MÜSAHİBƏLƏR
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qurtuluşuna imza atan, dövlətimizi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyətdir
-Jalə xanım, bildiyimiz kimi dekabrın 12-i Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Ümummilli Liderimizin Azərbaycan tarixində yeri və rolu ilə bağlı fikirlərinizi bilmək istərdik...
-Ulu Öndər Heydər Əliyevin cismən bizdən ayrıldığı gündən 17 illik bir zaman keçir. Ötən zaman kəsiyində biz bu böyük şəxsiyyətin, bu nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı bahasına, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir. Bu xidmətlər o qədər böyükdür, bu işlər o qədər ölçüyəgəlməzdir ki, bütün bunları bir yazıya sığdırmaq, bir yazıda əhatə etmək əlbəttə ki, imkansızdır. Onu bizdən ayıran bu 17 ildə onun haqqında minlərlə məqalə yazılıb, ona şeirlər, poemalar həsr edilib, onun haqqında filmlər çəkilib, ona mahnılar bəstələnib. Hər il onun doğum və anım günlərində konfranslar düzənlənib, onun haqqında inşa yazıları yazılıb, qalaq-qalaq kitablar həsr edilib. Hər bir azərbaycanlı bu böyük şəxsiyyətin qarşısında öz vətəndaşlıq borcunu, öz azərbaycanlılıq borcunu yerinə yetirməyə çalışıb. Hər kəs onu bildiyi və bacardığı kimi tərənnüm etmək istəyib. Amma düşünürəm ki, biz nə etsək, nə yazsaq, nə danışsaq yenə də bu borcu qaytara bilmərik.
O bir dahidir. Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir Dahi! Böyük bir xalqın Atası! Lideri!Yolgöstərəni! Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir Dahi! Xalqının təkidləriylə, tələbiylə bir Simurq quşu təkin Vətəninin səmasında qanad açan, xalqının köməyinə tələsən böyük siyasət adamı, nəhəng bir siyasi xadim!
Bəli! Məhz Heydər Əliyevin sayəsində, o zamana qədər, yəni 1993-cü ilin yayına qədər böyük bir xaos, qardaş qırğını, vətəndaş müharibəsi ilə üz-üzə qalan, separatizmlə qarşılaşan Azərbaycan - büdcəsi, iqtisadiyyatı, sənayesi, ordusu tamamilə yox olub, darmadağın edilən Azərbaycan - qısa bir zaman kəsiyində silkindi, dirçəldi,ayaqları üzərində möhkəm dayanmağı bacardı. Azərbaycanın üçrəngli bayrağı Birləşmiş Millətlər Təşkilatının önündə dalğalandı, dünya ölkələri və ictimaiyyəti Azərbaycanı tanıdı, müstəqilliyimizi qəbul etdi.
Azərbaycan, bu günkü iqtisadi uğurlarının kökündə dayanan böyük beynəlxalq müqavilələrə imza atdı. Əsrin Müqaviləsinin imzalanması ilə, dünyanın aparıcı ölkələrinin Azərbaycandakı iqtisadi maraqları gücləndi. Bu ölkələr Azərbaycanı əhəmiyyətli bir partnyor kimi görməyə başladıar. Azərbaycanın iqtisadi müstəqilliyi təmin edildi.
Bütün dünya ölkələri ilə beynəlxalq, diplomatik, siyasi münasibətlərin əsası qoyuldu. Azərbaycan həm bölgə, həm də digər dünya ölkələri ilə balanslaşdırılmış, dünyəvi dəyərlərə istinad edən, beynəlxalq münasibətlər prinsiplərinə dayanan bir siyasət həyata keşirtməyə başladı.Ən başlıcası isə, o zamanlar artıq beş ildir davam edən Ermənistan-Azəərbaycan-Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi.Azərbaycan sülh şəraitində nəhəng quruculuq işlərinə start verdi.
Bir sözlə, tamamilə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin sayəsində yoxdan var oldu. Azərbaycan bölgəyə, dünyaya bir günəş kimi doğdu.Heydər Əliyev deyirdi ki, mən Azərbaycanda əbədiyəm.O heç bir zaman yanılmırdı. İllərin böyük təcrübəsi, fövqəl bir dövlət adamı olmaq bacarığı, iti ağlı, gələcəyi bir peyğəmbər dəqiqliyi ilə görə bilməsi ona hər zaman doğru olan yolu göstərirdi.
Mən Ulu öndərin, indi öz adını daşıyan, o zamanki Respublika Sarayındakı ən son çıxışını xatırlayıram. 2003-cü ilin aprel ayı. Naxçıvanski adına Hərbi Liseyin müdavimləri ilə görüş… Görüşdə rəhbərin səhhətində yaranan problem…İki dəfə əlini ürəyinin üstünə qoyaraq tribunada müvazinətini itirməsi… Lakin qısa bir zamanda dikələrək, qəlbinin ağrısını öz iradəsiylə, öz daxili əzmkarlığı ilə dəf edərək, milləti, xalqı qarşısında dim-dik ayaq üstündə dayanması! Və nitqini əzmlə sona çatdırması!.. Bu gün belə bu sətirləri yazarkən kövrəlirəm… Üzülürəm… Amma həm də iftixar edirəm. Belə bir Atanın övladları olduğumuz üçün fəxr edirəm. O, ən çətin dəqiqələrdə belə heç vaxt əyilmədi, sınmadı, büdrəmdi, yıxılmadı. Başını dik tutdu, xalqına əyilməzlik, ölməzlik nümunəsi oldu. Həm də bizə doğru olan yolu göstərdi.
“Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, lakin sona çatdıra bilmədiyim taleyüklü məsələləri o layiqincə yerinə yetirəcəkdir”, deyərkən yolgöstərən, dahi insan son nəfəsində belə, son vəsiyyətində belə xalqını düşündü. Xalqı üçün ən doğru olan yolu işarə verdi. Xalqı üçün xilas yolunun haradan və kimdən başlandığını açıqladı. Bu, Ulu öndər Heydər Əliyevin fiziki, mənəvi və siyasi varisi, bu gün adını Xilaskar,Qurucu, Xalq Qəhrəmanı, Müzəffər Komandan kimi adlarla qoşa çəkdiyimiz İlham Əliyev idi.
Bəli! Məhz onun damarında axan Liderlik bacarığı, üstün zəkası, sınmaz iradəsi, dönməz qətiyyəti, Dəmir Biləyi sayəsində Azərbaycan Qafqazın lider ölkəsinə çevrildi. Azərbaycan nəhəng iqtisasi beynəlxalq layihələrə evsahibliyi etdi. Azərbaycan astronomik sürətlə böyüdü, inkişaf etdi, gözəllləşdi. Qafqazın və dünyanın ən inkişaf etmiş ölkələri içərisində yer almağa başladı. “Azərbaycanda ən böyük kapital insan amilidir. Biz nə ediriksə, insanımız, xalqımız üçün edirik”, deyən İlham Heydər oğlu Əliyev, ilk dəfə Prezident kürsüsünə qalxarkən əlini müqədddəs kitabımız Qurani-Kərimə və Ana Qanunumuz olan Konstitusiyamıza qoyaraq verdiyi vədə, “mən hər birazərbaycanlının prezidenti olacağam” vədinə bütün bu illər ərzində sadiq qaldı. Və bu vədini gerçək etmək üçün gecə-gündüz demədən çalışdı. Sözün əsil mənasında hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. O, həm də xalqının yaxşı Prezidenti oldu!
Ötən 17 il ərzində Azərbaycan bütün sahələrdə miqyası ölçüyəgəlməz dərəcədə böyük olan bir inkişaf tempinə nail oldu. Ölkəmizə illər əvvəl gələn əcnəbilər, buraya yenidən gəldikləri zaman gördüklərinə yaxşı mənada təəccüb etdilər. Belə qısa bir zaman kəsiyində, bu qədər böyük ölçülü inkişafın, mükəmməl bir ölkə quruculuğunun necə baş verdiyinə heyrətləndilər.
- Ulu Öndər Heydər Əliyevin fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi mühüm yer tuturdu. Bu barədə nə deyə bilərsiniz?
-Azərbaycan bölgəyə və dünyaya iqtisadi, sosial sahədə, beynəlxalq münasibətlər sahəsində, diplomatiya sahəsində, insani münasibətlər, tolerantlıq sahəsində bir nümuə, model ortaya qoydu. Bu illər ərzində bizim həll edilməmiş tək problemimiz qalırdı. O da Dağlıq Qarabağ münaqişəsi, itirilmiş torpaqlarımız! Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə deyirdi ki, Azərbaycan bölgədə, dünyada ikinci Ermənistan respublikasının qurulmasına imkan verməyəcəkdir. İkinci bir Ermənistan respublikasının qurulması heç bir dünya praktikasına, beynəlxalq prinsiplərə sığmır. Biz, masası arxasında son çarə tükənənə qədər sülh danışıqlarını davam etdirəcəyik. Lakin danışıqlar mümkünsüz olarsa, Azərbaycan öz torpaqlarını son qarışına qədər düşmən tapdağından azad etməyə qadirdir. Buna bizim gücümüz var. Buna qabil olan Ordumuz var!
