YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndərin “İqtisadiyyat nə vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” tezisi bütün dövrlərdə aktuallığını qoruyur

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə

- Akif müəllim, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin anım günüdür. Ümummilli Liderin ideal lider obrazını necə təqdim edərdiniz? Dahi şəxsiyyətin adı çəkiləndə ilk olaraq göz önünə hansı xidmətlərini gətirirsiniz?

- Tarixi Zəfərimizin birinci ildönümünü qeyd etdik. Öncə bunu qeyd etmək istərdim ki, 30 il ermənilərin tapdağı altında olan  Qarabağımızın işğaldan azad olunmasının özü ulu öndər  Heydər Əliyevin 50 il, 60 il bundan öncə Azərbaycanın inkişafı üçün  yaratdığı əsasların göstəricisidır.

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nin Birinci katibi seçiləndə ölkədə ab-hava tamamilə dəyişdi. O illərin şahidiyəm. Onda 35 yaşım var idi, yenicə elmlər doktoru olmuşdum. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn kimi  gənclərə yol açdı, onlara istinad etdi, ətrafına topladı. Partiya işində, dövlət işində, iqtisadiyyatda, elmdə, təhsildə, o cümlədən də Azərbaycanın müdafiə siyasətində gənclərə geniş yer verildi. Bütün bunların 1969-cu ilin avqust plenumunda əsası qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Elmə,  təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərir, yüksəkixtisaslı kadr potensialı yetişirdi. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa edərkən məhz bu kadr və intellekt potensialı köməyə çatdı.

Ulu Öndərin hakimiyyətinin birinci dövründə qoyulan möhkəm təməlin nəticəsi idi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qarşısında geniş imkanlar açıldı. 1993-2003-cü illərdə ölkəmizin əldə etdiyi uğurların miqyası 2003-cü ildən Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişləndi. Azərbaycan günbəgün qüdrətlənir, çiçəklənir, dünyada tanınır, nüfuz qazanır. Azərbaycanın adı Avropada, Asiyada, Amerikada, dünyanın hər bir guşəsində böyük hörmətlə çəkilir. Azərbaycanda mövcud ab-hava dünya dövlətlərini, böyük şirkətləri ölkəmizə cəlb edir, iqtisadiyyata investisiya yatırmalarına imkanlar yaradır. Reallıq budur ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalananda ulu öndər Heydər Əliyev olmasaydı heç bir dövlət, şirkət gəlib ölkəmizə investisiya yatırmazdı. Onlar gəlməsəydi Xəzər nefti  bu gün istehsal olunmayacaqdı. Sonunun necə olması bilinmirdi. Çünki Xəzərdə neft-qaz yataqlarının kəşfiyyatı və onların işlənilməsini təmin etmək üçün böyük vəsaitlər lazım idi. Heydər Əliyev buna nail oldu. Məhz onun imkanları, Azərbaycanda yaratdığı sabitlik, biznes mühiti nəzərə alınaraq dünyanın iri şirkətləri bu müqavilədə iştirak etdi, Azərbaycan iqtisadiyyatına böyük məbləğdə investisiyalar yatırdılar. Onun sayəsində iqtisadiyyat stimul aldı. Bax, “Azəri” “Günəşli”, “Çıraq”, “Şahdəniz” və digər yataqlarda Sovetlər dövründə kəşfiyyat işləri aparılmışdır, amma onların istehsal prosesinə qatılması, işlənilməyə buraxılması, onlarda qazma işlərinin  aparılması və sair böyük vəsait tələb edirdi. O da məlumdur ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Bakıda o vaxtlar üçün nadir müəssisələr (məişət kondisionerləri, dərin dəniz özülləri zavodları) tikilmişdi. Heydər Əliyevin  istər sovetlər dövründə, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atılan addımların uğurlu nəticələri bugünkü Azərbaycanın simasında özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın mövcudluğu qürur doğurur. Bütün dünya üçün ümumi bəlaya çevrilən pandemiyanı nəzərə almasaq insanlarda xoş əhval-ruhiyyə var. Həm ölkəmizin sürətli inkişafı, həm də torpaqlarımızın işğaldan azad olunması, 30 ilin torpaq həsrətinə son qoyulması xalqımızda qururlu ovqat yaradır. Televiziya kanallarını izlədikcə paytaxt və bölgələrimizdə gedən bərpa və quruculuq işlərindən fərəhlənirsən.  Bax, bunlar  Heydər  Əliyev siyasətinin göstəriciləridir.

