YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanda Piyo-Klementino muzeyi ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olmuşdur.

Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, burada antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynamışlar.
Diqqətə çatdırıldı ki, muzey daxili həyət, heyvanlar zalı, heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər qalereyası və digər bölmələrdən ibarətdir. Muzeyin daxili həyətində Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri aparılmışdır. Muzeydəki qiymətli eksponatlar arasında eradan əvvəl I əsrə aid edilən “Lakun və oğulları”, “Belveder Apollonu”, “Hermes” və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında 150-yə yaxın müxtəlif heyvanın antik abidəsi vardır. Zənginliyinə görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər qalereyası da zənginliyi ilə diqqət çəkir. Burada əvvəllər Roma Papası VIII İnnokentinin yay pavilyonu yerləşmişdir. Qalereyada qədim Roma heykəlləri, həmçinin antik yunan heykəllərinin surətləri sərgilənir. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah dövrünə aid 100-dən artıq qədim əsər toplanmışdır.

Vatikan muzeylər kompleksinin əsası XVI əsrin sonunda Papa II Yuli tərəfindən qoyulmuşdur. Burada qədim dövrlərin izlərini yaşadan önəmli sənət əsərləri nümayiş olunur. Kompleksdə 54 qalereya mövcuddur. 2006-cı ildə muzeylərin 500 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur. “Pinakoteka Vatikana” incəsənət qalereyasında məşhur rəssamların əsərləri saxlanılır. Müasir dini incəsənət kolleksiyasının yerləşdiyi bölmədə də mühüm rəsm əsərləri və heykəllər nümayiş olunur. “Kiyaramonte” muzeyi müxtəlif daş kitabələrin, heykəllərin nümayiş olunduğu və bu növ heykəltəraşlıq nümunələrinin sayına görə ən böyük kolleksiyaya malik muzeydir. “Qreqoriano Etrusko” muzeyi səkkiz qalereyadan ibarətdir. Burada müxtəlif vazalar, bürünc əşyalar nümayiş olunur. Vatikan tarix muzeyində isə XVI əsrdən bu günədək Roma papası olmuş şəxslərin nadir portretləri, onlara aid müxtəlif əşyalar nümayiş etdirilir. Burada müxtəlif topoqrafik xəritələrin saxlandığı qalereya da yerləşir.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olmuşdur.

Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etmişdir.

Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı demişdir ki, rəhbərlik etdiyi Fond Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak edir.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanmışdır.

Sonda xatirə şəkli çəkdirildi.

DİGƏR Xəbərlər Arxiv