Ali Baş Komandan,“Biz torpaq bütünlüyümüzü mütləq təmin edəcəyik. Bu münaqişə öz həllini tapacaq”, dedi.Haqqımızı, Ədalətimizi bütün beynəlxalq təşkilatlar qarşısında tələb etdi. Ermənistanın bütün şərtlərini birmənalı olaraq rədd etdi. Qarşı tərəfin, işğalçı ölkənin şərtlərinin qarşısında sadəcə bir şərtimiz var, dedi: “Ermənistanın işğalçı ordusu, işğal etdikləri tarixi,əzəli Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmalıdır! Beləliklə də Birləşmiş Millətlər Təşkilatının Qətnamələri icra edilməlidir!”. Lakin Ermənistan bütün dövrlərdə beynəlxalq hüququn prinsiplərini çeynəyərək, bu prinsiplərə əməl etməkdən boyun qaçıraraq öz təxribatçı siyasətini davam etdirdi. Uydurduğu yalanlarla dünya ictimai fikrini çaşdırmaqla, bu münaqişənin həllini uzatmaq üçün bütün vasitələrəəl atdı.
-Təsadüfi deyil ki, bu münaqişə məhz Ulu Öndərimiz keçmiş SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən istefa verdikdən sonra başladı...
-Çox da uzaq olmayan ən yeni tariximizin səhifələrinə, ötən əsrin ortalarına qayıdaq... Bu o zamanlar idi ki, SSRİ məkanında, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilir, lakin bu cəhdlərin qarşısı alınırdı.Ermənistan ideoloqlarının bu cəhdlərinin qarşısına məhz Heydər Əliyevin sayəsində səd çəkilirdi. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra, ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi xülyaları tamamilə boşa çıxdı.
Ümummilli lider Heydər Əliyevin bu faktla bağlı fikirlərinə nəzər salaq: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu”.
Ümummilli lider Heydər Əliyev daha sonra qeyd edir: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Daha sonrakı illərdə Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifədə - Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi zamanda da erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı cəhdləri, tələbləri qətiyyətlə dəf edildi. Ermənilərin bu cəhdlər, bu tələblər eləcə boş və həyata keçməsi mümkün olmayan arzu olaraq qaldı. Lakin Heydər Əliyevin güclü lider olmaq bacarığını həzm edə bilməyən, Heydər Əliyevin bütün SSRİ məkanındakı nüfuzunu qısqanclıqla qarşılayan keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun qərəzli siyasətinəticəsində bu böyük insan “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əli-qolu açıldı. M.Qorboçovun o zamanlar iqtisadi məsələlər üzrə müşaviri olan üzdəniraq akademik Abel Aqambekyan 1987-ci ilin sonlarında, təəssüf ki, bu gündə erməniliyin beşiyi olan Fransanın “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən alınaraq, Ermənistana birləşdirilməsi kimi sərsəm və separatçı bir bəyanat irəli sürdü.Bu bəyanatdan cəmi bir-neçə ay keçdikdən sonra, 1988-ci ilin fevralında məlum Dağlıq Qarabağ hadisələri baş verdi...
Hadisələrin erməni ideoloqlarının və onların havadarlarının hazırladıqları ssenari əsasında “uğurla” irəliləməsi üçün onların qarşısında böyük bir maneə var idi: HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV! Elə buna görə də keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Heydər Əliyev Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra məlum Dağlıq Qarabağ hadisələri intensiv bir şəkildə genişləndi və getdikcə dərinləşdi.
Onun-Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən məqsədli şəkildə uzaqlaşdırıldığı illəri, Azərbaycanın qarşılaşdığı çətinlikləri, dəhşətli və qorxulu günləri biz hamımız çox yaxşı xatırlayırıq. Bir az əvvəl məqaləmizdə də həmin günlərə qısa bir ekskurs etməyə çalışdıq. Bu vəziyyət 1993-cü ilin 15 iyununa qədər, yəni Ulu öndər Heydər Əliyevin xalqın tələbi, istəyi, arzusu ilə Bakıya qayıtdığı günə qədər davam etdi. Həmin gündən etibarən Heydər Əliyev bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışdı. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə nəinki təkcə cəbhədə vəziyyət Azərbaycanın xeyrinə deyildi. Nəinki təkcə hərbi güc balansı Ermənistanın xeyrinə idi, həm də informasiya mübarizəsində və dünyada onlara bəslənən siyasi simpatiya baxımındanermənilər daha üstün mövqedə idilər. Belə bir şəraitdə müharibənin davam etdirilməsi uğurlu nəticələr gətirə bilməzdi. Dahi Öndər Heydər Əliyev vəziyyəti vaxtında düzgün qiymətləndirdi və ilk addım olaraq atəşkəs əldə edildi. Beynəlxalq ictimai rəyi dəyişmək, Dağlıq Qarabağ reallıqlarını dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqqa-ədalətə doğru dönüş yaratmaq uğrunda uzun və gərgin mübarizə başlandı.