Azərbaycan innovasiyalar ölkəsidir. Gənclərimiz müasir dövrün yaratdığı imkanlardan bəhrələnərək yalnız ölkə daxilində deyil, dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsillərini davam etdirir, yüksək ixtisaslı kadr kimi yetişərək əldə etdikləri bilikləri müstəqil Azərbaycanımızın inkişafına yönəldirlər. Bundan yaxşı nə ola bilər? Bunlar Heydər Əliyev siyasətinin  bizə verdiyi imkanlardır.

Böyük fəxrlə deyirəm ki, keçmiş İttifaqda heç bir respublikanın bu qədər nailiyyəti yox idi. Əvvəldə də qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan gəncləri İttifaqın nüfuzlu universitetlərində təhsil almağa göndərildilər. Heydər Əliyev öz imkanlarından istifadə edərək Azərbaycan gəncliyinə ölkədən kənarda bir universitet yaratdı. O illər gənclərimizin həyatında, özünə inamında böyük rol oynadı.

- Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrinizdən, keçirilən görüşlərdə diqqətinizi çəkən məqamlardan bəhs etməyinizi istərdik

- Yaxşı yadımdadır. 70-ci illər idi. O zaman gənc direktor idim. Ulu öndər Heydər Əliyev məni qəbul etdi. 50 dəqiqə söhbətimiz oldu. Bu görüş, Ümummilli Liderin tövsiyələri, göstərişləri mənim üçün bir  yol xəritəsi oldu. Ömrümün sonunadək yaddaşımda həkk olunacaq həmin görüşümüzdən 45 il keçir. 45 ildir burdayam, direktor işləyirəm. Məhz Ümummilli Liderin xeyir duası uğurlarımda böyük rol oynadı, yol açdı.

Bir dəfə Rusiya alimlərinin  böyük bir qrupu ölkəmizə gəlmişdi.  Onda  ulu öndər Heydər Əliyev məni də onlarla birgə qəbul etdi. Qəbul başa çatdıqdan sonra onlarda böyük təəccübü gördüm. Nümayəndə heyətini təəccübləndirən Ümummilli Liderin biliyi, hərtərəfli olması, məsələlərə dəqiq yanaşaraq mövzu ilə bağlı o sahənin mütəxəssisi kimi münasibət bildirməsi olmuşdu. Həmin nümayəndə heyətində təmsil olunanlar böyük təcrübəyə malik alimlər idi. Heydər Əliyev hər bir sahədə yüksək biliyə, təcrübəyə malik idi. Çünki ulu öndər Heydər Əliyev hər bir məsələyə özü hazırlaşırdı, özü diqqət göstərirdi. Bu da gələcəklə bağlı inkişaf strategiyasını hazırlanmasında yardımçı olurdu. Rusiya alimlərinin böyük bir qrupu ilə görüşdə Ulu Öndərin tövsiyələri, dəstəyi sonrakı mərhələdə onlar üçün çox böyük əhəmiyyəti olmuşdur. Təkcə bir görüşün ortaya qoyduğu məqamlara diqqət yetirin.

- Akif müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının  inkişafının böyük mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. “Heydər Əliyev və Azərbaycan elmi” mövzusu ilə bağlı fikirlərinizdə hansı ümumiləşdirməni aparmaq istərdiniz?

- Qeyd etdiyim kimi, Ümummilli Lider daim elmin inkişafını diqqətdə saxlayıb.  Heydər Əliyev hələ 1969-cu il plenumunda islahatları elan edərkən bildirmişdir ki, bütün islahatlar elmi əsaslarla həyata keçirilməlidir və elm inkişaf etməlidir. Ulu Öndərin “İqtisadiyyat nə vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” tezisi bütün dövrlərdə aktuallığını qorudu, Akademiyanın hərtərəfli inkişafı üçün təməl oldu.

Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəldiyi zamanlarda akademik üzvlərin sayı 200-ə çatdırılmışdır. Bu, Akademiyanın  inkişaf mənzərəsi idi. Akademiya  70-80-ci illərdə genişləndi. 10-15-dən çox yeni idarələr yarandı. Nə üçün? Elmlə istehsalatı birləşdirmək məqsədilə bu addımlar atıldı. Təəssüflər olsun ki, hazırda onların hamısı bağlanıb.

