MÜSAHİBƏLƏR
İşğaldan azad olunmuş bütün torpaqlarımızda həyat yenidən canlanacaq
-Bayram müəllim, bu gün şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edir, hər gün qələbələrz imza atır. Bu barədə düşüncələrinizi bimək istrərdik...
-Əlbəttə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni işğalından azadlığı üçün göstərdiyi cəsarət və qətiyyət hər birimiz üçün qürurvericidir. Bu gün şanlı ordumuz Ali Baş Komandanın əmrlərini şərəflə, inamla yerinə yetirir. Bu yolda xalqımız cənab Prezidentin ətrafında sıx birləşib. Xüsusilə, məcburi köçkünlərin sevincinin həddi-hüdudu yoxdur. Möhtərəm Prezidentimiz bu qətiyyəti ilə bizlərə sanki ikinci həyat verdi. Çünki məcburi köçkün adı ilə yaşamağın ağırlığını bu həyatı yaşayan insanlar yaxşı bilir.
Prezident İlham Əliyev dünyaca məşhur siyasətçi olmaqla yanaşı qətiyyətli lider, böyük sərkərdə olduğunu bir daha təsdiqlədi. Təsadüfi deyil ki, bu gün onunla bütün dünya hesablaşmağa məcburdur. Eyni zamanda onu xüsusilə qeyd etmək istəyirəm ki, dövlətimizin başçısının rəhbərliyi ilə ötən illər ərzində möhtəşəm ordu quruculuğu həyata keçirilib. Bu gün biz və bütün dünya ordumuzun gücünü görməkdədir. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu öz gücünüə görə dünyada 50-ci yerdədir. Hazırda ordumuzun gücünü ən yaxşı Ermənistanın işğalçı ordusu hiss etməkdədir.
Düşmənə sarsıdıcı zərbələr vuran şanlı ordumuz addım-addım torpaqlarımızı işğaldan azad edir. Ali Baş Komandanımız qətiyyətlə bildirib ki, işğalçıları axıra qədər qovacağıq. Biz ordumuzla, Ali Baş Komandanımızla qürur duyuruq. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək.
-Azərbaycan Ordusunun qarşısında aciz qalan erməni hərbi birləşmələri mülki əhalini hədəfə alır, günahsız insanları qətlə yetirirlər. Buna münasibətiniz necədir?
-Bütün bunlar insanlıqdan kənar hərəkətlərdir. Biz əvvəllər də ermənilərdən bunu görmüşük. 1905-ci, 1918-ci illərdə, eləcə də 1990-ci illərin əvvəllərində torpaqlarımızın işğalı zamanı, Xocalı soyqırımında erməni vəhşiliyini görmüşük.
İndi isə ordumuzun qarşısından qaçan ermənilər döyüş bölgəsindən xeyli uzaqda yerləşən ərazilərimiz atəşə tutur, uşaq-qoca demədən onlara qarşı dünyada qadağan olunmuş silahlardan istifadə edirlər. Bu beynəlxalq səviyyədə hərbi cinayət hesab olunur.
Bu cinayətlər bağışlanmazdır və onu törədənlər qanun qarşısında cavab verəcəklər. Azərbaycanın müvafiq orqanları bu istiamətdə iş aparırlar.
Bizim ordumuz isə mülki əhalini vurmur, günahsız insanların qısasını döyüş meydanında alır.
-Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başladıqdan sonra beynəlxalq miqyasda yenə də atəşkəs çağırışları gəlir. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərlə görüşlər keçirir. Siz həmsədrlərin ötən dövr ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bu çağırışları səsləndirənlərə ən yaxşı cavabı möhtərəm Prezidentimiz verib. 30 ilə yaxındır ki, danışıqlarda iştirak edirdik. Amma danışıqların heç bir nəticəsi olmayıb, Ermənistan işğalçılıq siyasətini davam etdirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizə mənasız danışıqlar lazım deyil.
Mən özüm də Minsk qrupunun həmsədrləri ilə dəfələrlə görüşmüşəm. Onlara demişəm ki, sizin fəaliyyətinizdən razı deyilik. Bildirmişəm ki, nə vaxt biz öz doğma torpaqlarımıza qayıtsaq, onda sizin fəaliyyətinizdən razı qala bilərik. Həmsədrlər işğalçı ilə işğala məruz qalan ölkəni bərabər tutursa necə ədalətli ola bilər? əksinə, biz onların dolayısı ilə Ermənistana dəstək verdiyini görürdük. Ona görə də, heç vaxt onlara inanmamışıq.
-Bayram müəllim, Şuşada sərxoş halda rəqs edən Paşinyana nə deyərdiniz?
-Paşinyanın layiqli dərsini Prezidentimiz, Ali Baş Komandanımız verməkdədir. Onun Şuşadakı məlum davranışı, “Qarabağ Ermənistandır və nöqtə” deməsi Paşinyanın burnundan gəlir. O anlamalı idi ki, bu hərəkətləri ona baha başa gələcək. Yəqin öz havadarlarına arxalanırdı. Amma indi görün nə vəziyyətdədir.
Paşinyan yeni hakimiyyətə gələndə, jurnalistlərə müsahibəm zamanı demişdim ki, onun ağlı varsa, Prezidentimizin sülh çağırışlarına müsbət cavab verməlidir. Çünki Ermənistanın inkişafı Azərbaycandan asılıdır. Ona görə də, Paşinyan xoşluqla erməni ordusunu işğal olunmuş torpaqlarımızdan çıxarmalı və iki ölkə arasında sülh yaranmalıdır. Bundan sonra Azərbaycanın hesabına Ermənistanın sosial-iqtisadi vəziyyətini yaxşılaşacaq. Amma zaman göstərdi ki, Paşinyanın ağlı yoxdur. O, güzgüdə özünə baxıb, bir də qarşısındakı sərkərdəyə baxıb fərqlərini görməli idi. Valdayda, Münxendə və digər platformalarda o, Azərbaycan Prezidentinin gücünü görmüşdü.
Amma artıq Paşinyan üçün gecdir. Paşinyan, Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır! İndi get. Onu elə erməni xalqı daş-qalaq edəcək. Çünki o, sülhə getmək əvəzinə müharibə yolunu seçdi, sadə ermənilərin övladlarını ölümə verdi. Bu nə dövlətdi, nə hakimiyyətdi, nə millətdi? Ölmüş əsgərlərinə, yaşlı erməniyə sahib çıxmaq istəmirlər. Yəqin ki, bunun hesabını ondan soracaqlar. Əslində, bu, onların öz problemidir. Azərbaycan Ordusu Prezidentimizin dediyi kimi işğalçıları iti qovan kimi torpaqlarımızdan qovur.
-Bu gün Şuşa ictimaiyyətinin əhval-ruhiyyəsi necədir?
-Şuşa ictimaiyyətinin əhval-ruhiyyəsi çox yüksəkdir. Şuşalılar bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşür. Bu gün hamı qələbəyə köklənib, Ali Baş Komandanımız tərəfindən Şuşanın işğaldan azad olunması müjdəsini gözləyir.
Şuşalılar quş kimi qanad açıb həmin torpaqlara uçmaq istəyir. Qocası da, cavanı da, Şuşanı görməyən uşaqlar da. İnşallah, işğaldan azad olunduqdan sonra hamı bir nəfər kimi gedib Şuşanın yenidən qurulması işində iştirak etmək istəyir.
Onu da qeyd edim ki, 1992-ci ildə Şuşa rayonun əhalisi 22 min nəfər idisə, indi rayon əhalisin sayı 50 faizdən çox artıb. Mən inanıram ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuşa yenidən, yüksək zövqlə qurulacaq, dünyanın ən gözəl məkanına çevriləcək. Prezidentimiz deyib ki, Şuşa bizim məbədimizdir. İnanıram ki, tezliklə qələbə sevincini bütün şuşalılar yaşayacaq.