Ulu Öndər deyirdi: "Tələblərimiz, istəyimiz ondan ibarətdir ki, bu təcavüzkar hərbi əməliyyatlar dayandırılsın və silahlı birləşmələr işğal edilmiş ərazilərdən çıxarılsın, həmin rayonların sakinlərinə isə öz daimi yaşayış yerlərinə qayıtmağa imkan verilsin. Hərçənd orada artıq çox şey dağıdılmış, talan edilmış, adamlar öz ev-eşiyindən, neçə-neçə nəslin zəhməti ilə yığılmış sərvətdən, var-dövlətdən məhrum olmuşlar. Bu, əslində, Azərbaycanın dinc əhalisinə qarşı vəhşilikdir, lakin buna baxmayaraq, bu gün biz heç də təvazökarlıq və barışmazlıq mövqeyində durmuruq. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan qonşu dövlətlərdir, sülh və barışıq şəraitində yaşamalıdırlar. Biz hesab edirik ki, ömrü boyu bir-biri ilə düşmənçilik, ədavət aparmaq, ömrü boyu müharibə etmək olmaz. Bu yaxın vaxtlaradək mövcud olmuş əlaqələri yenidən qurulmalıdır. Amma Azərbaycanın ərazi bütövlüyünü bərpa edilmək şərtilə”.
Ulu Öndər Heydər Əliyev, ömrünün son günlərinə qədər bütün siyasi fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında dünya ictimaiyyətinə mütəmadi olaraq ətraflı məlumatlar verən Ulu Öndər bu məlumatlarda özünün qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya qoyurdu: "Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik. Torpağımızın hər bir qarışının itirilməsi bizim üçün dəhşətlidir, ...düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir”.
Bax, belə bir şəraitdə Heydər Əliyev təkcə torpaqlarımızın bütünlüyü uğrunda düşmənlə, onun mənfur siyasəti ilə mübarizə aparmırdı, o bütövlükdə regionun geosiyasi xəritəsini yenidən çəkmək və buraya çox güclü iqtisadi amil əlavə etmək uğrunda böyük bir yola çıxdı. Cənubi Qafqazın "Böyük İpək Yolu"nda Azərbaycanın çox mühüm strateji məntəqə olmaq imkanı əldə etməsi, bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansını qazanması, məhz Ulu öndərin apardığı intensiv və israrlı danışıqlar nəticəsində getdikcə reallığa çevrildi. Gürcüstan da bu proseslərə qatıldı. Təkcə Ermənistan təcrid olundu. Bu proseslər əlbəttə ki, öz-özünə baş vermirdi. Ermənistanı öz tərs mövqeyindən geri çevirməküçün məqsədyönlü şəkildə yaradılmış iqtisadi amil getdikcə regionda daha önəmli rol oynamağa başladı.
Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm uğurlarından biri də, heç şübhəsiz, regionda iqtisadi maraqların intensivliyini artırmaq yolu ilə böyük dövlətləri ermənipərəstlikdən uzaqlaşdırmaq, onları iqtisadi maraqlar müstəvisinə dəvət etməkdən ibarət oldu. Əsrin kontraktı da, Böyük İpək Yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, "Qafqazda təhlükəsizlik paktı" ideyası da məhz bu böyük mərama, bu əhəmiyyətli hədəfə xidmət edirdi və hərtərəfli olaraq düşünülmüş vahid strateji planın ayrı-ayrı məqamları idi.
-Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezdenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Bu hadisə tariximizə qızıl hərflərlə yazıldı...
-Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyavericiliyi və rəhbərliyi ilə hazırlanan və həyata keçirilən uğurlu layihələrlə siyasi müstəqilliyini möhkəmləndirməklə bərabər, həm də iqtisadi müstəqillik əldə etdi. Ölkənin müstəqil siyasi konsepsiyası birinci növbədə iqtisadi maraqlarımıza, eyni zamanda vətəndaşımızın əmin-amanlığına, sabitliyinə, firavanlığına istiqamətlənmişdi. İstər böyük və ya kiçik, uzaq və ya qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni-mənəvi sahələrdəki tərəfmüqabillərlə münasibətdə Azərbaycan öz milli maraqlarından çıxış edirdi.
