YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yarandı

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “91-lər”dən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Ədalət Fərəcov

- Ədalət müəllim, ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası 29 yaşını qeyd edir. Partiyanın qurucularından biri kimi 29 il bundan öncəki dövrü necə xarakterizə edərdiniz?

- Yeni Azərbaycan Partiyasından söhbət açanda ilk növbədə şəxsiyyətinə böyük hörmət etdiyimiz ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəzi məqamlara diqqət yönəltməyə  böyük ehtiyac var. Heydər Əliyev elə bir dahi şəxsiyyət olub ki, onun misilsiz xidmətlərini bir çıxışa, bir monoqrafiyaya,  bir kitaba sığışdırmaq mümkün deyil. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı yaşayır, Heydər Əliyevin fenomen tarixi Azərbaycan üçün, Azərbaycan tarixçiləri üçün  bütün  hallarda tədqiqat mövzusu olaraq öz aktuallığını saxlayacaq.

Məlum olduğu kimi, Heydər Əliyev ilk azərbaycanlı olub ki, təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb və ən yüksək - general rütbəsi alıb. Ulu Öndər milli kadrların təhlükəsizlik orqanlarına işə cəlb olunmasına  müstəsna əhəmiyyət vermişdir.  Sanki  Azərbaycanın gələcəyini  özünün intellekti səviyyəsində  qərarlaşdırmışdır. Digər tərəfdən Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən  çox sayda Azərbaycan ziyalısının həyatını o vaxt  üçün  yarana bilən real təhlükədən xilas etmişdir. Təsüdüfi deyil ki, həmin ziyalıların   əksəriyyəti sonrakı illərdə  mətbuat vasitəsilə ulu öndər  Heydər Əliyevə  dəfələrlə öz razılıqlarını və təşəkkürlərini bildirmişdilər.  Bütün bunlar sübut edir ki, Heydər Əliyev  hələ  təhlükəsizlik orqanlarında fəaliyyət  göstərərkən  adını  formalaşmış şəxsiyyət olaraq intellekt imkanlarına istinad etməklə   Azərbaycan  tarixinə qızıl hərflərlə yazmişdir. Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı fəaliyyətinin birinci mərhələsi hesab olunur. Çünki tarixçilər, filosoflar, politoloqlar Ümummilli Liderin  Azərbaycan xalqı qarşısındakı xidmətlərini bir neçə mərhələyə bölürlər.  İkinci mərhələ onun 1969-1982-ci illərdə  Azərbaycan KP MK-nın  birinci katibi, üçüncü mərhələ 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmasıdır. 1990-1993-cü illər Naxçıvan dövrü, 1993-2003-cü illər isə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı, Azərbaycan Respublikasının Prezidenti dövrüdür.

Ulu öndər  Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi illərin bəzi məqamlarını diqqətə çatdırmaq istəyirəm.  Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz keçmiş İttifaq respublikaları arasında ən geridə qalmış respublika idi. Ümummilli Liderin səriştəli fəaliyyəti, işgüzarlığı, yorulmaz, tükənməz imkanları və həmin imkanlardan bacarıqla istifadə etmək məharəti, idarəçilik qabiliyyəti çox qısa müddətdə Azərbaycanı inkişaf baxımından aşağı səviyyələrdə dayanan respublikaların sırasından ən öndə dayanan  respublikaların  sırasına yüksəltdi. Heydər Əliyev Azərbaycanın gələcəyi üçün vacib olan bütün sahələrin- kənd təsərrüfatının, sənayenin inkişafına,   yeni zavod və fabriklərin yaradılmasına, təhsilə, səhiyyəyə,  mədəniyyətə, iqtisadiyyata xüsusi diqqət göstərdi.

Qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin mühüm əhəmiyyət verdiyi sahələrdən biri   təhsil  idi. Xüsusilə, azərbaycanlı gənclərin hərbi sahədə təhsil almaları üçün Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Hərbi və Fiziki təlim fakültəsi açıldı. Həmin fakültə öz fəaliyyətini bu və ya digər şəkildə bu gün də davam etdirir. Elə həmin illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi lisey yaradıldı.  Ulu öndər Heydər Əliyev orta məktəbi yenicə bitirmiş istedadlı gənclərin keçmiş İttifaqın böyük elm mərkəzlərinə getmələrini təşkil edirdi.  Eyni zamanda,  hərbi sahədə də azərbaycanlı gənclərin  hərbi məktəblərə ezam olunmalarına və  hərbi təhsil almalarına qayğı göstərirdi. O, yalnız Azərbaycanın bu gününü deyil, gələcəyini də  fikirləşirdi.