Elm nədir? Elm yalnız alimdən ibarət deyil. Elmi yaradan Liderdir,  onun mühəndisidir, laborantıdır, Yəni, innovativ istiqamətdə düşünən  iqtisadçılardır. Bunlar hamısı o zaman yaradıldı. Elə əlaqələr quruldu ki,  elmin inkişafına təsir göstərmək imkanları yarandı. Akademiyada dünya elminə verilən töhfələr olduqca böyük idi. Bizdə hər il SSRİ Elmlər Akademiyasının mühüm nəticələri çap olunurdu. Dünya elmində Azərbaycan alimlərinin öz yeri və rolu  vardır. Hətta Azərbaycan elminin bütün nəticələri SSRİ elminin nəticələri arasında özünəməxsus layiqli yer tutmuşdur. Bu, özü böyük göstərici, böyük təqdimat idi. Bu uğurlarımızın təməlində nə dayanırdı? Əlbəttə, Heydər Əliyevin Azərbaycanla bağlı qurduğu gələcək və elmin bu məqsədlərə nail olmağa verəcəyi töhfələr.  Heydər Əliyevin bir azərbaycanlı olaraq keçmiş İttifaqda yüksəldiyi, tutduğu vəzifələrə diqqət yetirək. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Təsəvvür edirsiniz? O, yeganə dövlət xadimi idi ki, SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinə gedib və  çıxış etmişdir. Elmin qarşısına qoyduğu məsələlər - elmlə istehsalatın, elmə təhsilin birliyinin yaradılması   olduqca böyük inkişafa təkan verdi.

Əlbəttə, elm həyatımızın çox mühüm istiqaməti kimi inkişaf edir. Elmsiz cəmiyyət təsəvvür olunmur. Qeyd etdiyim kimi, “Əsrin müqaviləsi” imzalandı. Xarici şirkətlər, təcrübəli mütəxəssislər Azərbaycana gəldi. Onlar bizim geologiyamızı bilmirdilər. Gəlib ekspertlərimizin, mütəxəssislərimizin bilik və təcrübələrini gördülər. Təkcə bizim institut onlarla 50-dən artıq müqavilə imzaladı. Onlar nəyi necə etmək lazım olduğunu bizdən öyrəndilər. Bax, bunlar  Heydər Əliyev məktəbinin göstəriciləridir.

Hər bir istiqamətin inkişafı əlaqələrin qurulmasını tələb edir. Elm sahələri bir-biri ilə sıx bağlılıq fonunda inkişaf etməlidir. Bugünkü inkişafın təməlini Heydər Əliyev qoydu, Prezident İlham Əliyev uğurla davam etdirir və şaxələndirir.  Bax budur inkişaf: təməl və şaxələndirmə. Bu gün neft sənayemiz dünyada  ən sürətlə inkişaf edən neft sənayesi kimi qeyd olunur. Düzdür, digər ölkələrin də neft sənayesi inkişaf edir. Amma Azərbaycan bu gün  Cənubi Xəzər hövzəsində liderdir. Yollar quruldu, əlaqələr genişləndi, neft-qaz kəmərləri reallaşdı. Bütün bunlar Heydər Əliyevin böyük fəaliyyətinin nəticəsidir. O, Azərbaycanın vurğunu idi. Millətini sevən, tanıdan, qayğısına çəkən Lider idi. Ulu Öndər istəyirdi ki, azərbaycanlılar hər yerdə özlərinə layiq olan  bir səviyyədə qəbul olunsunlar. Ümummilli Liderin gözlərində hər zaman gələcəyi görürdük.

- Ulu Öndərin vaxtilə bir hədəf kimi səsləndirdiyi  “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini indi reallıqda əksini tapan uğurumuz kimi söyləyə bilərikmi?

- Əlbəttə. Azərbaycana dünyadan baxış yüksək səviyyədədir. Azərbaycan uğurları ilə, inkişaf strategiyası ilə diqqətdədir. Hər bir sahədə zəngin təcrübəyə malikdir. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin böyük əsəridir.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev bu gün bu xətti bacarıqla davam etdirir. Bu gün bu siyasət o qədər incələnib, təkmilləşib, yeniliklərlə zənginləşib ki,  bütün sahələr arasında əlaqələr var. Kompleks tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycanın qarşısında geniş imkanlar açılır.

- Akif müəllim, Ulu Öndərin möhkəm təməlini yaratdığı Azərbaycan elminin gələcəyini necə görürsünüz?

- Gələcəkdə də Azərbaycan elmi inkişaf  edəcək. Amma bu gün bizim kadr problemimiz var. Kadr problemi nədən ibarətdir? Təhsillə elmin inteqrasiyası gücləndirilməlidir. Bir-biri ilə sıx əlaqələri yaradılmalıdır. Akademiyada universitet kafedralarının filialları açılmalıdır. Akademiyada tələbələr işləməlidirlər. Bizim institutda bu gün BDU-nun, Azərbaycan Neft və Sənaye Universitetinin tələbələri çalışırlar. Onlar burada təkmilləşirlər. Bu proseslər dərinləşib, genişlənməlidir.