Bir az öncə yuxarıda sadaladıqlarımız 20-ci əsr Azərbaycan tarixinin son onilliklərinin həqiqətləridir. Və bütün bu keşməkeşlərə, daxili və xarici çalxalanmalara, xaosa, anarxiyaya ancaq Heydər Əliyev kimi təcrübəli və uzaqgörən siyasətçi sinə gərə bilərdi. Məhz onun dühası xalqı bəlalalardan qurtardı. Məhz onun dühası Azərbaycana yeni nəfəs, yeni inkişaf gətirdi. Onun ən böyük arzusu xalqını azad, müstəqil, ölkəsini suveren və bütöv görmək idi. Bunun üçün hətta mümkün olmayanı etdi. Ömrünün qürub çağında, tanrının ona bəxş etdiyi ömür payını rahat, əziyyətsiz yaşamaq yolunu seçmədi. Özünün də söylədiyi kimi, ömrünün qalan hissəsini də xalqına bağışladı. Son nəfəsinə qədər xalqı üçün, ölkəsi üçün çalışdı, onun gələcəyini düşündü. Əbədiyyətə qovuşarkən ölkəsini və xalqını əmin əllərə tapşırdı, bizə böyük bir miras qoyub getdi. Müstəqil, azad, heç kimdən, heç bir xarici qüvvədən asılı olmayan, qərarlarını özü verən, dünyada tanınan və hörmət edilən bir ölkə yadigar qoydu. Amma həm də bir əvəzsiz yadigar, bənzərsiz bir əsər da qoydu özündən sonra. Bu əsər isə Azərbaycan Respublikasınn Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. İki əvəzsiz yadigar, iki dəyərli əsər. Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyev!
Bir az əvvəl gətirdiyimiz iqtibasda söyləndiyi kimi, o bizlərə doğru olanı dedi, doğru olan yolu göstərdi. Onun əbədiyyətə qovuşduğu günə qədər həllini tapmayan, həlli dalana dirənən, həlli mümkün olmayan-bunun səbəbləri də hamımıza gün işığı kimi aydındır və bir az əvvəl yuxarıda həmin səbəblərə qısaca nəzər salmağa çalışdıq - Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola biləcək qəhrəmanı bizə nişan verdi.
Bu böyük şəxsiyyətin müdrikliyi qarşısında sözlər acizdir. Bu böyük insanın hadisələri çox- çox illər əvvəldən görmək bacarığı qarşısında heyrətlənməmək mümkün deyil.
Bir zamanlar, 90-cı illərin başlarında Azərbaycanı yox olmaqdan onun-Ulu Öndər Heydər Əliyevin dəmir əli xilas etdi. Bu əl, xalqının ona uzanan titrək, ümidsiz əlllərini möhkəm sıxdı, xalqa dayaq oldu, arxa oldu! Dəmir güclü bu əl sayəsində Azərbaycan qurtuldu! 21-ci əsrin ikinci önilliyinin sonlarında isə, dəmir güclü daha bir əl - İlham Heydər oğlu Əliyev - ölkəsinin və xalqının Xilaskarına çevrildi!
Həyatda təsadüf və zərurət fəlsəfəsi hər zaman düşündürücü olmuşdur. Bu anlayışların hansı daha məqbuldur və bəşər övladı üçün hansı daha keçərlidir? Bu çətin sualın qarşısında bu gün verə biləcəyimiz daha bir sual və yeganə bir cavab var! Tarix boyu bir xalqın taleyində onu ard-arda ölümdən, məhv olmaqdan xilas edən, ölkəsinə xoşbəxtlik, firavanlıq gətirən, torpaqlarını bütövləşdirən, dövlətinə ehtiram və nüfuz qazandıran neçə ata-oğul lider tanıyırsınız? Deməli, burada təsadüf yox, zərurət bir faktdır. Məhz O - Heydər Əliyev Azərbaycanın Qurtuluşu, məhz O - İlham Əliyev Azərbaycanın Xilaskarı olmalı idi! Bu onların, bu ata-oğulun alın yazısı, bəşər tarixi qarşısındakı missiyaları idi. Onlar Böyük Yaradan tərəfindən elə bunun üçün, bu missiya üçün dünyamıza göndəriliblər. Ata və Oğul! Hər ikisi Xalqını və Ölkəsini Qurtaran!Hər ikisi Qurucu! Hər ikisi Xilaskar!