MÜSAHİBƏLƏR
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə uğurla davam etdirilir
- Əhliman müəllim, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirlərini necə dəyərləndirirsiniz?
- Son illər ölkəmizdə müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır.
Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib. Həmçinin aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır.
- Ölkəmizdə ilk günlərdən koronavirusun geniş yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər görülür…
- Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir. Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verildi. Yeni laboratoriyalar formaslaşdırıldı. Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Bundan başqa ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. 575 çarpayılıq “Yeni Klinika” fəaliyyətə başladı, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bu yaxınlarda isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı oldu. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndiriılməsinə şərait yaratdı. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik. Bu dinamikanı qoruyub saxlamaq üçün karantin rejimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir.
Eyni zamanda dövlətin həkimlərə, səhiyyə işçilərinə xüsusi diqqəti də bu sahəyə marağı artırıb. Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub. Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb.
COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyət daim Milli Məclisin Səhiyyə Komitəsinin də diqqət mərkəzində olmuş və koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb. COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir çox komitələrində iclaslar keçirilərək, qanun layihələri hazırlanmış və ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi və Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır.
- Koronavirus pandemiyası ilə mübarizədə vətəndaş məsuliyyəti barədə nə deyə bilərsiniz?
- Ölkəmizdə koronavirusla mübarizə uğurla davam etdirilir. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Eyni zamanda bu virusa yoluxmuş insanların mütləq əksəriyyəti sağalaraq evlərinə göndərilib. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikasının öyrənilməsi istiqamətində də mühüm addımlar atılıb. Ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb. İyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilib. Təkcə avqust ayından etibarən yumşalma tədbirlərinin sayı 4-ə çatıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Bununla yanaşı fəal açılışlara gedən ölkələrin təcrübəsi öyrənilir. Həmin ölkələrdə açılışılardan sonra xəstələrin sayı kəskin artıb. Məhz COVID-lə bağlı dünya statistikasına baxdıqda ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, bir sıra açılış tədbirləri, əhali ilə keçirilən səmimi görüşlər zamanı bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri, irəli sürülən tələblər və verilən tövsiyələr pandemiya dövrünün həm də ən böyük maarifçilik işi kimi əvəzsizdir. Ölkə başçısı bu işdə həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.
COVID-19 yeni tip virus olduğundan tam şəkildə müalicəsi hələ ki, yoxdur. Dünyanın müxtəlif ölkələrində bu istiqamətdə ciddi araşdırlmalar aparılır.Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağa öyrənməliyik. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın karantin qaydalarında yumşalmalara getməsi virusla mübarizənin bitməsi demək deyil. Unutmamalıyıq ki, qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün pandemiya dövründə karantin qaydalarına daha da məsuliyyətli və diqqətli şəkildə əməl etməliyik. İnanıram ki, dövlətin qətiyyətli və düşünülmüş addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu vəziyyətdən az itkilərlə çıxaq.