MÜSAHİBƏLƏR
Çoxəsrlik tariximizin Heydər Əliyev dövrü dövlətçilik salnaməsidir
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
- Tahir müəllim, mayın 10-u müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99 illiyi tamam olur. Siz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi vaxt, daha dəqiq desək, Heydər Əliyevin müvafiq sərəncamı əsasında rəhbər vəzifədə çalışan şəxslərdənsiniz. Ümummilli liderin Azərbaycan xalqı və dövləti üçün xidmətləri haqqında nə söyləmək olar?
- Şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, müstəqil dövlətimizin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Ulu Öndərin tarixi xidmətləri, milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən kəskin fərqlənən iki mərhələni - həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. Şübhəsiz ki, o, fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən böyük tarixi nailiyyətlərə imza atıb. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olub. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaradıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, müstəqillik ideyasının əxz olunmasında, mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində xüsusi rol oynayıb. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsinin çıxarılması, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərarın qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması dövlətçilik tariximizin ən mühüm hadisələri sırasında yer alır. Bu, Heydər Əliyevin fəaliyyətinin məhz milli maraqlara, dövlətçilik ənənələrinə və xalqın ali mənafeyinə əsaslandığını göstərən çox mühüm faktlardandır.
Müstəqillik dövründə ölkəmizin ağır vəziyyəti, xalqın Ulu Öndərə olan inam və etimadı Onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaradıb. Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını xilas etdi, faciə və fəlakətlərin qarşısını aldı, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etdi. 1993-cü ildə xalqın təkidli tələbinə cavab olaraq Bakıya qayıdan Ümummilli Lider müstəqilliyimizin xilası, dövlətçilik ənənələrimizin, xalqımızın milli qürur və ləyaqətinin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başladı. Həmin ilin oktyabr ayında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev ölkəmizin inkişaf istiqamətlərini dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirdi, Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilməsini təmin etdi. Bu, Ulu Öndərin xilaskarlıq missiyası, Azərbaycanın isə Qurtuluşu idi.
Ona görə də haqlı olaraq qeyd edilir ki, müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir.
Qeyd etdiyiniz kimi, ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı əsasında 1999-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilmişdim. Bu, mənim üçün böyük etimad və şərəf idi. Bu fakt, eyni zamanda, Heydər Əliyevin gənc kadrlara yer və əhəmiyyət verməsinin, inam və etimad göstərməsinin ifadəsi idi. Ümummilli lider həm SSRİ dövründə, həm də müstəqillik illərində kadr siyasətinə böyük önəm verir - xüsusi diqqət yetirirdi. Kadr siyasəti Heydər Əliyevin təkcə strateji kursu deyil, həm də dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi idi...
- Yeri gəlmişkən, analitiklər, tədqiqatçılar Ümummilli Liderin güclü dövlət konsepsiyasını tarixi Zəfərə aparan yol kimi səciyyələndirirlər...
- Tamamilə doğru yanaşmadır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması - torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndərin siyasi kursunun ən mühüm strateji prioriteti olub. Biz Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrü intibah dönəmi kimi xarakterizə edirik. Bu mərhələ, eyni zamanda, güclü dövlət quruculuğu dönəmi və böyük Zəfərə aparan yoldur. Siyasətin sirlərinə dərindən bələd olan Ümummilli Lider güclü dövlət quruculuğuna nail oldu. İctimai-siyasi sabitliyin, vətəndaş birliyinin və milli həmrəyliyin təmin olunması, mütərəqqi iqtisadi inkişaf strategiyasının, ordu quruculuğu konsepsiyasının hazırlanması və uğurla tətbiq olunması Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə və bəyanatların qəbul edilməsinə nail olunması ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi. Ən mühüm amil isə siyasi varisliyin təmin edilməsi oldu. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir...
- Tahir müəllim, maraqlı bir məqama toxunduz - siyasi varislik. Tarixi təcrübə göstərir ki, siyasi varisliyin təmin olunması cəhdi heç də hər ölkədə uğurlu olmayıb, yaxud sonradan uğur gətirməyib. Bu məsələdə Azərbaycan təcrübəsinin uğurlu olması nə ilə əlaqədardır?
- Ümummilli liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı İlham Əliyevə özü qədər inandığını qeyd etmişdi. Azərbaycan xalqı isə Heydər Əliyevin sözünə inanırdı. Bu inam həm də cənab İlham Əliyevin o zamana qədər müxtəlif vəzifələrdə özünü doğrultmasından qaynaqlanırdı. Ona görə də xalqımız Heydər Əliyev siyasətinə növbəti dəfə dəstək verdi, cənab İlham Əliyevə etimad göstərdi. İnam və etimad isə özünü doğrultdu.
