MÜSAHİBƏLƏR
Şanlı tariximizin parlaq səhifəsi
-Musa müəllim, Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 104-ci ildönümü tamam olur. Azərbaycanın milli dövlətçilik tarixində 1918-ci il 15 sentyabr xüsusi yer tutur. Bu günün tarixi-siyasi əhəmiyyətini necə şərh edərdiniz?
- Azərbaycanın XX əsr tarixində mühüm yerlərdən birini 104 il əvvəl - 1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin azad edilməsi tutur. Bu hadisə böyük tarixi, ictimai-siyasi, mənəvi-psixoloji əhəmiyyət daşıyır. Bakı şəhərinin azad edilməsinin əhəmiyyətini dərk etmək üçün o dövrün şəraitinə qısa nəzər yetirmək vacibdir. Tiflisdə 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Müsəlman Şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin yaradılması üçün lazım olan ilkin zəruri şərtlər - ərazi və əhali mövcud idi. Regionun digər xalqlarından sayca çox olan azərbaycanlılar Cənubi Qafqazda ən böyük əraziyə sahib idilər. Hökumət də quruldu. Azərbaycan xalqı od-alov içərisindən çıxaraq müstəqil dövlətinin yaradıldığını dünyaya elan etdi. Azərbaycan dövlətinin müvəqqəti paytaxtı Gəncə şəhəri elan edildi.
-Bakının azad edilməsi ilə Azərbaycan tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Türkiyə Azərbaycana qardaşlıq yardımı etdi...
-Bu zaman xalqımızın milli, mənəvi, elm və mədəniyyət mərkəzi olan Bakı şəhəri yadelli qüvvələrin əlində idi. Yeni qurulmuş Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı dövləti və Azərbaycan iyunun 4-də Batumda müqavilə imzaladı. Müqaviləyə görə, müraciət edəcəyi təqdirdə Osmanlı dövləti Azərbaycana yardım etməyi üzərinə təəhhüd olaraq götürürdü. Qeyd etmək lazımdır ki, buna qədər türk hərbi təlimatçıları artıq Gəncəyə gəlmişdilər. Azərbaycan dövləti yardım üçün Osmanlıya rəsmi müraciət etdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Müvəqqəti paytaxt olan Gəncədə yerləşən Azərbaycan hökumətinin başlıca məqsədi Bakı şəhərini azad etmək idi. Lakin bundan ötrü kifayət qədər güc mövcud deyildi. Yalnız azsaylı “Vəhşi diviziya” var idi.
Ordunun cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra siyasi-diplomatik problemlərin yaranmamasından ötrü ordu Qafqaz İslam Ordusu adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Azərbaycan dövlətinin rəsmi müraciətinə Osmanlı dövləti müsbət cavab verdi.
Bakının azad edilməsi uğrunda hərəkatın milli-mənəvi əsasları da var idi. Dünya türklüyünün və islamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə görə öldürülən türk və müsəlmanlara yardım etməli idi. Osmanlı ilə dil, din, mədəniyyət baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak dəstələrinin və bolşevik qoşunlarının soyqırımına uğramışdılar. Türklər və müsəlmanlar Osmanlı dövlətinə xilaskar, nicat gözü olaraq baxırdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, türk və müsəlmanlara yardım etmək Osmanlının milli-mənəvi borcu idi. Qeyd etmək lazımdır ki, hələ buna qədər azərbaycanlı gənclər Balkan savaşlarında və Çanakkala döyüşlərində türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Onlar türklüyün və islamın mərkəzi olan Osmanlı dövlətinin məğlub olmasını istəmirdilər.
Bakı hərəkatının heç şübhəsiz, hərbi-strateji və iqtisadi səbəbləri də var idi. Dünyanın nəhəng dövlətlərindən biri olan və üç qitədə ədalətli hakimiyyət quran Osmanlı bu regionda geniş maraqlar güdürdü. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi hesab edilirdi. Bakıya sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə də nəzarət qazanırdı. Xəzər üzərində hakim olmaq Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya yiyələnmək demək idi. Dünyanın ürəyinə gedən yol qızıl körpü olan Azərbaycandan, Bakıdan keçirdi.
Bu hərəkatın iqtisadi səbəbləri də var idi. Bakı dünyanın zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda başlıca olaraq iki neft mənbəyi – Mosul və Bakı uğrunda müharibə gedirdi. Birinci Dünya müharibəsi həm də neft savaşı idi.
Osmanlı dövlətinin bu strateji yola, mövqelərə və neft mənbəyinə yiyələnməsi üçün imkanları digər ölkələrdən üstün idi. Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türk və müsəlman idi. Onlar Osmanlını qardaş bilirdilər.
Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyərərək 1918-ci il iyulun 31-də devrilən Bakıdakı sovet hakimiyyətinin yerində xarici yardımlarla əslində koalisiyalı hökumət olan Sentrokaspi diktaturası quruldu. Sentrokaspi hökuməti general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini Ənzəlidən Bakıya dəvət etdi.
Bu zaman Bakı uğrunda təkcə amansız döyüşlər deyil, eyni zamanda gərgin siyasi-diplomatik mübarizə də gedirdi. Regionda maraqları olan hər bir dövlət əlverişli coğrafi-siyasi mövqeyi və zəngin neft mənbələri olan Azərbaycana yiyələnməyə çalışırdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir sənəd imzaladı. Sənədə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün üzərinə öhdəlik götürürdü. Belə bir müqavilənin imzalanması göstərdi ki, Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildir. Lakin oynanılan qaba oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Azərbaycan əhalisi dəmiryol relslərini dağıdaraq alman qoşunlarının hərəkətinə mane oldu.
