YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndər Heydər Əliyev Azərbaycanın memarı kimi şanlı tarixi öz əlləri ilə yazmışdır

Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova
  • Hicran xanım, belə bir deyim var ki, “Tarix yalnız dahi şəxsiyyətlərin müdrik və uzaqgörən əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur”. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətini necə şərh edərdiniz?

Əlbəttə ki, əgər biz  hər hansı bir ölkənin  keçdiyi yola nəzər salsaq görərik ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqın taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çox şaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir.

  • O həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik edib. Sizin fikrinizcə, hər iki dövrdə  Ulu Öndərin fəaliyyətinin oxşar və fərqli cəhətləri var idimi?

Bilirsiniz, əgər biz məsələyə ümumi Azərbaycançılıq məfkurəsindən baxsaq, deyə bilərik ki, hər iki dövrdə onun bir amalı olub, Azərbaycanı güclü dövlət etmək, insanların rifahını yaxşılaşdırmaq,  milli-mənəvi, tarixi dəyərləri yaşatmaq idi. İctimai-siyasi nöqteyi-nəzərdən təhlil arasaq, əlbəttə ki, yaranmış vəziyyət fərqli yanaşma tələb edirdi. Ancaq bütövlükdə biz bunu bütöv bir proses kimi izah edə bilərik. Çünki o dövrdə güclü fundament qoyulmasaydı, bu gün bir çox  uğurlara nail olmazdıq. Ümumiyyətlə, sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir. 
İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas  olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı.  Bu isə  müstəqil dövlət qurmaq üçün mühüm amil idi.   O, həmişə bir prinsipi əsas götürürdü:”  Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması  üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi. Mən bunu həm də atam Kamran Hüseynovdan da eşitmişdim. Şəxsən Ulu Öndərin tapşırığı ilə bu layihələr həyata keçirilirdi, bütün çətinliklərlə şəxsən  özü maraqlanırdı.  Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada əsas  məqam Azərbaycanı tanıtmaq idi. Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın  azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Bu gün onun ruhu şaddır, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Özü qədər inandığı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni faşizmini məhv etdi. Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda, regionda deyil, dünyada yeni reallığı yaratmışdır. Ölkəmizin gündən –günə artan nüfuzu bunu bir daha sübut edir.

  Ulu Öndər Azərbaycanı hansı vəziyyətdən hansı inkişaf halına gətirib çıxardı. Bir tərəfdən Ermənistan torpaqlarımızı işğal edib, doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünləri yerləşdirmək, onların   bütün  problemlərinin həll edilməsinə nail olmaq,   digər tərəfdən ölkə vətəndaş müharibəsi həddindədir, iqtisadiyyat çöküb, sərmayə qoyulmur, siyasi münasibətlər xaotikdir. Bütün bu gərgin dövrdə Ulu Öndərin ən böyük xidmətlərindən biri 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Atəşkəs imkan verdi ki, Azərbaycan iqtisadiyyatını qura bilsin, ordusunu qursun, dövlətin demokratik və hüquqi əsasları yaradılsın.  Bu isə heç də asan deyildi. Lakin Heydər Əliyev dühası bütün bu çətinliklərin öhdəsindən gələ bildi. O hər zaman inanırdı ki, Azərbaycan inkişaf edəcək, müstəqil dövlət olacaq, Qarabağ və Şərqi Zəngəzur mütləq işğaldan azad ediləcək. O təkcə inanmırdı, bu arzuların reallaşması üçün mübarizə aparırdı və xalqının inandırırdı ki, mütləq biz öz istəyimizə nail olacağıq.

- O həm də  dövlətin hüquqi əsaslarını yaratdı.

- Böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü in­kişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə eti­barı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırıl­ması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlı­ğın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.İqtisadiyyatda aparılan islahat­lar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miq­yasında layiqli yer tutmasına təkan verdi. 

  • Ulu öndər milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

    -  O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir və bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: “... Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”. Ulu öndərin bu gün də yaşamaqda olan ideya-siyasi varlığına öz münasibətimizi təkcə iftixar hissi keçirməklə deyil, həm də bu ideya dünyasını öyrənmək, tədqiq etmək və həyata keçirməklə ifadə etməliyik. Əsas məsələ bu ideyalara sahib çıxan yeni nəslin yetişdirilməsidir. 

  • Ulu Öndərin ailəyə verdiyi  qiymət mühüm əhəmiyyət kəsb edir.
  • Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimiz ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək, deyirdi ki: “Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailədə ananın rolunu yüksək qiymətləndirirdi: “...hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri yerinə yetirməklə, ulu öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. 
  • Təsadüfi deyil ki, Heydər Əliyevin fəaliyyət istiqamətlərindən biri də  gender bərabərliyinin  təmin edilməsi idi....

- İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet  xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın  məsələlərinin  inkişafına təkan verdi. Ölkə Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən Fərman və Sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Bu   informasiya blokadası şəraitində yaşayan Azərbaycan üçün əsl həqiqətlərin çatdırılmasında mühüm bir vasitə idi. Azərbaycan qadınları ölkəmizin Ermənistan tərəfindən  işğala məruz qalması, 500 mindən çox qadının və 300 mindən çox uşağın öz Vətənində məcburi köçkün vəziyyətinə düşməsini bütün dünyaya çatdırdılar.   Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamətin, xüsusilə də qaçqın və məcburi köçkün qadınlarla  bağlı  istiqamətin müəyyən edilməsində aktiv iştirak etdilər. Bunu da qeyd etmək lazımdır ki,  Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxaldı. 2006-cı il fevralın 6-da dövlət başçımızın imzaladığı  Fərmanla  Ailə , Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin  yaradılması  əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki,  ailə, qadın  və uşaq  problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir.  İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə  qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökümət təşkilatlarında  qadınların  artan sürətlə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır.     Həyatımızın bütün sahələrini  əhatə edən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli Fərmanı, əslində Müstəqillik dövrünün ən önəmli Qanunlarından birinin təsdiqinə şərait yaratmış oldu. Buradan belə nəticəyə gələ bilərik ki, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir. Fərəhli haldır  ki, Azərbaycanda  Gender  büdcələşməsi təsdiq olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixdə imzaladığı Fərmanla  “Məişət zorakılığının  qarşısının alınması haqqında” Qanunun  qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması  ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu Qanunların və Məcəlləyə dəyişikliklərin edilməsində   ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili  Mehriban xanım Əliyevanın  xüsusi dəstəyi olub. Mehriban Xanım   Azərbaycan qadın hərəkatının lideri kimi  dövlətimizin   tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Həm ölkəmizin daxilində,  həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi  onun öz xalqına, dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir.

- Heydər Əliyev bütün həyatını doğma xalqına, öz ana Vətəninə fədakarcasına xidmətə həsr etmişdir.

-    Zaman keçdikcə biz  bir daha  görürük ki,  sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.