YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqa xidmət missiyası

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

- Bahar xanım, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev ideyaları bu gün ölkəmizin tərəqqisini və möhtəşəm nailiyyətlər qazanmasını təmin edir, xalqımız, dövlətimiz üçün parlaq perspektivlər yaradır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq və təbliğ olunmasında müstəsna rolu barədə nə deyə bilərsiniz?

- Sovet dövründən “miras” kimi qalan çətinliklər və “Dağlıq Qarabağ” adlandırılan ağır bir problemin mövcudluğu müstəqillik eyforiyası ilə yanaşı, siyasi qütbləşmə dövrünə qədəm qoyan ölkədə proseslərin arzuolunmayan istiqamətə yönəlməsinə rəvac verən cəhdlər, daxildən və xaricdən körüklənən, vətəndaş qarşıdurmasına gətirib çıxaran hərəkətlər və yaxud hərəkətsizliyin meydan suladığı bir zamanda müstəqilliyin bərpasını elan etmiş Azərbaycanı çox çətin sınaqlar gözləyirdi.

Mən həmin dövrü yaxşı xatırlayıram. Həm də heç bir vaxt unutmayacağam ki, bütün bu çətinlikləri aradan qaldırmaq üçün tarixin həmin dövrü üçün kələfin ucunu itirmiş siyasət və dövlət rəsmilərinin səriştəsizliyi və naşılığına rəğmən, gənc, müstəqil Azərbaycan dövlətini düşdüyü ağır və çətin vəziyyətdən çıxarmaq, onun malik olduğu milli gücü səfərbər etmək üçün milli ideya kimi azərbaycançılığın təbliği, milli Lider olaraq Heydər Əliyevin qayıdışının təşkili və aparıcı siyasi təşkilat kimi Yeni Azərbaycan Partiyasının yaradılması prosesi başladıldı.

İtirilməkdə olan müstəqilliyin qorunması, vətəndaş həmrəyliyinin əldə edilməsi vasitəsilə ölkədaxili proseslərin düzgün məcraya yönəldilməsi, ərazilərin işğalına, soydaşlarımızın və ərazi bütövlüyümüz uğrunda qeyri-bərabər döyüşdə əsgərlərimizin itkisinə, maddi və mənəvi sərvətlərimizin talanmasına son qoyulması, iqtisadi və siyasi tənəzzülün qarşısının alınması və s. üçün  yalnız  seçilən bu yol məqbul idi. Çox keçməyəcək, tarix və zaman bunu  sübut edəcəkdi və etdi də. Əvvəla, Heydər Əliyevin iki prezidentlik dönəmində qeyd etdiyim taleyüklü vəzifələrin yerinə yetirilməsi istiqamətində əldə edilən nailiyyətlərin dönməz xarakter alması, gələcəkdə daha dinamik və sıçrayışlı inkişafın təmin olunması üçün həm ölkədaxili, həm də beynəlxalq əsasların yaradılmasını xüsusi  qeyd etmək lazım gəlir.

Həmçinin Azərbaycanın Heydər Əliyev yolu ilə davamlı inkişafının təmin olunması üçün xalqdan aldığı etimad mandatını 2003-cü ildən indiyədək 4 dəfə yeniləyən, qətiyyətli Lider, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi və qəhrəmanlığı sayəsində bütün bu çətinliklər arxada qalmış, “Dağlıq Qarabağ” deyilən bir problem tarixin arxivinə göndərilmiş, ölkəmiz və xalqımız regionda yeni konfiqurasiya, dünyada isə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq üçün yeni reallıqların yaranmasını şərtləndirən cəsarətli mövqe nümayiş etdirmişdir.

Təbii ki, bugünkü qalib Azərbaycan Respublikası azərbaycançılıq məfkurəsini elmi-nəzəri müzakirələrdən siyasi müstəviyə daşıyan, onun müstəqil, azad, demokratik bir dövlətin qurulması və inkişaf etməsi üçün hər bir vətəndaşının milli kimliyinin formalaşması prosesinin əsas ideoloji təməlinə çevrilməsini təmin edən Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki mövcud olduğu zamanlar içərisində ən qüdrətli və nüfuzlu dövrünü yaşayan Azərbaycan Respublikası etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının canı və qanıyla sevdiyi, uğrunda hər cür fədakarlığa hazır olduğu, müstəqil siyasi mövqeyi ilə fərqlənən, yerləşdiyi regionun lider, dünyanın isə sayılan və seçilən ölkəsinə çevrilmişdir.

Yarandığı vaxtdan keçən qısa müddət ərzində reallaşdırdığı layihələrlə böyük uğurlara və nəticələrə imza atan Heydər Əliyev Fondu Ümummilli Liderimizin siyasi irsinin təbliği istiqamətində milli və beynəlxalq səviyyədə böyük işlər görür. Fondun dövlət və ictimai mənafeləri bir arada tutaraq, dövlət orqanları və ictimaiyyətin əməkdaşlığına əsaslanan fəaliyyət istiqamətlərinin vahid komanda və kollektiv maraqların peşəkar uzlaşdırılması metodu ilə icrasını xüsusi qeyd etmək istərdim. Həmçinin Fondun işinin müasir texnoloji vasitələr, şəffaf mexanizmlər, o cümlədən milli və beynəlxalq formatlarda vahid məqsədlərə yönələn informasiya siyasəti ilə müşayiət edilməsi bütün səviyyələrdə məqsədəçatımlılığı təmin etməklə, dövlət və vətəndaş cəmiyyəti münasibətlərini yeni bir inkişaf səviyyəsinə qaldırır.

- Mehriban xanım Əliyevanın Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi, reallıqların, o cümlədən xalqımızın zəngin mədəni irsinin, mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli və məhsuldar fəaliyyəti ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Fəaliyyətinin məzmununu doğma xalqına məhəbbət, insanlığa mərhəmət və humanizm təşkil edən Mehriban xanımı hər kəs vətənpərvər bir insan, öz dövlətinin maraqlarını üstün tutmaq, onun milli-mədəni irsini qorumaq, inkişaf etdirməklə yanaşı, dünya ölkələri və xalqlarına yüksək səviyyədə təqdim və təbliğ etmək sahəsində layihələrin müəllifi kimi tanıyır.

Bu irsin qədim və zəngin bir mədəniyyətə söykəndiyini, milli, etnik və dini xüsusiyyətlərin qarşıdurması şəraitində deyil, bir-birini zənginləşdirən yaşam tərzindən qaynaqlandığını, Azərbaycanın - bu qədim türk yurdunun ən qiymətli sərvəti olan insanların həyat fəlsəfəsinin məzmununu təşkil etdiyini diqqətə çatdırmaqla ümumbəşəri irs xəzinəsinə verdiyimiz töhfələrin miqyasını bir daha vurğulayır. Qismətinə ədalətsiz yanaşmalar, müharibələr, itkilər və faciələr düşən bu böyük xalqın dünya xalqları ailəsində özünəməxsus yerini qoruyub saxlamaq, möhkəmləndirmək, sülh və təhlükəsizlik şəraitində yaşamağa nə qədər böyük haqqı olduğunu ortaya qoyur. Fərqli dinlər və sivilizasiyaların bu coğrafiyada əməkdaşlığı və birgəyaşayışı üçün Azərbaycan dövlətinin iradəsini və səylərini göstərir. Özü də bunu çox böyük pəşəkarlıqla, hər bir incəliyinədək düşünərək, insanların hislərinə və qəlbinə yol tapmaqla reallaşdırmağın gözəl bir örnəyini yaratmaqla edir.

- Xalqa şərəfli və ləyaqətli xidmət, nümunəvi fəaliyyət Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Mehriban xanım Əliyevanın son 5 ildən artıq dövrdə Birinci vitse-prezident kimi fəaliyyəti hansı reallıqları ifadə edir?

- O, öz fəaliyyətində ən sadə prinsiplərə əsaslanır. Vicdan və ləyaqət, ədalət və qarşılıqlı hörmət, mərhəmət və xoş niyyətin hər şeyə qadir olduğuna sidq ürəklə inanmaq Mehriban xanımın həyat fəlsəfəsidir. Bu sadə prinsiplərə və həyat fəlsəfəsinə, yüksək təşkilatçılıq və idarəetmə bacarığına malik Birinci vitse-prezident olaraq xeyirxahlıq və insanpərvərliyi, milli və bəşəri dəyərlərə söykənən müdrikliyi böyük siyasətə gətirməyin nəinki mümkünlüyünü, onun alicənablıq və kübarlıq, zəriflik və məsuliyyətlə bir arada daha səmərəli idarəetmə metodu olduğuna hər kəsi inandırmağı bacardı.

O, həmçinin sübut etdi ki, dövlət idarəçiliyində səmimiyyət və mərhəmətə daha çox yer verməklə, həmçinin konkret problemləri həll etməklə ümumi çətinlikləri daha tez aradan qaldırmaq mümkündür və lazımdır. Bir çox hallarda məhz onun təşəbbüsü ilə formalaşdırılan yanaşmalar, həssas təbəqədən olan vətəndaşların həyatını asanlaşdırmaq dövlətlə vətəndaş arasındakı subyektiv baryerləri aradan qaldırmağın açar üsulu kimi özünü həyatımızda təsdiq etməkdədir.

Qadın və uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin müasir qlobal çağırışlar fonunda dəyərlər sistemimizin mərkəzi komponenti kimi öz mövqeyini qoruması və nəsildən nəsilə ötürülən ən vacib amil kimi milli kimliyimizin formalaşmasında əsas rolunu davam etdirməsinə yönəlmiş addımların atılması onun diqqət yetirdiyi əsas məsələlərdəndir. Bir sözlə, öz fəaliyyətində bir çox uğurlu ilklərə imza atmaq Mehriban xanımın əsas missiyasıdır. Odur ki, ölkəmizdə Birinci vitse-prezidentlik institutunun tətbiqi məhz onun sayəsində öz uğurlu nəticələri ilə seçilir.

Başlanğıcı Azərbaycanın birinci xanımı kimi çoxşaxəli fəaliyyətindən qaynaqlanan xalqa xidmət missiyasının öhdəsindən o, bütün hallarda məharətlə gəlməkdədir və təsadüfi deyildir ki, bu gün hər kəs onu “Bizim Mehriban” adlandırır.