Siyasi varisliyin təmin olunması Heydər Əliyev irsinin parlaq təzahürü - Azərbaycanın dövlətçilik tarixinin müstəsna siyasi hadisələrindəndir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi. Ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başladı. Ötən müddət ərzində qazanılan nailiyyətlər lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Liderini birmənalı və prinsipial olaraq dəstəkləməsi sayəsində mümkün olub. Cənab İlham Əliyev öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - çağırışı ilə ifadə etmişdi. Zaman Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirməsinə şahidlik etdi. Cənab İlham Əliyev bir daha sübuta yetirdi ki, Onun sözü imzası qədər dəyərli, dəyərli olduğu qədər də keçərlidir. Ən əsası, sonuncu prezident seçkilərindən sonra 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyinə bir daha toxunan cənab İlham Əliyev qətiyyətli Lider, cəsur Sərkərdə, polad iradəli Ali Baş Komandan kimi fəaliyyətini davam etdirərək ali məqsədə nail olaraq strateji hədəfə çatdı və torpaqlarımız işğaldan azad edildi. Sözsüz ki, bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsidir. Bu, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir.
Əlbəttə, yeni mərhələ - XXI əsrin üçüncü onilliyi Azərbaycanın qarşısında yeni hədəflər və vəzifələr müəyyənləşdirir. Şübhəsiz ki, qalib xalq olaraq yaşamaq məğlub toplum kimi siyasi varlığını sürdürməkdən şərəfli olmaqla yanaşı, daha çətin və daha məsuliyyətlidir. O səbəbdən hərb meydanında qazanılmış Zəfəri davamlı prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək vacibdir, tarixi zərurətdir. Bu istiqamətdə və bütün cəbhələrdə - informasiya-təbliğat və diplomatiya müstəvisində, iqtisadi və siyasi sferada məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Digər tərəfdən, bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri Zəfər yürüşünün davam etdiyini göstərir. Qalib Azərbaycan qısa müddət ərzində və yüksək səviyyədə Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı təmin edəcək. Bu, tariximizin ikinci Böyük Qayıdışıdır. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Qayıdışı, Azərbaycanın Qurtuluşu ilə başlayan modern dövlət quruculuğu bizi tarixi Zəfərə apardı. Tarixi Zəfər isə Böyük Qayıdışa, hərbi-siyasi əsarətdən xilas edilmiş yurd-yerlərimizə qayıdışa imkan yaratdı. Əminliklə söyləmək olar ki, öz ərazi bütövlüyünü təmin etmiş, bölgənin lider dövlətinə - regional güc mərkəzinə çevrilmiş Azərbaycan modern dövlət quruculuğunun və tarixi Qələbənin açdığı Zəfər yolu ilə yeni zirvələrə yüksələcək, yenə də tarix yazacaq, adını tarixə əbədi yazdıracaq.
- Yeni Azərbaycan Partiyasının Ümummilli Liderimizin bioqrafiyasında yeri və rolu müstəsnadır. Şübhəsiz ki, ümumxalq partiyası Heydər Əliyevin Azərbaycan xalqına növbəti siyasi mirasıdır...
- Haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP olduqca mürəkkəb şəraitdə, ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır. Bilirsiniz ki, həmin dövrdə “ya olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Həmin tarixə qısa ekskurs etmək məqsədəuyğundur. Bilirsiniz ki, 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi, Yeni Azərbaycan Partiyasının yaradılması təklif olundu. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, - deyə vurğulamışdı. Bu, ümummilli lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, ulu öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektiv inkişafını müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP 30 ilə yaxın müddət ərzində nümunəvi, zəngin və şərəfli yol keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 760 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaq.
- Partiyanın fəaliyyətinin çox mühüm istiqamətlərindən birini Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği təşkil edir...
- Bəli, tamamilə doğrudur, YAP-ın Proqramında Heydər Əliyev irsinin təbliği və təşviqi partiyanın əsas hədəflərindən biri kimi əks olunub. Qeyd edilib ki, Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsi indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsidir. Heydər Əliyev irsinin təbliği xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşması baxımından çox vacibdir. Yeni Azərbaycan Partiyası elmi-praktik konfranslar, müxtəlif tədbirlər vasitəsilə Heydər Əliyevin siyasi və dövlətçilik irsini geniş təbliğ edir.
Əlbəttə, ümummilli liderin ideyaları bütün dövrlərdə həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, parlaq gələcəyini təmin edən dəyərlər sistemi kimi aktuallığını qoruyub, bu gün də belədir. O, təkcə Azərbaycanın inzibati-coğrafi sərhədləri - respublikamızın hüdudları ilə məhdudlaşmır, dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilib. Heydər Əliyev irsi Azərbaycan dövlətinin inkişaf istiqamətlərini müəyyənləşdirir, eyni zamanda, milli siyasi şüurun və siyasi mədəniyyətin inkişafını şərtləndirir. Bütövlükdə, çoxəsrlik tariximizin Heydər Əliyev dövrü dövlətçilik salnaməsidir.
Bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Bu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ümummilli Liderimizin zəngin irsinin araşdırılmasında və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynamasıdır. Bu fəaliyyət həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır.
Müstəqil Azərbaycan böyük yolun - Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Şübhəsiz ki, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirəcək, dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində daha möhtəşəm Azərbaycana şahidlik edəcək!