YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Təhsil strategiyası böyük perspektivlər vəd edir

Müsahibimiz Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev

- Ağacan müəllim, yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncam imzalayıb. Sizcə, bu sənəd təhsilimizin inkişafına hansı töhfələr verəcək?

- Ulu öndərimiz, müstəqil  Azərbaycanın qurucusu Heydər Əliyev   hələ Sovetlər  dönəmində  Azərbaycanda  təhsilə və idmana   çox böyük diqqət  yetirirdi. Ulu öndərin müəllim adına göstərdiyi hörmət  hamıya  məlumdur. Bu gün də  Ulu öndərin  layiqli  davamçısı, Prezidentimiz  cənab  İlham Əliyev  bütün sahələrdə  olduğu kimi təhsil və idmana çox  böyük diqqət və qayğı  göstərir. Ölkə Prezidenti İlham Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strateqiyasi” haqqında Sərəncam imzalamışdır.
Biz təhsil işçiləri  bu gün və gələcək işlərimizi bu strategiyanın uğurla aparılması üçün bütün bilik, bacarıqlarımızdan istifadə etməliyik. Heç bir təhsil işçisi, tutduğu vəzifədən və rütbəsindən asılı olmayaraq kənarda qalmamalıdır. Bu strategiyanın davamlı inkişafı, qələbəsi hər bir azərbaycanlı ziyalısının başlıca vəzifələrindən biri olmalıdır. Bax  burada vətənpərvərlik də var, tələbələrimizin  gələcəyi haqqında, təhsilimiz haqqında düşünmək də var.
Strategiyada bu gün ölkəmizdə təhsilin vəziyyəti, onun keyfiyyəti, əhatəliyi və məzmunu haqqında geniş  məlumat verilir və gələcək hədəflər göstərilir. Burda tədris metodikalarından başlayaraq  təhsilin müasir standartlarına cavab verən infrastrukturunun və resurslarının yaradılması yolları göstərilir.
Strategiyada qloballaşan dünyada təhsil sisteminin idarə olunmasında yeni tədris texnologiyalarından, beynəlxalq təcrübə və standartlarından istifadənin vacibliyi vurğulanır. Əsas strateji hədəf isə nəzəri bilikli və yüksək təcrübi bacarığı olan gənc,  müasir beynəlxalq standartlara cavab verən ixtisasçı hazırlamaqdır. Bir sözlə, təhsil strategiyası böyük perspektivlər vəd edir.
Bunun üçün tədris proqramlarına yeni, müasir nöqteyi nəzərdən baxmaq lazımdır. Elə fənlər var ki, məsələn təbiət elmlərində, məzmunca əsaslı dəyişiklik aparmaq düzgün olmazdı, məsələn riyaziyyat, fizika, kimya, anatomiya, fiziologiya, psixologiya və s. , amma bu fənlərin tədrisinin metodikasından, müasir pedaqoji fəndlərdən, ən başlıcası isə yeni Avropa təhsil sistemində qəbul olunmuş, təhsilalanın biliklərinin qiymətləndirməsi metodikasından istifadə etməliyik. Ancaq bu yolla biz Avropaya tələbələrimizin səviyyəsinin nə dərəcədə olduğunu göstərə bilərik.

- Prezident İlham Əliyev bugünlərdə «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Sərəncam imzalayıb. Sizcə, bu sərəncam  müəllimlərin maddi təminatının yüksəlməsi ilə yanaşı tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərəcək?  

- Ölkə Prezidentinin, müəllimlərin əmək haqqlarının və dərs yükünün artırılması barədə imzaladığı sərəncamının iki tərəfli  müsbət mənası var. Əvvəla, attestasiyadan yaxşı göstəricilərlə çıxmış müəllimin əmək haqqı artırılır, ikinci tərəfdən bu bacarıqlı, bilikli müəllim daha cox şagirdlərlə dərs aparması  üçün onun tədris yükü artırılır. Bu sərəncam bizim müəllimlərimizin  öz üzərində işləmələrinə təkan verəcək, yekunda isə şagirdlərimiz yüksək səviyyədə bilik əldə edə biləcəklər. Dünya, həyat yüksək sürətlə dəyişir, inkişaf edir. Hər bir ixtisasçı, xüsusən müəllim heyyəti bu inkişafdan geri qalmamalıdırlar. Mənə belə gəlir ki, hörmətli Prezidentimizin bu sərəncamı, təhsilimizə hər tərəfli dəstək olacaq.

- Ağacan müəllim, ölkəmizdə idmanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə, ötən il bu sahədə nə kimi uğurlarla yadda qaldı? 

- Azərbaycan idmanının inkişafı barədə çox danışmaq olar. Ən fərəhli hal odur ki,  Azərbaycan idmanının inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının aparıcı xadımləri deyirlər, təsdiq edirlər. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hiki  Masallı Olimpiya Kompleksinin açılışında demişdi: “Mən indi görürəm ki  Azərbaycan doğrudan da Avropanın Olimpiya mərkəzlərindən birinə çevrilmişdir.” Baxın, elə I Avropa Oyunlarının Bakıda keçirilməsinin səbəbini AOK prezidentının çıxışından açıq-aydın görmək olur.
İdmançılarımız bu oyunlara böyük əzmlə hazırlaşırlar. Bu mənada başa vurduğumuz 2014-cü il, idmançılarımız üçün növbəti uğurlu illərdən biri oldu. Bütün beynəlxalq çempionatlar və turnirlərdə idmançılarımız 805 medal qazanmışlar ki, bu ondan əvvəlki ilin nəticəsindən 60 medal çoxdur. 2014-cü ilin ən böyük çempionatı Nankində (ÇXR) keçirilən gənclərin olimpiya oyunları idi və gənclərimiz möhtəşəm nəticə göstərdilər. 200 iştirakçı ölkə arasında Azərbaycan komandası 12 medalla (5-qızıl, 6-qümüş, 1-bürünc) 10-cu yerdə qərarlaşdı. Bax budur, bizim uğurlu idman gələcəyimiz. Bundan əlavə, güləşçilərimiz Dünya kubokunda 2 yer, taekvondoçularimız Dünya çempionatında 2 qızıl medal qazanıblar, boksçularımızdan Ruslan Rustamov Avropa çempionu, gənclərimiz Dünya və Avropa çempionatlarının hər birində 2 bürünc medallar qazanmışlar.

- Bəs ölkəmizin I Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?

- Ölkəmizin I Avropa oyunlarına hazırlığı çox yüksək qiymətləndirilir. Yenə də, mən Avropa idman xadimlərinin sözü ilə desəm, Avropa Oyunlarına hazırlıq Milli Olimpiya  Komitəsinin, Gənclər və İdman Nazirliyinin  və xüsusilə Təşkilat Komitəsinin   sədri, ölkəmizin birinci xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə  Komitəsinin üzvü, Azərbaycan  Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yüksək  hazırlıq  işləri  aparılır.  Proqrama daxil olan bir neçə idman kompleksləri, Olimpiya kəndi  artıq hazırdır, qalanları isə  başa çatmaq üzrədir. Yenə də, Patrik Hikinin sözü ilə desək Bakıda keçiriləcək bu idman tədbiri Avropa Oyunlarının  ən birincisi və gələcəkdə də ən yaxşısı olacaqdır. Biz buna əminik!