MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi
- Hicran xanım, bu gün Azərbaycan bölgənin ən inkişaf etmiş, dünyanın ən nüfuzlu ölkələri sırasındadır. Azərbaycanın inkişafını və uğurlarını nə ilə izah etmək olar?
Hazırda Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Dövlət müstəqilliyimizn ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin daha da gücləndirilməsi nəticəsində Azərbaycan həm özü inkişaf edib, həm də dünyada enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil aktor statusunu təsbit etdən dövlətlərdən biridir. Azərbaycan elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, əksər regional və ya beynəlxalq layihələr onun iştirakı olmadan reallaşmır. Yaranmış yeni reallıqlar isə bu statusu daha gücləndirəcəkdir. Prezident İlham Əliyev ölkəmizi yad təsirlərdən qorumağı bacardı, dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi. O, islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə dəyərləri sipərini çəkdi. İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. Nəhayət, 44 günlük Vətən Müharibəsi nəticəsində uzunmüddətli işğala son qoyaraq ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Hələ 2003-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyin və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.
- Hicran xanım, Möhtəşəm Zəfər Tariximizin il dönümü ərəfəsindəyik. Sizin fikrinizcə, bu Şanlı Qələbə həyatımızda nəyi dəyişdi ?
- Hər bir müharibənin nəticəsi, onun necə aparılması, hansı xarakter daşımasından və necə başa çatmasından asılıdır. 44 günlük Vətən müharibəsi, adından da göründüyü kimi, Vətənin müdafiəsi, onun erməni işğalından azad edilməsi məqsədi daşıyırdı. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, düşmən tərəfdən davamlı olaraq atəşkəs rejimi pozulmuş və hərbi təxribatlar törədilmişdir. Son təxribat isə real müharibə müstəvisinə keçdi və düşmən layiqli cavabını, xalqımız isə erməni işğalçıları tərəfindən törədilən bütün vəhşiliklərin, terror aktlarının, şəhidlərimizin qisasını aldı. Bu müharibə 30 ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, alımızı açıq etdi. Ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu.
Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün az saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi. Artıq biz şəhər və kəndlərimizin işğal tarixini deyil, azad edildiyi tarixləri qeyd edirik. Ancaq hələ görülməli işlər çoxdur. Bu gün bütün dünya erməni vəhşiliyini, vandalizmini görməlidir. Bununla bağlı hər birimiz öz sahəmizdə maksimum fəaliyyət göstərməliyik. 44 günlük Vətən müharibəsi həm ölkədə, həm də bölgədə yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan bölgənin güclü dövlətidir. Keçən ilin sentyabr ayına qədər heç kimin ağlından belə keçmirdi ki, tezliklə, Vətən Müharibəsi başlayacaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə möhtəşəm Qələbə qazanacaq, torpaqlarımız erməni işğalından azad olunacaq. Bu gün isə 30 ilə yaxın dağıdılan, talan edilən Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir, məcburi köçkünlərimizin həsrəti bitmək üzrədir. Çox tezliklə vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, hər birimiz Qarabağa gedəcəyik!
- Bu gün işğaldan azad olunan torpaqlarımızda sürətlə tikinti, bərpa-quruculuq işləri həyat keçirilir. Bu prosesi necə qiymətləndirirsiniz?
-Sizin də qeyd etdiyiniz kimi, işğaldan azad olunan ərazilərimiz sürətlə, fasiləsiz olaraq yenidən qurulur. Bu prosesə bütün imkanlar səfərbər edilir, sərmayələr qoyulur. Cənab Prezidenti dediyi kimi, yeganə rəqibimizi zamandır. Lakin həm də ərazilərin minalanması bu prosesi ləngidir. Lakin bununla yanaşı, qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurulması, “Xarıbülbül” festivalından sonra “Vaqif” poeziya günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının ilk sınaq uçuşu etməsi ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarının göstəricisidir. Cənab Prezidentin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməl qoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin baş planın hazırlanması, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi- bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibi kimdir. Bu günlərdə Cənab Prezident İlham Əliyevin Tərtər, Cəbrayıl, Xocəvənd rayonlarına səfəri, ictimaiyyətlə keçirdiyi görüşlər fikirlərimizi bir daha təsdiq edir. Bir il bundan əvvəl azad edilmiş Suqovuşan qəsəbəsinin azad edilməsi təkcə Vətən müharibəsinin gedişatında strateji deyil, həm də Suqovuşan su anbarının olmasıdır. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. 30 ilə yaxın idi ki, bu ərazilər suya həsrət qalmışdır. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Eləcədə “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır. Cəbrayıl rayonu 1 il bundan əvvəl azad olunmasına baxmayaraq, artıq burada danəhəng layihələr icra edilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Düzdür tarixi baxımdan götürsək Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlıya qayıdış “Böyük Qayıdış”ın başlanğıcı oldu. Xocavənd rayonun tərkib hissəsi olan Hadrut qəsəbəsinin bir çox sahələr üzrə o cümlədən, kənd təsərrüfatının, turizmin inkişafı üçün böyük potensiala malikdir.
- Qələbəmizi həzm edə bilməyənlərə, qələbəmizin üstünə kölgə salmaq istəyənlərlə bağlı fikirləriniz?
- Əfsuslar olsun ki, dediyiniz kimi, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürülər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldırır, revanşist çağırışlar edirlər. Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə cənab Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış edərkən bütün ölkələrə müraciət etdi ki, “bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Sual olunur ki, onlar bu 30 ildə niyə BMT Qətnamələrinin həyata keçirilməsi ilə bağlı bu qədər aktivlik göstərmədilər? Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq, konfranslarda, seminarlarda əsl tarixi həqiqətləri deməliyik, erməni vandalizmini ifşa etməliyik. Digər tərəfdən, son zamanlar sosial şəbəkələrdə Azərbaycanın real həyatından çox uzaq olan, bütün bu illər ərzində özünü heç bir müsbət tərəfdən göstərməyən, ölkənin inkişafına dair heç bir konstruktiv təklif verməyən, əvəzində isə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətləri gözdən salmağa çalışan bəzi insanların fikirləri yer alır. Biz bu insanların hansı maraqlara xidmət etdiyini yaxşı bilirik. Bu insanlar Azərbaycanın əldə etdiyi nailiyyətləri, uğurları gözdən salmağa çalışırlar. Azərbaycanın inkişafını, nüfuzunu ləkələməyə cəhd göstərirlər. Bütün bunlar əslində Azərbaycanın dövlət və milli maraqlarına xəyanətdir. Belə qüvvələri xalq da dəstəkləmir, çünki onların fikirləri heç bir zaman öz təsdiqini tapmır. Sosial şəbəkələrdə, internet müstəvisində belə insanlar ifşa edilməli, bütövlükdə insanlar düzgün məlumatlanmalıdırlar.
Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.