YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2022-ci ilin hərtəfərli iqtisadi inkşaf ili kimi xarakterizə olunması əsas hədəflərdəndir

Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

-Tahir müəllim, aprelin 12-də  Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. 2022-ci ilin arxada qalan dövrü iqtisadi yüksəlişin mənzərəsini necə təqdim edir?

-2022-ci ilin 1-ci rübünün sosial-iqtisadi göstəriciləri uğurludur. 2020 və 2021-ci illərdə iqtisadi subyektlərə, sahibkarlara göstərilən dövlət dəstəyi, iqtisadiyyatda aparılan islahatlar nəticəsində bu ili sürətli artım tempi ilə başlamışıq. İlin birinci rübündə əldə etdiyimiz keyfiyyət dəyişiklikləri kəmiyyət rəqəmlərində də özünü büruzə verir. Ümumi Daxili Məhsulun (ÜDM) 6.8%, qeyri-neft sektorunun 10%-dən çox artması, ixracın 2 dəfə artaraq idxaldan 5.1 mlrd dollar artıq olmsı, qeyri-neft ixracının 45%, xarici ticarət dövriyyəsinin 60%-dən çox artması, xarici dövlət borcunun ÜDM-in 12.5%-nə qədər azalması, dövlət büdcəsinin gəlirlərinin proqnozdan 6.3% (418 mln manat) artıq icra edilməsi, dövlət büdcəsi xərclərinin icrasının isə 99% təşkil etməsi, əhalinin gəlirləri 20% artması, ərzaq inflyasiyasının 17%,  ümumi inflyasiyanın isə 12% təşkil etməsi rübün ümumi və uğurlu iqtisadi mənzərəsidir.  

-Son bir ildən artıq dövr postmünaqişə dövrünün reallıqlarının qəbulu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin miqyasının genişləndirilməsi kimi xarakterizə olunur. Ölkəmiz qeyd olunan istiqamətlərdə hansı nəticələrə imza atıb? Qarşıdakı dövrün  hədəfləri nədən ibarətdir?

-Münaqişənin bitməsilə ölkəmiz regionda geniş bərpa-quruculuq işlərinə start verib. İlk öncə ərazilərin minalardan təmizlənməsi işləri görülüb və görülməkdədir. Bu çox ağır və uzunmüddətli bir işdir, amma müəyyən ərazilər artıq təmizlənib. Dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması hesabına bu bölgədə geniş yol infrastrukturu, elektrik, qaz, su infrastrukturları yaradılmaqdadır. İlk yaşayış məskəni artıq demək olar ki, hazırdır. Bu il ilk köçürülmə prosesi başlayacaq. Şuşa şəhərində geniş quruculuq işləri getməkdədir. Eyni zamanda, bu regiona özəl investisiyaların cəlb edilməsi üçün yeni qanunvericilik aktları hazırlanmaqdadır. Düşünürəm ki, hüquqi çərçivələrin, iqtisadi təşviq paketlərinin hazırlanması əsas hədəflərimizdən biridir. Regionda sənaye parklarının yaradılması, yaşıl enerji, su ehtiyatları, kənd təsərrüfatı sahələrin inkişaf etdirilməsi, yeni iş yerlərini açılması əsas fəaliyyət istiqamətlərindəndir.

-Müşavirədə Prezident İlham Əliyev Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlinin qoyulmasını önə çəkərək bölgələrin potensialı fonunda bu əminliyi ifadə etmişdir ki,  bura qoyulan hər bir manat xeyir gətirəcək. Azərbaycan sahibkarlarının çağırışlara dəstəkləri yüksək dəyərləndirilmişdir. Hazırkı bərpa-quruculuq mərhələsində sahibkarların rolunu necə görürsünüz?

-Hazırda regionda bərpa-quruculuq işlərində xeyli sahibkar, minlərlərlə insan çalışır. Sənaye parklarında sahibkarlar üçün yaradılan şərait onlara məhsul istehsal etmək, bu məhsullardan bərpa-quruculuq işlərində istifadə etmək və ixrac etmək kimi geniş imkanlar vəd edir. Məhz bu səbəbdən regiona sahibkarlar tərəfindən maraq böyükdür. Digər tərəfdən, regionda dağıntıların həcmi kifayət qədər böyükdür. Bu işlərdə dövlət-sahibkar əməkdaşlığı, birgə layihələri mühüm rol oynayacaqdır. Həm də bu əməkdaşlıq regionda iş yerlərini yaradılmasına, köçürülən insanların məşğulluğunun təmin edilməsinə gücü təkan verəcəkdir.   

-Tahir müəllim, dövlət başçısı İlham Əliyev müşavirədə  yekun nitqində qarşıda dayanan vəzifələri açıqladı. Hazırda dünyada ərzaq məhsullarının qiymətinin artmasını önə çəkərək bu çağırışı etdi ki, daxili təminat artmalıdır. Həm azad edilmiş torpaqlarda, həm də digər bölgələrdə əkin işlərinin daha genişmiqyaslı aparılması üçün göstərişlər verilib. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, qarşıya qoyulan hədəflər  fonunda Azərbaycanı hansı yeniliklər gözləyir?

-Hazırda dünyada müşahidə olunan və getdikcə artacaq ərzaq qıtlığı problemi hər bir dövlət üçün ciddi çağırışdır. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının bu problemi ciddi nəzarətə götürməsi nəticəsində ölkəmizdə ərzaq qıtlığı müşahidə olunmur. Qiymət artımlarının yumşaldılması üçün həm inzibati rıçaqlardan, həm də daxili istehsalı artıra bilən dəstək proqramlarından istifadə edilməsi təqdirəlayiq haldır. Eyni zamanda, ölkəmizdə iqtisadiyyatın sürətli artım mərhələsinə qədəm qoyması, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar ərzaqla təminatı daha da yaxşılaşdıracaqdır. İşğaldan azad edilmiş ərazilərdə əkin işlərini geniş vüsət alması da bu işə xüsusi təkan verəcəkdir. Hesab edirəm ki, paralel olaraq ərzaq sahəsində emal sənayesinin inkişafı ilə bağlı yeniliklərin tətbiq olunması vacibdir.

Yekun olaraq, 2022-ci il hərtəfərli iqtisadi inkşaf ili kimi xarakterizə olunması əsas hədəflərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət bunun üçün münbit şərait yaratmaqdadır. İnanıram ki, ilin yekunları hədəflərimizə nail olmağın mühüm göstəricisi olacaqdır.