşmasında yaxından iştirak edir. Hesab edirəm ki, YAP Gənclər Birliyinin hesabat-seçki konfransında görülən işlər, əldə edilən nəticələr lazımi səviyyədə dəyərləndiriləcək. Eyni zamanda, gənclərin qarşısında dayanan vəzifələr haqqında da geniş fikir mübadiləsi aparılacaq.
- Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Hazırda dünyada nə qədər mürəkkəb proseslərin baş verdiyinin şahidiyik. Bir sıra regionlarda qanlı toqquşmalar baş alıb gedir, hər gün yüzlərlə insan həyatını itirir. Müəyyən beynəlxalq güclər öz maraqlarını təmin etmək üçün belə bir vəziyyət yaradıb. Dövlətlərin və xalqların ağır durumundan istifadə edərək öz maraqlarını təmin etməyə çalışırlar. Təəssüf ki, çox zaman belə vəziyyətləri demokratiya və insan haqları pərdəsi altında həyata keçirirlər.
Belə təhdidlər bizim regiondan da yan keçmir. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini, inkişafını və güclü dövlət olmasını istəməyən qüvvələr var. Onlar hər zaman cəhdlər göstərib ki, ölkəmizdə sabitlik pozulsun. Çünki sabitlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz, sivil toplum qurula bilməz. Amma belə qüvvələr və onların burdakı əlaltılarının niyyətləri həmişə iflasa uğrayıb. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir. Bunu görən müəyyən xarici dairələr məyus olurlar və həmişə də məyus olacaqlar.
Bütün bunların əsasında da əminliklə deyə bilərik ki, ölkəmiz növbəti parlament seçkilərinə böyük uğurlarla gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanının beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Sadəcə, siyasi partiyalar seçki prosesinə fəal hazırlaşmalıdırlar ki, hansısa nəticələr əldə edə bilsinlər. Azərbaycanda xeyli sayda siyasi partiyalar fəaliyyət göstərir və onlar qanunvericiliyin tələbləri əsasında bu seçkilərdə iştirak edə bilərlər. Hər seçkidə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Qarşıdan gələn parlament seçkilərində də belə olacaq.
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası artıq seçkilərlə bağlı hazırlıq işlərinə start verib. Hazırda bu proses hansı mərhələdədir?
- Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq biz artıq seçkilərlə bağlı hazırlıq işlərinə başlamışıq. Bilirsiniz ki, bu yaxınlarda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Həmin müşavirədə seçki məsələləri geniş müzakirə edildi və yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verildi.
Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi böyükdür. Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də partiyamız öz təcrübəsindən və dünya praktiktikasından bəhrələnərək özünün seçki texnologiyalarında tətbiq edir. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz praktikamızı təkmilləşdiririk.
Bütövlükdə biz partiya olaraq seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Bu mənada, YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkiyə tam səfərbər olunması işlərinə başlanılıb. Ümumrespublika müşavirəsinin keçirilməsi də məhz bu məqsədə xidmət edir.
Biz son bələdiyyə seçkilərindən sonra hesabatlarımızı hazırladıq. Həmin hesabatlara əsasən hansı çatışmamazlıqların olduğunu, hansı müsbət yeniliklərin əldə edildiyini və s. məsələləri müəyyənləşdirdik. Bunun əsasında həmin hallarla əlaqədar müvafiq addımlar atılır. Növbəti mərhələ isə, seçki texnologiyalarını həyata keçirəcək partiya fəallarının seçilməsidir. Biz həm də, mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik. Çünki Bakının və digər regionların müxtəlif yerlərində abadlıq və yenidənqurma ilə əlaqədar, eləcə də digər səbəblərdən seçicilərin yerdəyişməsi baş verir. Yəni insanlar bir yerdən köçərək başqa yerə rəsmi qeydiyyata düşürlər. Çalışırıq ki, hər məntəqəyə YAP-ın orta hesabla üç fəalı təhkim olunsun. Artıq bu qrupların yaradılmasına başlanılıb. Həmin qruplara sonra treninq keçirəcəyik ki, onlar seçicilərlə işi hansı formada aparmağı daha yaxşı öyrənsinlər.
Sual oluna bilər ki, bu işlə Mərkəzi Seçki Komissiyası məşğul olur. Biz YAP olaraq öz tərəfimizdən müəyyən araşdırmalar aparırıq, seçicinin xüsusiyyətlərini öyrənirik. Yəni onun mövqeyini və tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat işinin aparılmasında, seçicilərin səsverməyə gəlməsində, onlara aid müxtəlif proqramların hazırlanmasında çox yaxından köməklik göstərir. Bu yöndə də bizdə tədqiqat işləri davam etməkdədir.