- Tarixə qısa baxış ulu öndər Heydər Əliyevin  daim Azərbaycanın gələcəyi barədə  düşündüyünü təsdiqləyir. O illərdə atılan addımlar   Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, daha dəqiq desək, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin hərtərəfli inkişafında möhkəm baza oldu.  Bəs,  Yeni Azərbaycan Partiyası hansı zərurətdən yarandı? “91-lər”in müraciəti necə formalaşdı?

- Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 illiyini qeyd edirik.  YAP tarixi zərurətdən yarandı. Məlum olduğu kimi, 1988-ci ildən başlayaraq Azərbaycanda hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Hakimiyyətə gələnlər ölkəni idarə edə bilmir, qısa zamanda hakimiyyətdən gedir və onları başqaları əvəz edirdi. Xüsusilə də 1988-1992-ci illərdə baş verən Qarabağ münaqişəsi də ölkədə ciddi sosial və iqtisadi, o cümlədən hərbi-siyasi xaos yaratmışdı. Hakimiyyətin səriştəsizliyi səbəbindən respublikada qarşıdurmalar artıq vətəndaş müharibəsi həddinə gəlib çatmışdı.   Azərbaycan  1991-ci il 18 oktyabrda  müstəqilliyini yenidən bərpa etmişdir. Lakin hadisələr də bu reallığı təsdiqlədi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən də çətindir. Ölkə rəhbərliyinə AXC-Müsavat cütlüyü gəldi. Xalq ümid edirdi ki, yeni rəhbərlik Azərbaycanı böhrandan çıxara biləcəkdir. Amma belə olmadı. əksinə hadisələr daha da dərinləşdi.  Ölkənin parçalanmaq təhlükəsi getdikcə artırdı. Hətta həmin zamanlarda Gəncədə vətəndaş qarşıdurması baş verdi. Tərəflər bir-birini əsir götürürdülər. Bunların hamısı tarixi faktlardır. Sürət  Hüseynovun silahlı dəstələri  Nəvahi qəsəbəsinə qədər gəlib çatmışdı və hakimiyyətdəkiləri hədələyirdi ki, onları məhv edəcək. Bax,  belə bir ağır məqamda Azərbaycan ziyalıları   Azərbaycan xalqının taleyinə artıq daxil olmuş  bir şəxsiyyətin axtarışına qalxdı. Azərbaycan üçün belə bir şəxsiyyət var idi. O, Heydər Əliyev idi. Həmin zamanlarda o,  Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Lakin o vaxt hakimiyyətdə olan cəbhəçilər Heydər Əliyevin nəinki hakimiyyətə gəlməsinə şərait yaratmaq fikrində idilər, heç onun Bakıya gəlməsinə də imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq Heydər Əliyev Naxçıvanda  təcriddə qalmadı. Qədirbilən Azərbaycan xalqı Heydər Əliyevlə əlaqələrini heç vaxt kəsmirdi. Respublikanın müxtəlif regionlarından Naxçıvana gedən insanlar Onunla görüşür, ölkəmizdə baş verən hadisələri və bundan çıxış yollarını müzakirə edirdilər. Həmin görüşlərdə məqsəd Azərbaycanın o zamanki ağır durumundan çıxış yolları tapmaq idi. Bu məsələdə nicat yolunu hər kəs Heydər Əliyevdə görürdü. 1992-ci il 16 oktyabrda 91 nəfər ziyalı  Ulu Öndər Heydər Əliyevə  müraciət etdilər. Əlbəttə, həmin müraciətə  cavabı çox gecikmədi. Ulu öndər Heydər Əliyev, həmçinin onun layiqli davamçısı, cənab İlham Əliyev “91-lər”in fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında “91-lər”in müraciətinin böyük cəsarət tələb etdiyini xüsusi qeyd etmişdir.

