MÜSAHİBƏLƏR
Zəngəzur dəhlizi açılacaq
- Sevinc xanım, hazırda Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, üçtərəfli Bəyanatın icrası ilə əlaqədar məqamlar müxtəlif səviyyələrdə müzakirə olunur. Bu xüsusda hazırkı vəziyyəti və perspektivləri necə dəyərləndirmək olar?
- Hazırda regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması dövlətimizin siyasətində mühüm yer tutur. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni vəziyyət yaranıb və Azərbaycan qalib ölkə kimi şərtləri diktə edir. Münaqişəyə son qoyan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi Azərbaycan üçün prinsipial məsələdir. Dövlətimiz bununla əlaqədar qətiyyətli mövqe nümayiş etdirir.
Məlumdur ki, Ermənistan razılaşmanın bəzi müddəalarını yerinə yetirmək istəmir. Bu məqsədlə müxtəlif bəhanələr ortaya atır. Amma belə yanaşma rəsmi İrəvanın özünə zərər verir. “Qisas” əməliyyatı buna sübutdur. Ona görə də Ermənistan razılaşmalaranə qədər tez əməl etsə, özünə daha çox xeyir vermiş olar. Çünki dərin böhran məngənəsində olan Ermənistanın xilası yeni reallıqları qəbul edib Azərbaycanla sülh sazişi imzalamaqdan asılıdır. Erməni tərəfi reallıqları anlayacaq və sülhə gələcək. Çünki başqa variantı yoxdur. Azərbaycanın mövqeyi haqlıdır və beynəlxalq hüquqa əsaslanır.
- Azərbaycan Prezidenti bölgədə sabitlik, firvanlıq və əməkdaşlıq üçün yol xəritəsini göstərdi, prioritetləri bəyan etdi. Beynəlxalq ictimaiyyət Bakının mövqeyini dəstəkləyir, İrəvana isə öhdəliklərini yerinə yetirməsi üçün çağırış edir. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, dövlətimizin mövqeyi regionumuzun tərəqqisinə xidmət edir. Prezident İlham Əliyev hər zaman bu çağırışları edir. Beynəlxalq birlik Azərbaycanın yaratdığı yeni reallıqları dəstəkləyir. Çünki ölkəmizin təşəbbüsləri sülhə və əməkdaşlığa xidmət edir.
Ermənistanın qeyri-konstruktiv mövqeyi isə regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ona görə də beynəlxalq ictimaiyyət rəsmi İrəvana qarşı çağırışlarını davam etdirməli, müvafiq təsirlər göstərməlidir.
- Daha bir aktual məsələ - vacib nüans Zəngəzur dəhlizinin reallaşdırılması ilə əlaqədardır. Azərbaycan öz üzərinə düşən işləri görür, tərəfdaş ölkələr isə layihənin reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırırlar. Amma Ermənistanın timsalında söz ilə əməlin üst-üstə düşməməsi sindromu bu məsələdə də özünü göstərir. Proseslərin gedişatı hansı qənaətə gəlməyə əsas verir?
- Bəli, Ermənistan Zəngəzur dəhlizinin reallaşmaması üçün müxtəlif yollara əl atır. Amma erməni tərəfi unutmamalıdır ki, bu dəhlizin açılması Ermənistanın öhdəliklərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını bəyan edib. Ermənistan buna mane ola bilməyəcək.
Azərbaycan dəhlizin öz ərazisinə düşən hissəsində işləri sürətlə davam etdirir. Ermənistan da öz ərazisində bu işlərə başlamalıdır. Zəngəzur dəhlizi bütün regiona, o cümlədən Ermənistana fayda verəcək. Bu dəhliz region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.