İqtisadi baxımdan ətraf ərazilərdən asılı olan Bakı mühasirəyə alındıqdan sonra şəhərin ərzaq təchizatı kəsildi və ağır vəziyyət yarandı. Bakıya gələrkən əhaliyə çörək, yaxşı şərait vəd edən ingilis komandalığı az sonra özü çörəyə və suya möhtac qaldı. Əsgərlər qapı-qapı dilənməyə başladılar.
Bakı şəhərinə hücum hərb sənətinin ən parlaq səhifələrindən biri idi. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı.
Şəhərin açarı təhvil verildi. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında tab gətirə bilməyib şəhəri qoyub qaçdılar. Bakıya gələrkən ermənilərə arxalanan general Leonel Denstervil onları qorxaqlıqla təqsirləndirirdi.
Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü. Azərbaycan dövləti milli-mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Bakı və Abşeron yarımadasını Azərbaycandan qoparmaq planları pozuldu.
Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Bu, Azərbaycan və türk silah qardaşlığının parlaq səhifəsi idi. Bu hadisə sübut etdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə heç kim onları dayandıra bilməz. Bakının azad edilməsi qardaşlığın təməllərini daha da möhkəmləndirdi.
Şəhər azad edildikdən dərhal sonra qayda-qanun yaradıldı. Dükan-bazar işləməyə başladı. İnsanlar rahat nəfəs aldılar.
Milli ruhu yüksələn azərbaycanlılar Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövr ərzində ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək, qürurla gəzməyə başladılar.
Osmanlı dövləti Birinci Dünya müharibəsinin gedişində imzalanmış Mondros barışığı ilə qoşunlarını çıxarmağa məcbur olduqda Bakıda Nuru Paşanın şərəfinə ziyafət təşkil edildi. Azərbaycanın Baş naziri və Nuru Paşa mərasimdə çıxış etdilər. Azərbaycan və Türkiyə qardaşlığı şərəfinə şüarlar səsləndirildi. Ordu çıxsa da, bir çox türk əsgər və zabiti Azərbaycanda qalaraq bolşevik işğalına qarşı mübarizədə iştirak etdilər.
- Azərbaycan xalqı İstiqlal savaşında Türkiyəyə hansı yardımları etdi?
- 1920-ci ilin aprelində Azərbaycan bolşevik işğalına məruz qalıb sovetləşdirildikdən sonra müstəqil olmadığı bir zamanda xalqımız daim türk qardaşlarımızın yanında olub. Azərbaycan xalqı türklüyün və islamın mərkəzi olan Türkiyənin istiqlal savaşında qalib gəlməsindən ötrü mümkün olanları edib. Bu yardımlar müxtəlif formalarda olunub. Bununla bağlı arxivlərdə çoxlu fakt və materiallar saxlanılır. Türk millətinin hər bir qələbəsindən sonra Bakı, Gəncə, Naxçıvan, Tiflis və başqa şəhərlərdə evlərin balkonlarından Azərbaycan və Türkiyə bayraqları yanaşı asılıb, qurbanlar kəsilib.
Sovet dövründə ağır şərtlər altında yaşamasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxlayıb, dağılmağa qoymayıb, ətrafına çiçəklər, ağaclar əkib, onları ziyarətgaha çevirib. Bu, qardaşlığımızın bütün ideologiyalardan və sistemlərdən üstün, köklərinin isə dərin olduğunu göstərir.
Qardaş Türkiyə NATO üzrə müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, SSRİ-nin hələ mövcud olduğu bir zamanda,1991-ci il noyabrın 8-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıdı. Bu, cəsarətli addım heç bir zaman unudulmayan bir hadisədir.
-Qafqaz İslam Ordusunun xatirəsinin əbədiləşdirilməsindən ötrü ölkəmizdə hansı addımlar atılıb?
-Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq münasibətləri daha da möhkəmləndirildi. 1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusunun şərəfinə Bakı Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu, təkcə ziyarət edilərək əklil qoyulan bir abidə deyil, qanı torpaqlarımızda bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir.
-Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Ölkəmizin həyatında, regionda və dünyada yeni reallıqlar formalaşıb, yeni dövr başlayıb…
-44 günlük müharibədə də qardaş Türkiyə Azərbaycanın haqq işini birmənalı olaraq siyasi-diplomatik və mənəvi-psixoloji baxımdan müdafiə etdi. Azərbaycan xalqı sentyabrın 15-ni Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmiş olduğu şəraitdə qalib millət və qalib dövlət kimi yenidən qeyd edir. Azərbaycan xalqı XXI əsrdə ilk dəfə olaraq başını təkcə Azərbaycanda deyil, bütün dünyada dik tutaraq gəzir.
Dövlət rəhbərləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi qarşılıqlı münasibətlərə yeni keyfiyyət halı verib. Kökləri dərin olan qardaşlığımız əbədi və sarsılmazdır.
15 sentyabrdan alınan başlıca dərs ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə qarşılarına qoyduqları istənilən vəzifəni yerinə yetirə bilirlər.