MÜSAHİBƏLƏR
Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsidir
- Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi. Bu tarixi hadisə hansı əhəmiyyəti daşıyır?
- Azərbaycanla Türkiyə arasında münasibətlər yüksələn xəttlə inkişaf edir. Prezident cənab İlham Əliyevin Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı bəyan etdiyi kimi, Azərbaycan və Türkiyə həm dost, həm qardaş, həm də artıq rəsmən müttəfiq ölkələrdir. Keçən il Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırdı. Qardaş Türkiyənin haqq savaşında daim Azərbaycanın yanında olması və 44 günlük şanlı Vətən müharibəsində ölkəmizə siyasi dəstəyi olduqca qürurverici idi və bizə böyük mənəvi güc verdi. Bu gün Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsidir. Xalqlarımızın gələcəyinə xidmət edən əməkdaşlığın günü-gündən inkişafı “bir millət iki dövlət” xarakteri daşımaqla, həm də müəyyən dairələr üçün ciddi mesajdır.
Azərbaycan Prezidentinin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi isə iki ölkə arasında birliyin, qardaşlığın növbəti təzahürüdür. Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Ümumilikdə isə Türkiyənin sayca 58-ci aeroportudur. İldə təxminən 3 milyon sərnişinə xidmət edəcək bu hava limanının istifadəyə verilməsi qardaş Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. Yeni hava limanı həmçinin regional inkişaf və inteqrasiyaya xidmət edəcək. Rizə-Artvin Hava Limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni daha da azaldaraq, insanlarımızı daha da yaxınlaşdıracaq. Bütün bunlar ticarətin asanlaşdırılması, yüklərin daha qısa müddətdə çatdırılması və qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar açır.
- Emin müəllim, postmünaqişə dövrünün əsas reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət alması hər bir azərbaycanlını qürurlandırır, Böyük Qayıdışın astanasında olduğumuzu təsdiqləyir. Görülən bu işlər fonunda Azərbaycanın iqtisadi inkişafını necə şərh edərdiniz?
- Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Qalib Azərbaycan Ordusunun böyük qəhrəmanlıqla azad etdiyi ərazilərimiz sürətlə abadlaşdırılır. Yeni yollar çəkilir, su, işıq, qaz xəttləri bərpa olunur, innovasiyalara əsaslanan yaşayış məntəqələri salınır. Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli addımlar atılır. Yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib, Zəngilan və Laçın aeroportlarının, dəmiryolu xəttlərinin tikintisi davam etdirilir. Tezliklə öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanın ən müasir imkanları yaradılır. Onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi üçün hər cür şərait təmin olunur. Qarabağa böyük qayıdışın müjdəçisi isə Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı kəndi olacaq. Çox qısa müddətdə reallaşdırılan nəhəng infrastruktur layihələri Azərbaycanın öz maliyyə vəsaitləri hesabına həyata keçirilir və bütün bunlar ölkəmizin iqtisadi gücündən xəbər verir. Bu gün Qarabağ və Şərqi Zəngəzur quruculuğun baş meydanına çevrilib. Dünya iqtisadiyyatının qlobal böhranın təsirlərinə məruz qaldığı bir vaxtda Azərbaycan öz gücünə işğaldan azad edilən torpaqlarında tikinti-quruculuq işləri aparır, həmçinin paralel olaraq digər bölgələrimizdə də dövlət proqramlarında əksini tapmış layihələri reallaşdırır. Eyni zamanda davamlı olaraq əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün addımlar atılır. Bütün bunlar ölkə rəhbərinin siyasi iradəsinin, qüdrətinin və iqtisadi gücümüzün yaratdığı reallıqlardır. Qarabağ və Şərqi Zəngəzurda baş verən sürətli dəyişikliklər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri zamanı özünü bariz şəkildə göstərir və böyük qürurla izlənilir.
Onu da deyim ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçilən nəhəng infrastruktur layihələri və ərazinin zəngin təbii resursları bölgənin investorlar üçün cəlbediciliyini daha da artırır. Bundan başqa, “Araz Vadisi İqtisadi Zonası”, Ağdam Sənaye Parkı sahibkarlara böyük güzəştlər edilən, azad olunan ərazilərimizdə yerli istehsalın təşkilinə təkan verən, çoxsaylı iş yerlərini özündə birləşdirən mühüm iqtisadi layihələrdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Ümumilikdə işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın ən müxtəlif sahələri, o cümlədən aqrar sektorun inkişafı ilə bağlı görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirir.
- Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin doğum gününü işğaldan azad edilən torpaqlarımızda-Füzuli və Şuşa şəhərlərində qeyd edən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa müraciəti hansı çağırışları, mesajları ünvanladı?
- Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü - mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və Şuşa müraciəti xüsusi anlam daşıyır. Müasir, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. Dahi rəhbər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Qarabağı azad etdi. Dövlətimizin başçısı Şuşa müraciətində “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik” deyərək “biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi olaraq yaşayacağıq” mesajını verdi. Prezident cənab İlham Əliyevin Füzuli və Şuşa səfəri, eləcə də Şuşada etdiyi çıxış torpaqlarımızın erməni işğalından azad olunması və bərpası yönündə dövlətimizin apardığı siyasətin əsaslarını bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu gün ölkəmiz Ulu Öndərin görmək istədiyi kimidir. Müstəqil, güclü, davamlı inkişaf edən və Qalib Azərbaycan. Azərbaycan bundan sonra da uğurlara imza atmaqda davam edəcək.
- Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa yenə də dünyaya səs saldı. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi, bu ənənənin bərpası 44 günlük Vətən müharibəsindəki Zəfərimizin təntənəsidir. Hələ 2020-ci il noyabrın 8-də Prezident cənab İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bildirmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək” demişdi. Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezident cənab İlham Əliyevin bu fikirlərinin təsdiqidir. “Xarıbülbül” festivalı həmçinin Azərbaycan xalqının tolerantlığının, multikulturalizm dəyərlərinə verdiyi önəmin göstəricisidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda mədəniyyət paytaxtımızdan bütün dünyaya bir daha sülh, birlik mesajları ötürüldü. Belə festivalların keçirilməsi dünyanın diqqətini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına, burada törədilən erməni vəhşiliklərinə və hazırda həyata keçirdiyimiz böyük yenidənqurma və bərpa işlərinə yönəldir. Tezliklə Qarabağımız cənnətə çevriləcək. Şuşada, eləcə də digər azad olunan ərazilərimizdə keçiriləcək mötəbər tədbirlər bir-birini əvəz edəcək. Bu baxımdan “Xarıbülbül” musiqi festivalı həmin o xoş günlərin müjdəçisidir.
- Emin müəllim, daim irəli baxan Azərbaycan həyata keçirdiyi quruculuq işləri ilə müharibənin bitdiyini, yeni səhifənin açıldığını, gələcəyə baxmağın vacibliyini təsdiqləyir. Ölkəmiz bu çağırışları Ermənistana da ünvanlayır - Keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Sülh müqaviləsinin imzalanmasının əsas hədəf olduğu hazırkı dövrdə Ermənistanın yanaşmasını necə şərh edərdiniz?
- Azərbaycan regionda sülh, təhlükəsizlik və inkişafa yönəlik siyasət yürüdür. Ölkəmizin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların açılmasını nəzərdə tutan sülh gündəliyi masadadır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanmaqla region üçün yeni mərhələnin başlanmasını nəzərdə tutur. Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından gedir. Ermənistan isə revanşist qüvvələrin təhriki ilə hər vəchlə sülh gündəliyinə mane olmağa çalışır. Ermənistanın rəsmi Bakının sülh danışıqları prinsiplərinə qarşı irəli sürdüyü təkliflərdə prinsipial ziddiyyətli məqamlar var. Ermənistan Qarabağda qalan azsaylı ermənilər üçün status müəyyənləşdirilməsini istəyir. Rəsmi Bakı isə müharibədən dərhal sonra bəyan edib ki, bölgədə yaşayan ermənilərə hər hansı status verilməyəcək, amma Azərbaycan vətəndaşları kimi, onların bütün hüquqlarının qorunmasına təminat verməyə hazırdır. Bu baxımdan hazırda revanşist qüvvələrin girovuna çevrilən, xaos və etiraz aksiyalarına bürünən Ermənistanın Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmamaq şansı yoxdur. Ermənistan 44 günlük müharibədə tarixi qələbə qazanmış Azərbaycan dövlətinin ona verdiyi sülh şansını doğru dəyərləndirməli, baş verənlərdən nəticə çıxarmalıdır.