YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin meri İqnatsio Marino ilə görüşmüşdür

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşmüşdür.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirmişdir. İqnatsio Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirmiş, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Roma şəhərinin meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulamış, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirmişdir. O, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışmışdır. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət etmişdir. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul etmişdir.

Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılmışdır.

Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilmişdir. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləmişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirmişdir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.