YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlət səviyyəsində təhsilimizin inkişafına xüsusi diqqət yetirilir

Müsahibimiz Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev

- Əhməd müəllim, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncam imzalayıb. Sizcə, bu sənəd təhsilimizin inkişafına hansı töhfələr verəcək? 

- Ümumiyyətlə, Azərbaycanda son 10 ildə  təhsilin inkişafı ilə bağlı çox böyük işlər görülüb. Bu sahə ölkə Prezidentinin birbaşa diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə  fəaliyyəti çox yüksəkdir. Bütövlükdə, dövlət səviyyəsində ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu gün ölkə Prezidentinin  maddi kapitalın insan kapitalına çevrilməsinə dair irəli sürdüyü ideyanın reallaşdırılması istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. 
Bu nöqteyi-nəzərdən uzun müddətdir ki,  təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi, tədris-metodik təminatı istiqamətində dövlət tərəfindən çox işlər həyata keçirilib. Son 11 ildə ölkəmizdə xeyli sayda məktəb tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Bu gün həm orta, həm orta ixtisas, həm də   ali məktəblərin maddi-texniki bazası yüksək səviyyədədir. Bütün bunlar artıq dünya standartlarına uyğun olaraq qurulub. Nəticə olaraq təhsil sahəsində islahatların uğurlu sonluğa çatması üçün bütün məsələlərin  həll olunması vacibdir.
«Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» da məhz  bu məqsədlərə xidmət edir. Dövlət Strategiyasında əksini tapan müddəalar təhsilimizin yüksək səviyyədə qurulmasına hədəflənib və bu gün bu strategiyaın həyata keçirilməsi istiqamətində təhsil nazirimiz çox böyük işlər görməkdədir. Hazırda bu yöndə işlər uğurla davam etdirilir. Yanvarın 19-da ölkə Prezilenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da bu strategiyanın həyata keçirilməsinin parametrlərindən biridir. «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı bu sənədin  hər bir maddəsinin hansı zamanda və kim tərəfindən həyata keçirilməsini  özündə  əks etdirir. Düşünürəm ki, Fəaliyyət Planı uğurla icra ediləcək və bu da Azərbaycan təhsilinə böyük töhfələr verəcək. 

- Prezident İlham Əliyev bugünlərdə «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Sərəncam imzalayıb. Sizcə, bu sərəncam  müəllimlərin maddi təminatının yüksəlməsi ilə yanaşı tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərəcək?  

- «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda ölkə təhsilinin yüksək səviyyəyə çatdırılmasını özündə ehtiva edir. Hər bir müəllim, pedaqoji işçi bu strategiyaya uyğun olaraq fəaliyyətini tamamilə dəyişməli, yeniləşdirməlidir. Ümumiyyətlə, normal təhsil sisteminin  qurulması üçün maddiyyatın da böyük rolu var. Bu baxımdan, Prezident İlham Əliyevin yanvarın 16-da imzaladığı həmin  sərəncamın çox təqdirəlayiqdir. Ona görə ki, bu gün qlobal dünyada iqtisadi böhran baş verdiyi bir zamanda təhsil işçilərinin əməkhaqlarının bu səviyyədə artırılması təkcə təhsil işçiləri tərəfindən yox, bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.  
Həmin sənəddə  əməkhaqları ilə bağlı mexanizmlər  müəyyənləşib ki, bu da çox doğru qərardır. Mən bu qərarı tam dəstəkləyirəm, Milli Məclisdə çıxışlarım zamanı da demişəm ki, eyni fəaliyyətlə məşğul olan insanlar eyni məbləğdə əməkhaqqı almamalıdır. Hər kəs öz qabiliyyətinə görə əməkhaqqı ilə təmin olunmalıdır. Bilirsiniz ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostikası həyata keçirilir. Artıq Bakı şəhərində 30 min müəllimin diaqnostikadan keçməsi barədə məlumat verilib. Dövlət başçısının sərəncamına görə,  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları artırılacaq. Hesab edirəm ki, bu diaqnostika təkcə Bakı şəhərini deyil, bütün regionları əhatə etməlidir.   Beləliklə, müəllimlər qabiliyyətinə görə yüksək əməkhaqqı ilə təmin olunacaqlar. Bu da müəllimlərdə öz işlərinə daha məsuliyyətlə yanaşmaları üçün bir stimul yaratmaq deməkdir.
Diaqnostikadan keçib əməkhaqlarının artırılması məsələsində artıq pedaqoji heyət bilir ki, artım kimlərə şamil ediləcək, kimlərə yox. Artımın şamil edilmədiyi müəllimlər öz vəzifəsindən uzaqlaşdırılmayacaq. Bunun mexanizmi də təhsil nazirimiz tərəfindən açıqlanıb. Belə ki, həmin müəllimlərin yenidən hazırlanması məsələsinə baxılacaq. Bu müəllimlər müasir tələblərə  cavab verən səviyyədə öz hazırlıqlarını təmin etməlidirlər ki, onların da əməkhaqları Prezident sərəncamına uyğun olaraq artırılsın. Bu baxımdan, müəllimlərin  əməkhaqlarının artırılması təkcə maddi vəziyyətlə əlaqələndirilməməlidir. Əgər təhsil işçilərinin əməkhaqları artırılırsa, bu, onların məsuliyyətini də artırır. Yəni bu amil məktəblərdə tədris prosesinin, təhsilin inkişafının yüksək səviyyədə həyata keçirilməsinə xidmət etməlidir. 

- Ötən ilin dekabr ayında Milli Məclisin Elm və təhsil komitəsinin iclasında «Elm haqqında qanun» layihəsi müzkirə olundu. Sizcə, bu sənədin əhəmiyyəti nədən ibarətdir?

- Bəli, bu sənəd komitəmizdə geniş müzakirə edilib. Ümumiyyətlə, hər bir sahənin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu mənada «Elm haqqında» qanunun qəbul olunması çox əhəmiyyətli olacaq. Bu sənəd elmin inkişafına böyük təkan verəcək. Eyni zamanda, qanun layihəsində elmi işçilərin əməkhaqlarının artırılması, onların sosial məsələlərinin həlli, maddi stimul və s. məsələlər  əksini tapıb. 
Elmlə təhsil elm inteqrasiya olunmalıdır. Dövlət rəhbərliyinin də, belə bir strategiyası var ki, təhsil, elm və istehsalat inteqrasiya olunmalıdır. Elmsiz təhsil, təhsilsiz elm hər hansı müsbət nəticələrə imkan verə bilməz. Bu baxımdan, istər ali təhsil müəssisələrində, istərsə də AMEA və onun strukturlarında elmi fəaliyyətə çox ciddi fikir verilməlidir. Düşünürəm ki, bu qanun bu məsələləri tam şəkildə tənzimləyə biləcək.

- Əhməd müəllim, təhsilin keyfiyyətini daha da yüksəltmək üçün rəhbərlik etdiyiniz Odlar Yurdu Unversitetində nə kimi yeniliklər tətbiq olunur? 

- Hesab edirəm ki, təkcə təhsil müəssisələri yox, eləcə də, bütün müəssisələr zaman-zaman öz inkişafı ilə bağlı proqramlar müəyyənləşdirməlidir. Odlar Yurdu Unversitetinin bu yöndə böyük proqramı var ki, bu gün ölkə Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun təhsilin keyfiyyətini artıraq. Biz burada müasir dövrün tələblərinə uyğun mütəxəssislər hazırlamağa çalışırıq, hədəfimiz budur. Ona görə də, təhsilin keyfiyyətinə xüsusi fikir veririk və bu yöndə də  proqramlar müəyyənləşdirmişik. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq olunandan sonra sənədin maddələrini geniş təhlil edərək fəaliyyət proqramımızı ortaya qoymuşuq. 
Bu gün universitetimizdə keyfiyyətin təminat mərkəzi fəaliyyət göstərir ki, hər bir tələbənin, müəllimin fəaliyyətinə nəzarət edir. Tələbələrin tam şəkildə məzun olması istiqamətində hər semestr müəllimlərin attestasiyası keçirilir. Attestasiyadan keçməyənləri, günün tələblərinə cavab verməyənləri uzaqlaşdırırıq, onların əvəzinə müasir səviyyədə tədris prosesini qura bilən müəllimləri cəlb edirik. 
Məlumat üçün deyim km, universitetimizin geniş xarici əlaqələri də  var. Bu məsələyə ona görə ciddi fikir veririk ki, daxili bazarda tam şəkildə müəyyən sahələri inkişaf etdirmək çox çətindir. Bu səbəbdən də, dünyanın aparıcı universitetlərinin təcrübəsini  öyrənib üstün cəhətləri burada tətbiq edirik. Həmçinin, tələbələrimiz müvafiq proqramlar çərçivəsində dünyanın  aparıcı unversitetlərində 1 il müddətində təhsil alırlar. Biz ABŞ, Türkiyə, Almaniya, İspaniya, Böyük Britaniya, Şimali Kipr, Gürcüstanın universitetləri ilə geniş əlaqələr yaratmışıq və birgə proqramlar həyata keçiririk. 

- Millət vəkili olaraq təmsil etdiyiniz bölgədə bu baxımdan vəziyyət necədir? 

- Bilirsiniz ki, mən Qazax rayonundan millət vəkili seçilmişəm. Təhsil işçisi olduğum üçün bu bölgədə təhsil problemlərini araşdırıram. Ölkə Prezidenti İlham Əliyev  Qazax rayonuna səfərlər edib, görülən quruculuq işlərilə tanış olub. Dövlət başçısı tövsiyə edirdi ki, yerlərdəki problemləri müvafiq orqanlara çatdırmaq lazımdır. Mən də millət vəkili olaraq müəyyən problemlərlə bağlı müvafiq qurumlara müraciət etmişəm. Məsələn, rayonda 15 qəzalı məktəb var idi ki, bununla əlaqədar  müvafiq təşkilatlara müraciət etmişəm. Artıq həmin məktəblər tikilərək istifadə verilib. Eləcə də, bundan başqa da yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələri var. 
 Artıq dövlət tərəfindən bölgədə təhsil ilə bağlı lazım olan məsələlər həll olunub. Təhsilin keyfiyyətinə gəlincə, mən rayon üzrə verilən hesabatlarda, görüşlərdə demişəm ki, Qazaxda təhsilin yüksək səviyyədə qurulması hər bir təhsil işçisinin qarşısında dayanmalıdır, bu istiqamətdə böyük işlər görülməlidir. Çünki Qazax rayonu tarixən elm-təhsil mərkəzlərindən biri olub. Bu gün biz düşünməliyik ki, elm-təhsil mərkəzi olan Qazaxda təhsil müəssisələri yüksək təhsil verməlidir. Bu yöndə də işlər davamlı olaraq həyata keçirilir. 
Təbii ki, təhsilin səviyyəsi bizi tam qane etməsə də, çox işlər görülüb. Düşünürəm ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyası nəticəsində  nəinki Qazax rayonunda, bütün bölgələrdə istənilən inkişafa nail olacayıq. Dövlətimizin həyata keçirdiyi siyasət də məhz bu məqsədə xidmət edir. Bu istiqamətdə Təhsil Nazirliyinin fəaliyyəti təqdirəlayiqdir.