Elə 1992-ci il 26 oktyabr tarixində Heydər Əliyev həmin müraciətə müsbət cavab verdi. 1992-ci ilin 21 noyabrında Naxçıvanda əlverişsiz bir şəraitdə Azərbaycanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər yeni yaradılan partiyanın Sədri seçildi. Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində, təxminən 6 ay sonra hakimiyyətə gəldi. Bu, Azərbaycan tarixində müstəsna hadisələrdəndir. Bu, ulu öndər Heydər Əliyev dühasının Azərbaycan xalqı yanında illərdən bəri qazandığı etimadın və etibarın nəticəsi idi.

 - Ədalət müəllim, Yeni Azərbaycan Partiyası tariximizə qələbələr, zəfərlər partiyası kimi yazılıb. Dünyaya səs salan və bu günlərdə birinci ildönümünü qeyd etdiyimiz tarixi Zəfərimizdə də YAP-ın öz rolu, payı vardır. Zəfərimizin yaratdığı reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının   gələcəyini necə şərh  edərdiniz?

- Yeni Azərbaycan Partiyası bu gün sıralarında  760 mindən artıq üzvü birləşdirir.  Bu o deməkdir ki, YAP ümumxalq partiyasıdır.  Ulu Öndərin Azərbaycan dövləti, xalqı  qarşısındakı ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciəti və həmin müraciətdə  cənab   İlham Əliyevə özü qədər inandığını,  Onun gələcəyinə böyük ümidlər bəslədiyini ifadə etməsi oldu.  Bəli, 2003-cü il oktyabr ayında   Yeni Azərbaycan Partiyası tərəfindən  cənab İlham Əliyevin namizdliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Təbliğat prosesi başladı. Bu zaman Azərbaycan xalqı  onu artıq Heydər Əliyevin siyasi varisi kimi qəbul etməyi özündə qərarlaşdırmışdır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi varisi olmaqla onun daxili və xarici siyasətini uğurla davam etdirdi.  Əgər  belə olmasaydı,  2020-ci ildə 44 günlük  Zəfər yürüşünü təmin edə bilməzdi.  Xüsusilə ordunu müasir döyüş səviyyəsinə gətirib çıxardı.  Bu illər ərzində görülən işlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına  hesablanmışdır. Dövlət başçısı İlham Əliyev  bütün beynəlxalq tədbirlərdə  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bildirirdi. Ermənistan isə  bütün hallada  “erməni ordusunun məğlubedilməzliyin”dən bəhs edir,  Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edirdi. Ona gorə də vaxtaşırı  təxribatlar törədirdi. Ermənilərin   Azərbaycana qarşı törətdikləri ən böyük təxribatlardan  biri 2016-cı ilin aprelində baş verdi.  Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə  Azərbaycan özünün hərbi imkanlarının çox cüzi bir hissəsindən istifadə etdi. Amma buna baxmayaraq Cocuq Mərcanlı kəndi, Lələtəpə yüksəkliyi və onun ətrafında olan,  hərbi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yüksəkliklər Azərbaycan ordusu tərəfindən  azad olundu.  Təəssüflər olsun ki,  Ermənistan  bundan nəticə çıxarmadı. Əksinə  2018-ci ilin mayında Naxçıvanın Şərur rayonunda hücum əməliyyatı hazırladılar.  Azərbaycan ordusu əks-hücum əməliyyatı nəticəsində ermənilərin növbəti təxribatının da  qarşısını aldı, Günnüt kəndi azad olundu.  Bu məğlubiyyətdən də Ermənistan tərəfi nəticə çıxarmadı.  2020-ci ilin  iyul ayında Tovuz rayonuna hücum əməliyyatı təşkil etdilər.  Həmin  hücum əməliyyatı 6 gün davam etdi.  Ermənilərin  məqsədi bəlli idi. Azərbaycan ordusu onları yerindəcə məhv etdi.   Ermənistanın yeni ərazi iddiaları getdikcə dərinləşirdi. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam etdi, Ermənistan diz çökdürüldü, kapitulyasiya aktını imzaladı.  İkinci Qarabağ müharibəsi 30 ilin işğalına son qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan ordusunun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Zəfərimiz yeni reallıqlar yaratdı. Qeyd etdiyimiz kimi, partiyanın VII qurultayı da bu reallıqlar əsasında keçirildi. Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti hər zaman  fəaliyyətinin əsası kimi qəbul edir.  Dahi öndər Heydər Əliyevin  dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır.