YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün istər döyüş meydanında, istərsə də masa arxasında diqtə edən tərəf güclü Azərbaycan dövlətidir

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, sentyabrın 27-dən başlanan və işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatları uğurla davam etməkdədir. Rəşadətil Azərbaycan Ordusu xalqımızın 30 ilə yaxındır gözlədiyi qələbə gününü yaxınlaşdırır və ərazi bütövlüyümüzün təmin olunmaqdadır. Sizcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin danışıqlar masasından döyüş meydanlarına transferi hansı zərurətdən irəli gəldi?

- Mən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı, illərdir bugünün həsrəti ilə yaşayan və öz dədə-baba yurdlarından qaçqın düşmüş vətəndaşlarımızı, cəbhədə hər qarış torpağımızın azadlığı uğrunda canından keçməyə hazır olan əsgər və zabitlərimizi, öz evlərində əsgər yolu gözləyən valideynləri bu zəfər günləri münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı və dövləti ötən 30 ilə yaxın müddətdə bir gün də olsun torpaqlarımızın azad olunacağına inamını itirməmişdi. Bu gün qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti isə işğalçı dövlətin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Qeyd etdiyiniz kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutdu və buna cavab olaraq, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edildi. Ötən günlər ərzində isə ordumuz döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə layiqli dərs verməkdədir. Məhz Silahlı Qüvvələrimizin uğurları Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində yeni bir mərhələ açıb - artıq nizamlama prosesində diktə edən tərəf Azərbaycandır.

Mən bir məqama toxunmaq istərdim ki, istər regionda, istərsə də qlobal miqyasda hər zaman sülhün və inkişafın dəstəkçisi qismində çıxış edən Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olub. Yerləşdiyi regionun əsas iqtisadi-siyasi aktoru və lider dövləti olan Azərbaycan istər hərbi müstəvidə, istərsə də iqtisadi platformada Ermənistandan dəfələrlərlə güclüdür və bu sirr deyil. Bununla belə, biz illərdir ki, bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllini tələb edirik. Bu faktın özü Azərbaycanın sülhpərvər olduğunu aşkar şəkildə ortaya qoyur. Sadəcə olaraq, Ermənistan dövlətinin və bu dövlətin başında dayananların son dövrlərdə ard-arda sərsəm bəyanatlarla çıxış etməsi, ölkəmizə qarşı işğalçı siyasəti davam etdirəcəkləri ilə bağlı militarist bəyanatlar münaqişənin danışıqlar massında həllinin mümkünsühz olduğunu tam şəkildə reallığa çevirdi. Bu ilin iyul və avqust aylarında istər dövlət sərhədimizdə, istərsə də təmas xəttində düşmən tərəfindən törədilən hərbi təxribatlar Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin yenidən aktiv fazaya keçirilməsinə heçsablanmışdı. Bunun qarşılığında sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra ərazilərimiz azad olundu. Bu gün Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yeni tarixinin ən şərəfli səhifələrni yazmaqdadır. İnanırıq ki, ötən illər ərzində öz iqtisadi, hərbi potensialını artıran, böyük bir inkişaf yolu keçən Azərbaycan dövləti qısa zamanda öz ərazi bütövlüyünü təmin edəcək, Dağlıq Qarabağ və digər rayonlarımız azadlığa qovuşacaq.

- Təbii ki, əldə olunan qələbələr hər birimizi sevindirir. Bununla yanaşı, xain düşmən ard-arda üç dəfə ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumları həyata keçirməklə öz mənfur simalarını bir daha ortaya qoydu. Humanitar atəşkəs haqqında razılığın əldə olunmasından sonra xaincəsinə belə bir terror aktları törətmək bir daha işğalçı dövlətin beynəlxalq hüquqa, hətta müharibə qanunlarına belə riayət etmədiyinin göstəricisi deyilmi?

- Bəli, qısa zaman kəsiyində-cəmi 20 gündə 50-dən artıq şəhər və kəndlərimizin, strateji yüksəkliklərin düşməndən azad olunması Azərbayca Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığının faktoloji sübutudur. Xüsusilə, Cəbrayıl və Füzuli şəhərlərinin, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi istər xalqımıza, istərsə də əsgərlərimizə böyük ruh yüksəkliyi oldu. Təəssüf ki, bu məğlubiyyətləri həzm edə bilməyən mənfur düşmən cəbhə xəttindən, döyüşlərin getdiyi ərazidən 100 km-ə yaxın aralıda olan Gəncə şəhərini raket atəşinə tutdu və əvvəlki illərdə olduğu kimi, dünya ictimaiyyətinin çağırışlarını növbəti dəfə heçə saydı. Gəncəyə edilən hücumlar Ermənistanın terrorçu bir dövlət olduğunu, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam etdiyinin açıq nümayişidir. Gəncənin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması işğalçı dövlətin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Ermənistanın bu barbar və vəhşi hücumları nəticəsində yaşayış binaları dağılıb, mülki şəxslər həlak olub və yaralanıb. Ölənlər arasında günahsız uşaqlar və qadınlar da var.

Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır, müharibə cinayətidir. Humanitar atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi, yaralaması tarixdə görünməmiş bir cinayətdir. Təəssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət hələ də bu terror aktlarını sükutla qarşılayır və işğalçı, terrorçu dövlətə qarşı ciddi sanksiyalar həyata keçirilmir. Bəzi ermənipərəst dövlətlərin Ermənistanı açıqca dəstəkləməsi isə bu cinayətlərin dəstəklənməsi deməkdir.

- Müasir dünyamızda müharibələr yalnız döyüş meydanında getmir. İnformasiya məkanında öz haqlı mövqeyini dünyaya çatdırmaq bəlkə də elə düşmənlə üz-üzə döyüşməklə analoji xarakteri daşıyır. Sizcə, Azərbaycanın informasiya müharibəsindəki üstünlüyü də döyüş meydanındakı üstünlüyünə adekvatdırmı?

- Bəli, müasir dünyada öz məram və məqsədlərinin beynəlxalq platformada bəyan etmək, bütün dünyaya çatdırmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Ordusu düşmənə döyüş meydanında böyük zərbələr vurur, öz üstünlüyünü təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan informasiya müharibəsində də Azərbaycan açıq üstünlüyünü təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimiz və xalqımız üçün bir nömrəli ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün beynəlxalq platformalardan istifadə edir.

Dövlət başçısının dünyanın aparıcı KİV-lərinə müsahibələrində irəli sürdüyü tezislər, ortaya qoyduğu real faktlar və arqumentlər nəinki düşmən Ermənistanın, hətta onu dəstəkləyən qüvvələrin belə tərk-silah olunmasına yol açıb. Mahir siyasətçi, qətiyyətli lider kimi Prezident İlham Əliyev öz xalqının iradəsini, milli maraqldarını bütün cəbhələrdə tam şəkildə ifadə və müdafiə edir, qoruyur. Bir sıra xarici KİV-lərin təşkil etdiyi tele-debatlarda Azərbaycan Prezidentinin Ermənistana, onun siyasi rəhbərliyinə yönəlik tam arqumentləşdirilmiş və faktlara söykənən fikirləri dünyanın ən aparıcı mətbuat resurslarının manşetlərini bəzəyir. Bu, siyasi platformada, gələcəkdə baş tuta bilmə ehtimalı olan hansısa danışıqlar masasında Azərbaycanın tam üstünlüyünü təmin edib. Azərbaycan Prezidentinin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib və bu gün istər döyüş meydanında, istərsə də masa arxasında diqtə edən tərəf güclü Azərbaycan dövlətidir.