Seçkilərlə əlaqədar olaraq növbəti hazırlıq mərhələsi isə seçki dairələrinin ərazilərinin öyrənilməsidir. Bu nədən ibarətdir? Yəni seçki dairəsi ərazisinin xüsusiyyətləri, orada yaşayan insanların problemləri, əhalinin hadisələrə münasibəti, onları düşündürən məsələlər və s. öyrənilir. Eyni zamanda, həmin dairələrdən namizədliyini irəli sürməyimiz nəticəsində deputat seçilən şəxsin 5 il ərzində gördüyü işlər, onun qanunvericilik fəaliyyəti, seçicilərin və partiyanın etimadını doğruldub-doğrultmaması məsələləri tədqiq olunur. Bütün bunlar tədqiq olunduqdan sonra biz sosioloji sorğular əsasında təxmini müəyyənləşdiririk ki, o şəxs yenidən həmin dairədən namizəd kimi irəli sürülsə partiyamız burada qələbə qazana bilər, ya yox. Biz bu məsələləri təxminən iyun ayında yekunlaşdıracayıq.
Seçki kampaniyasına təxminən bir ay qalmış isə artıq kimin hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi müəyyən olunacaq. Bizdə bir çevik məqam odur ki, orada olan alternativlər də nəzərə alınacaq. Yəni elə bir dairədən elə bir namizəd gələ bilər ki, biz öz namizədimizi ona uyğun şəkildə dəyişə bilərik. Müxtəlif siyasi partiyalar, QHT təmsilçiləri və digər təbəqələrdən olan insanlar bəyan ediblər ki, bu parlament seçkilərində iştirak etmək niyyətləri var. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək.
- Bir müddət əvvəl iqtidar-müxalifət dialoqu keçirildi. Bu dailoqun perspektivlərini necə görürsünüz?
- Yeni Azərbaycan Partiyası hər zaman dialoqun tərəfdarı olub. Bu dialoq Azərbaycanda həmişə olub və bu gün də davam etdirilir. Müəyyən vaxtlarda bir sıra siyasi partiyalar iqtidar və ya müxalifətyönümlü olmasına baxmayaraq, bir masa arxasında oturaraq Azərbaycanın taleyüklü məsələləri, Dağlıq Qarabağ, Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara birgə bəyanatlar göndərilib. Artıq bir müddətdir ki, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyası fəaliyyət göstərir. Komissiyanın da başlıca məqsədi siyasi partiyaların rəylərini, fikirlərini, təkliflərini öyrənib, ümumiləşdirib ölkənin gələcək inkişafı, siyasi sistemin daha da möhkəm olması üçün istifadə etməkdir. İqtidar-müxalifət dialoqu ilə bağlı sonuncu görüşün nəticələri müsbətdir. Bu görüşdə qoyulan dörd şərtin hər biri bütün partiyalar tərəfindən dəstəkləndi. Yəni hər bir təşkilat hansı məsələlərin müzakirəyə çıxarılması ilə bağlı özü mövzu verir. Bununla bağlı gündəlik qabaqcadan müəyyən olunur. Hər bir təşkilatın ixtiyarı var ki, şəffaf şəkildə bu görüşlər barədə ictimaiyyəti məlumatlandırsın. Artıq bu görüşlər iki aydan bir intensiv şəkildə keçiriləcək. Təbii ki, bu da çox təqdirəlayiq bir haldır. Hər bir partiya tərəfindən bu bəyənildi və dəstəkləndi. Hesab edirəm ki, gələcəkdə belə görüşlər müsbət nəticələr verəcək. Nəzərə alsaq ki, bu il ölkədə parlament seçkiləri keçiriləcək, dialoqun bütün siyasi partiyalar, bütövlükdə cəmiyyət üçün əhəmiyyətli olduğunu düşünürəm.
Amma onu da qeyd edim ki, müxalifətin radikal qanadı bu dialoqda iştirak etmədi. AXCP və Müsavat Partiyası bu dialoq prosesinə qoşulmamaqla heç nə qazanmır, əksinə itirirlər. Onlar ölkədə ümumi həmrəyliyin tərəfdarı deyillər, xüsusilə ümummilli məsələlərdə digər partiyalarla yeni mövqedən çıxış etmirlər. Sanki bu partiyaların Azərbaycana heç bir aidiyyatı yoxdur. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, onların heç bir sosial dayaqları yoxdur.
- Siyavuş müəllim, sizcə, bu partiyaların parlament seçkilərində hansısa nəticə əldə etmək imkanları varmı?
- Təbii ki, onların seçkilərdə uğur qazanmaq üçün heç bir imkanları yoxdur. Son prezident və bələdiyyə seçkiləri də bu reallığı təsdiqləyib. Dövlətin və xalqın maraqlarına xidmət etməyən siyasi təşkilatın normal cəmiyyətlərdə sosial dayaqları ola bilərmi? Əlbəttə ki, yox. Bu mənada AXCP və Müsavat Partiyasının ölkəmizdə sosial dayaqları, elektoratı yoxdur. Ona görə də, onların parlament seçkilərində şansları sıfra bərabərdir.