YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva

-Sevinc xanım, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Azərbaycan COVID-19-la mübarizədə istər ölkəmidə əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından müsbət göstəricilərə malikdir. Ancaq dünya səviyyəsində pandemiya ilə səmərəli mübarizə sahəsində hələ də ciddi problemlər qalmaqdadır. Bu baxımdan, fevralın 25-də BMT Baş Assambleyası sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib.

Ümumiyyətlə, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və bu mənada Ümumdünya Səhiyyə Təşkilatının səyləri əlbəttə ki, əvəzolunmazdır. Eyni zamanda, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük əhəmiyyət daşıyır. Belə yüksək səviyyəli tematik müzakirələrin məhz dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi bir vaxtda keçirilməsi, əlbəttə, təsadüfi deyil.

Məlumdur ki, Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölkələr də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. Digər tərəfdən isə Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövr qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr də məhz Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərib. Bütün bunlar Azərbaycanın pandemiya ilə qlobal mübarizədə verdiyi töhfələrdir.

-Azərbaycanın beynəlxalq müstəvidə rolu və nüfuzu əhəmiyyətli dərəcədə artmaqdadır. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri haqqında nə deyə bilərsiniz?

- Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atıblar. Hazırda da münasibətlər uğurla inkişaf edir.  Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edərkən  qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Bu görüş zamanı Prezidentimiz İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına verdiyi töhfələri müsbət qiymətləndirib. Ən önəmli məqam Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək istəyidir. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə öz töhfələrini verməyə hazırdır.

Bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır. Bütövlükdə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

-Avropa İttifaqının Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində təşəbbüsləri necə qiymətləndirilə bilər?

- Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapır, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artır. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi nəzərdə tutulur. Bilirsiniz ki, ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı önəmli görüşlər keçirildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə görüş keçirildi. Görüşdə regionda kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası və digər məsələlərlə bağlı geniş müzakirələr aparıldı. Bu il fevralın 4-də isə Avropa İttifaqının sədri qismində Fransanın Prezidenti Emanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə videokonfrans formatında görüş baş tutdu. Regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün Avropa İttifaqının göstərdiyi bu təşəbbüslər çox faydalıdır. Azərbaycan əldə edilən bütün razılaşmalara sadiqdir. Amma Ermənistan da razılaşmalara əməl etməli, vəziyyəti gərginləşdirməyə yönəlik addımlar atmamalıdır. Aİ-nin xüsusi nümayəndəsini qəbul edərkən dövlətimizin başçısı vurğulayıb ki, keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfi konstruktiv formada davranmalıdır.

Eyni zamanda, Avropa İttifaqının işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işinə töhfə vermək istəyi, o cümlədən ölkəmizə 2 milyard avro güzəştli kredit ayırması da təşkilatın bölgəmizlə bağlı təşəbbüslərinin əhəmiyyətli olduğunu təsdiqləyir. Bundan əlavə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır.