YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ermənistanın beynəlxalq cinayətlərinə göz yumanlar işğalçı ölkə ilə eyni məsuliyyət daşıyırlar

Müsahibimiz Milli Məclisin deputatı Vüqar İskəndərov

- Vüqar müəllim, uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan sentyabrın 27-də növbəti hərbi təxribata əl atdı. İşğalçı ölkənin bu addımından sonra baş verən proseslər barədə fikrinizi bilmək istərdik…

- Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi otuz il ərzində öz həllini tapmayıb. Azərbaycan ötən dövrdə münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəallıq göstərib, o mövqedən çıxış edib ki, danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq işğalçı Ermənistanın danışıqlarda iştirakı formal xarakter daşıyıb. Düşmən tərəfin niyyəti o olub ki, işğal nəticəsində yaranan status-kvo sonsuzluğadək uzansın. Son vaxtlarda isə biz Ermənistan tərəfdən "yeni torpaqlar uğrunda yeni müharibə" təhdidləri eşidirdik və düşmənin hərbi birləşmələrinin cəbhə zonasında, eləcə də iki dövlət arasındakı sərhədin müxtəlif istiqamətlərində təxribatları intensivləşdirdiyinin şahidi olurduq. Məhz bunların fonunda düşmən ölkə sentyabrın 27-də növbəti dəfə ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribata əl atıb. Beləliklə, dövlətimizin siyasi qətiyyətinin, xalqımızın iradəsinin ifadəsi olaraq Azərbaycan Ordusunun komandanlığı Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə düşmənin sentyabrın 27-də törətdiyi növbəti genişmiqyaslı təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrimizin bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edib. Öz torpağında vuruşan, şəhidlər verən, haqq işi görən Azərbaycan Ordusu xilaskarlıq missiyasını şərəflə yerinə yetirir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğalçıları torpaqlarımızdan qovması nəticəsində demək olar ki, hər gün yeni-yeni ərazilər azad olunur. Onu da deyim ki, bu gün əldə etdiyimiz tarixi uğurlar bir-iki günün işi deyil. İllərdir ki, cənab Prezident bugünkü hərbi, siyasi, diplomatik uğurlarımız üçün uzaqgörən siyasət yeridir və bu gün biz bunun müsbət nəticələrini görürük.

- Paşınyan rejimi hazırda işğal altındakı Azərbaycan torpaqlarında ordumuza qarşı döyüşmək üçün uşaqları göndərir ki, bu da beynəlxaql qanunların kobud surətdə pozulmasıdır…

- Öncə onu deyim ki, hər keçən gün ərzində yeni-yeni məğlubiyyətlərlə üzləşən, rəşadətli ordumuz qarşısında tab gətirə bilməyən işğalçı Ermənistan heyfini dinc, mülki Azərbaycan vətəndaşlarından, o cümlədən uşaqlardan çıxır. Bu da Ermənistan hakimiyyətinin faşist mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirir. Digər tərəfdən, təcavüzkar dövlət, həm də erməni uşaqlara qarşı cinayətlər törədir. Belə ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmələrdən istifadə etdiyi əks olunur. Beləliklə, Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edən işğalçı Ermənistanın bununla çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris Konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozması tam şəkildə sübuta yetirilir. Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunması müəyyən edilib. Dünya birliyi heç olmasa indi hərəkətə keçməli, Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) və Cenevrə konvensiyalarının tələblərini pozan Ermənistan hökuməti tərəfindən verilən, insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara hüquqi qiymət verilməli, onların məsuliyyəti müəyyənləşdiriliməlidir.

- Vüqar müəllim, son hadisələr mənfur düşmənlərimizin daha bir xislətini növbəti daha üzə çıxardı. Belə ki, bir tərəfdən düşmən ölkənin baş naziri döyüşlərin dayandırılması üçün xarici ölkə rəhbərlərinə yalvarır, digər tərəfdən isə işğalçılar humanitar atəşkəsi pozurlar. Sizcə, bu erməni riyakarlığının məqsədi nədir?

- Cəbhə bölgəsində aktiv döyüş əməliyyatlarının başladığı sentyabrın 27-dən etibarən Azərbaycan və Ermənistan arasında 10 , 17  və 26 oktyabr tarixlərində üç humanitar atəşkəs barədə razılıq əldə edilib. Lakin hər üç humanitar atəşkəs Ermənistan tərəfindən pozulub. Belə ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin mülki əhalisini atəşə tutub. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejiminə də Ermənistan tərəfi əməl etməyib – cəmi iki dəqiqədən sonra erməni hərbi birləşmələri silahları işə salıblar. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycanın şəhər və kəndlərini intensiv atəşə tutması nəticəsində 100-ə yaxın  mülki şəxs həlak olub, 300-ə yaxın dinc sakin yaralanıb. Azərbaycan isə mülki əhalini heç vaxt hədəf almır. Silahlı Qüvvələrimiz düşmənin hərbi birləşmələrinin şəhər və kəndlərimizi atəşə tutmasının qisasını döyüş meydanlarında alır.

Bundan əvvəl baza prinsiplərini rədd edən, hətta bir neçə gün öncə "Münaqişənin diplomatik həlli yoxdur" deyən Ermənistanın baş naziri Nikol Paşinyan artıq məcbur olub bu dəfə də danışıqlar üçün ABŞ-a yalvarır. Amma təəssüf ki, danışıqların bərpa olunması üçün yalvaran Ermənistan üçüncü dəfə də atəşkəsə əməl etmək niyyətindən çox uzaq oldu. Bərdə əhalisinə qarşı törədilən qanlı terror bunu təsdiqləyir. Eyni zamanda, müşahidələr onu göstərir ki, hazırda Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Atəşkəs elan olunduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Eyni zamanda digər şəhər və rayonlarımız da atəşə tutulub. Beləliklə, növbəti humanitar atəşkəsin də pozulmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Təbii ki, bütün bunlara görə həm Ermənistan, həm də işğalçıya havadarlıq edən, ona silah-sursat verən, haqq savaşı aparan Azərbaycana isə müxtəlif təzyiqlər göstərən bəzi xarici ölkələr, o cümlədən ATƏT-in Minsk qrupu məsuliyyət daşıyır. Ancaq həm işğalçı ölkə, həm də havadarları bilməlidir ki, bu təzyiqlərlə Azərbaycanı haqq işindən döndərə bilməyəcəklər. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, ölkəmizdə milli həmrəylik mövcuddur və əminik ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusunun son və həlledici qələbə qazanacağı gün uzaqda deyil.