YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail olub

Müsahibimiz Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov

- Ramin müəllim, bir neçə gün öncə  ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans zamanı   Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri, xarici ekspertlərin suallarına geniş və əhatəli cavabları gündəmin əsas mövzularından biridir. Bu barədə fikirləriniz bilmək istərdik...

- “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda cənab Prezident İlham Əliyev regionda baş verən proseslərlə bağlı fikirlərini bildirib, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verib. Şübhəsiz ki, bu, Azərbaycan həqiqətlərinin, ölkəmizin 44 günlük müharibədə qazandığı şanlı qələbə sayəsində regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük önəm daşıyır.

Ümumiyyətlə, Azərbaycan dövləti məqsədyönlü siyasət sayəsində qısa müddətdə ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev özünün praqmatik informasiya siyasətini daha da intensivləşdirdi. Xatırladım ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin davam etdiyi 44 gün ərzində dünyada böyük populyarlığa malik olan 30-dan çox transmilli media qurumuna müsahibələr verdi. Həmin müsahibələri götürən müxbirlərin bəziləri özlərini açıq-aşkar qərəzli aparır, təhrikedici və ittihamedici suallar verməkdən belə çəkinmirdilər. Ancaq həmin müxbirlər qərəzli suallarına dövlət başçımızdan, bir qayda olaraq, obyektiv və əsaslandırılmış, tutarlı cavablar alırdılar. Prezident İlham Əliyev sözügedən müsahibələr zamanı yüksək natiqlik bacarığı, diplomatik məharət göstərdi.

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşə qatılması, habelə mühüm beynəlxalq platformalarda söylədiyi nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, O, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Təsadüfi deyil ki, nüfuzlu ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, dərin məntiqə, intellektə, diplomatik məharətə malik olmasını, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə geniş məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.

Birmənalı şəkildə demək mümkündür ki, istər Vətən müharibəsi dövründə, istərsə də münaqişədən sonrakı mərhələdə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən xarici qüvvələrin yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında çox mühüm rol oynadı. Deyilənlər baxımından dövlət başçımızın ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə verdiyi mesajlar da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev konfransda çoxsaylı sualları yenə də yüksək diplomatik məharətlə cavablandıraraq Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bərpa işlərinə, infrastruktur quruculuğuna başladığını, eyni zamanda, regional əməkdaşlıq üçün yaranan perspektivlərin reallaşdırılmasından ötrü öz imkanlarını təqdim etməyə hazır olduğunu diqqətə çatdırdı.

- Dövlətimizin başçısı beynəlxalq konfransda ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Yeri gəlmişkən, bugünlərdə həmsədrlər bəyanatla çıxış ediblər. Bu bəyanata münasibətiniz necədir?

- Həmin bəyanatla tanışam. Bilirsiniz ki, rəsmi səviyyədə həmsədrlərin bəyanatına münasibət bildiirlib. 1992-ci ildən fəaliyyət gösətərən  ATƏT-in Minsk qrupu münaqişənin həlli  istiqamətində heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfə bərabər münasibət sərgilədi. Bu isə yaddaşlarda daha çox “turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi.

Əslində, Minsk qrupunun həmsədrlərinin bu cür “fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Hesab etmək olardı ki, heç olmasa bundan sonra həmsədrlər özlərində güc tapıb düzgün istiqamət götürəcəklər. Lakin görünən odur ki, onlar nə buna cəhd etmirlər, nədə ki, bundan sonrakı proseslərlə bağlı hər hansı təkliflə çıxış etmirlər.

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda bu məqama toxunan Prezident İlham Əliyev bildirib: “Biz, həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra problemin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.

Beləliklə, Azərbaycan tərəfinin haqlı mövqeyi ortadadır. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Və deməli həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq hələ ki, biz bununla bağlı konkret mövqenin sərgiləndiyini görmürük.

- Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb. Sizcə, belə bir parkın yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

- Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı Vətən müharibəsində parlaq qələbəmizi, düşmənin isə ağır məğlubiyyətini özündə ehtiva edir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz düşməni diz çökdürdü. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı həm tezliklə, həm də belə bir cəsarətlə işğalçılardan təmizləyəcək.

Uzun illər davam edən diplomatik danışıqların fayda verməməsi, düşmənin davamlı təxribatları Azərbaycan xalqını hərbi yolla torpaqlarını azad etməyə məcbur etdi və möhtəşəm qələbə qazanıldı. Azərbaycanın "dəmir yumruğu" işğalçı Ermənistana elə bir dərs verdi ki, bu işğalçı ölkə tarixboyu onun zərbəsinin ağırlığını unuda bilməyəcək.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri Vətən müharibəsindəki qələbənin əbədiləşdirilməsidir. Vətən müharibəsində tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edən vacib layihələrdən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Hərbi Qənimətlər Parkının yaradılmasıdır.    Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir. Minalanmış sahələr, toxunarkən səs salan tikanlı məftillər, zirehli texnikanın hərəkətinin qarşısını alan dəmir konstruksiyalar və materiallar, dərin xəndəklər, betonlaşdırılmış istehkamlar, bombalardan qorunmaq üçün bunkerlər və onların arasındakı tunellər işğalçıların Azərbaycan Ordusu ilə təmas xəttində yaratdıqları müdafiə mövqeyinin ayrı-ayrı elementləridir. Bu cür gücləndirilmiş müdafiə xəttinin yaradılması, ilk növbədə, onu göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını heç vaxt sülh yolu ilə azad etmək fikrində olmayıb. Bu mənada, ötən il sentyabrın 27-də əks-hücuma başlayan Azərbaycan Ordusunun bölmələri çətin bir şəraitdə döyüşə atılmalı olmuşdular. Buna baxmayaraq, ordumuz əks-hücum əməliyyatlarına başladığı cəbhənin bütün istiqamətlərində elə döyüşlərin ilk günü Ermənistanın əsas müdafiə mövqelərini darmadağın edərək düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçının alınmaz hesab etdiyi istehkamları ilk həmlədə ələ keçirdilər. Bütövlükdə, döyüşlərdə düşmənin yaratdığı bütün mövqelər ard-arda yüksək hərbi peşəkarlıqla darmadağın olundu və işğalçı əsgərlərin böyük qismi məhv edildi. Bununla yanaşı, Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür.