Xəbərlər
Ortaq dəyərlər, tarixi irs və sülh çağırışı
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən olduqca mühüm məqamlara toxunub. Sözsüz ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans mühüm ictimai, dini və mədəni hadisə kimi diqqət çəkir. Bu tədbirlər Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin, həmrəyliyin və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, Prezidenti İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərdə də əsas diqqət birlik, sülh, milli-mənəvi dəyərlərin qorunması və tarixi irsin gələcək nəsillərə çatdırılması məsələlərinə yönəlib: “Seyid Yəhya Bakuvi Azərbaycan tarixində mühüm iz qoymuş böyük mütəfəkkirlərdən biridir. Onun irsinin beynəlxalq konfrans çərçivəsində müzakirə olunması Azərbaycanın zəngin elmi, fəlsəfi və mədəni irsinin tanıdılması baxımından əhəmiyyətlidir.
Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı ölkənin mənəvi xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu irs yalnız Azərbaycan üçün deyil, bütövlükdə Şərq və İslam dünyası üçün də böyük əhəmiyyət daşıyır. Dini liderlərin toplantısı ilə Yəhya Bakuviyə həsr olunmuş konfransın eyni vaxtda keçirilməsi də xüsusi məna daşıyır. Beləliklə, tarixi-mədəni irsin öyrənilməsi ilə müasir dövrdə dini həmrəylik və əməkdaşlıq məsələləri bir araya gətirilir.
Prezidentin çıxışında da İslam həmrəyliyinin yalnız sözlə deyil, konkret təşəbbüslər və praktiki fəaliyyətlərlə möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirdiyi tədbirlər, eləcə də 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu siyasətin nümunələri kimi qeyd olunur. Həmin tədbirlər müxtəlif müsəlman ölkələri arasında əlaqələrin inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edib.
Dini liderlərin mütəmadi görüşlərinin keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə toplantılar fikir mübadiləsi aparmaq, ümumi problemləri müzakirə etmək və sülh, əmin-amanlıq, qarşılıqlı hörmət kimi dəyərlərin təşviqinə imkan yaradır. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də bu istiqamətdə diqqətçəkən hadisələrdən biridir. Azərbaycan həmin tədbiri müsəlman dünyasında əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm platforma kimi təqdim edir”.
Deputat bildirib ki, ölkəmizin başçısı çıxışında həmçinin Qarabağ və Şərqi Zəngəzurla bağlı mühüm məqamlara toxunub: “Sözsüz ki, dDini liderlərin Ağdam, Xocalı, Şuşa və digər ərazilərə səfər etməsi bölgənin keçmişi və bu günü ilə yaxından tanış olmaq baxımından əhəmiyyətlidir. Çünki Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərinə, dini və mədəni abidələrinə ciddi ziyan vurulub. Bu baxımdan bölgədə həyata keçirilən bərpa və quruculuq işləri yalnız fiziki infrastrukturun yenilənməsi deyil, həm də tarixi və mədəni irsin bərpası kimi qiymətləndirilir.
Ağdam məscidinin bərpasının bu prosesdə xüsusi yer tutması da diqqət çəkir. Ümumilikdə məscidlərin və digər dini abidələrin yenidən qurulması milli-mənəvi irsin qorunmasına verilən önəmin göstəricisidir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bölgənin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Böyük Qayıdış prosesi bu baxımdan mühüm sosial və humanitar istiqamət kimi çıxış edir”.
Şura sədri, həmçinin ölkə başçısının da toxunduğu kimi tarixi yaddaşla sülh gündəliyinin paralel şəkildə aparılmasının vacibliyi də ön plana çıxdığını söyləyib: “Azərbaycan üçün müharibə və işğal dövründə yaşanan hadisələrin unudulmaması mühüm məsələdir. Xocalı faciəsi, dağıdılmış şəhər və kəndlər, dini və mədəni abidələrə vurulmuş zərər tarixi yaddaşın bir hissəsidir. Uzunmüddətli sabitliyin formalaşması üçün siyasi dialoqla yanaşı, qarşılıqlı etimadın, regional əməkdaşlığın və insanlar arasında əlaqələrin inkişafı da mühüm rol oynayır. Bu baxımdan dövlətimizin başçısının çıxışında sülh gündəliyinə xüsusi diqqət ayrılması Azərbaycanın müharibədən sonrakı mərhələdə regional sabitliyə verdiyi əhəmiyyəti göstərir.
Sözsüz ki, bu gün Qarabağda aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri dini-mədəni abidələrin yenidən qurulmasıdır. Məscidlərin bərpası bu prosesin əsas hissələrindən birini təşkil edir. Ağdam məscidi ilə yanaşı, digər məscidlərin də bərpası bölgənin tarixi simasının yenidən formalaşdırılmasına xidmət edir. Bu işlər şəhərlərin, kəndlərin və infrastrukturun yenilənməsi ilə paralel aparılır. Beləliklə, Qarabağda yenidənqurma yalnız müasir şəhərsalma layihələri ilə məhdudlaşmır. Burada tarixi yaddaşın, dini irsin və milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir.
Bakıda keçirilən toplantıların əsas xüsusiyyətlərindən biri müxtəlif coğrafiyaları və dini icmaları təmsil edən şəxslərin bir araya gəlməsidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan nümayəndələrin iştirakı dialoq imkanlarını genişləndirir”.
Sevinc Hüseynova Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi olması bu baxımdan ölkənin regional əməkdaşlıq təşəbbüslərində xüsusi mövqeyini şərtləndirdiyini diqqətə çatdırıb: “Dini liderlərin bir araya gəlməsi dövlətlərarası münasibətləri tamamlayan mənəvi və ictimai dialoq imkanları yaradır. Onların sülh, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları müxtəlif müsəlman icmaları arasında anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdi edilməsi də tarixi hadisə idi. Çünki bu mükafat sülh, insan qardaşlığı və dialoq ideyaları ilə bağlıdır. Təbii ki, Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin gücləndirilməsi həm siyasi, həm də mədəni və mənəvi əməkdaşlıq üçün imkanlar yaradır. Bakıda keçirilən tədbirlər göstərir ki, tarixi irsin öyrənilməsi, dini dialoqun inkişaf etdirilməsi və sülh çağırışlarının səsləndirilməsi bir-birini tamamlayan istiqamətlərdir”.
