YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni təşəbbüslər, geniş imkanlar və real nəticələr

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri

Azərbaycanın şanlı tarixi salnaməsində elə qürur dolu səhifələr var ki, onların hər biri xalqımızın iradəsini, əzmkarlığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əbədi mahiyyətini əks etdirir. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən birgünlük uğurlu antiterror əməliyyatı ölkəmizin suverenliyini tam bərpa etdi. Həmin günlərdə azad edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu gün artıq ikinci idir ki, rəsmi olaraq qürurla qeyd edilir.

Tarixi ədalətin bərpa olunduğu həmin unudulmaz sentyabr günlərindən ötən qısa müddət ərzində işğaldan azad edilmiş bu qədim Azərbaycan torpaqlarında misli görünməmiş quruculuq işlərinə başlanıldı. Ağdərə rayonunun yenidən yaradılması da məhz bu ərazi-inzibati islahatların və dövlət idarəçiliyinin gücləndirilməsinin bariz nümunəsidir.

Bu gün həmin ərazilər sürətlə məskunlaşdırılır, doğma yurdlarına qayıdan soydaşlarımız üçün hərtərəfli müasir infrastrukturlar yaradılır. Rəsmi statistikaya görə, cari ilin avqust ayının 17-nə qədər yalnız Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla ümumilikdə 119 ailə, 506 nəfər daimi yaşayışa başlayıb. Xankəndi şəhərinə azərbaycanlı əhalinin qayıdışı ayrıca qeyd olunası faktdır – təkcə ona görə yox ki, bu şəhərdə erməni işğalından əvvəl də azərbaycanlılar yaşayıblar, həm də ona görə ki, bu tarixi şəhər Qarabağın mərkəzi hesab olunur və bütün işğal dövründə erməni separatizmi buranı özünün hərbi-siyasi istinad nöqtəsinə çevirmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş bölgələrə mütəmadi səfərləri bu qayıdışın siyasi və mənəvi təməlini təşkil edir. Xankəndi şəhərinin dövlət başçımızın bu tarixi səfərlərinin mərkəzində dayanması da şəhərin ölkəmiz, xalqımız və tariximiz üçün xüsusi yeri olduğundan xəbər verir. Belə ki, işğaldan azad olunduqdan və 2023-cü il sentyabrın 29-da Azərbaycan Ordusunun şəhərə nəzarəti ələ almasından sayılı günlər sonra – oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı, şəhərin Kərkicahan qəsəbəsinə baxış keçirdi. Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan möhtəşəm hərbi parad da 2023-cü ildə elə Xankəndi şəhərində baş tutdu. Ardınca isə dekabrın 21-də Xankəndidə “Qarabağ” - MOİK futbol oyunu keçirildi, eləcə də həmin gün ilin idman yekunlarına həsr olunmuş mərasimdə idman ictimaiyyətinin nümayəndələri ilə görüş reallaşdı. Vətən müharibəsindən sonra 2024-cü il fevralın 7-də baş tutan ilk prezident seçkisində isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın məhz Xankəndidə səs verməsi Xankəndi ilə bağlı bir əsrlik əsassız erməni iddialarının tarixin arxivinə əbədi gömülməsi istiqamətində nöqtə qoyan hadisə idi.

Vətən müharibəsi dövründə Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35-dən çox kəndi, o cümlədən Tuğ, Salakətin, Axullu və digər yaşayış məntəqələri aylarında Azərbaycan Ordusu tərəfindən azad edilsə də, Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və rayonun qalan digər yaşayış məntəqələri 2023-cü il sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində tamamilə azad olunmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin işğaldan azad edildikdən az sonra – 2021-ci il martın 15-də Xocavənd rayonunun Hünərli və Tuğ kəndlərində qədim Alban məbədlərinə baş çəkməsi xalqımıza məxsus tarixi tarixi mirasın dövlət səviyyəsində qorunduğunun və sahib çıxıldığının əyani sübutu idi. Erməni təbliğatçılarının bu abidələri saxtalaşdırmaq cəhdlərinə qarşı dövlət başçımızın bu irsə qədim Azərbaycan-alban mədəniyyətinin ayrılmaz hissəsi kimi yanaşması mühüm ideoloji əhəmiyyət daşıyır. Çünki Azərbaycanın şimalında və qərbində olduğu kimi, Qarabağda, o cümlədən Xocavənd rayonunda mövcud olan qədim xristian abidələri – xüsusilə də Qafqaz Albaniyasının irsinə aid kilsə və monastırlar hər hansı başqa xalqa deyil, məhz qədim albanlara – Azərbaycan xalqının tarixi əcdadlarına məxsusdur.

Xocavənd rayonunun dünya elmi üçün unikal incisi olan Azıx mağarası bəşər tarixinin ən qədim məskənlərindən biridir. Prezident İlham Əliyevin 15 mart 2021-ci il tarixində Azıx mağarasına səfər etməsi və burada aparılan tədqiqatlara diqqət göstərməsi onu göstərir ki, Azərbaycan yalnız öz torpaqlarına coğrafi ərazi kimi yox, həm də bu torpaqların milyon illik tarixinə, özünə məxsus olan bəşəri tarixinə də sahib çıxır. Azıxantropun və qədim insan məskənlərinin tapıldığı bu məkan Azərbaycan torpaqlarının minilliklər boyu sivilizasiya mərkəzi olduğunu sübut edən təkzibedilməz elmi faktdır.

Xocavəndin qədim tarixi yaşayış məntəqələrindən biri olan Tuğ kəndi də Azərbaycanın zəngin memarlıq və mədəniyyət incilərindən biridir. Prezidentin bu kəndə səfəri zamanı dağıdılmış məktəb binasına, mərkəzə və qədim abidələrə baxış keçirməsi işğal dövründə erməni vandallarının vurduğu yaraların sağaldığını, bu torpaqların əsl sahiblərinin qayıdaraq öz mədəni irsini dirçəltdiyini nümayiş etdirirdi.

2021-ci ilin müxtəlif aylarında (yanvar, mart, iyun) dövlət başçısının Xocavənd rayonunun Böyük Tağlar, Edilli, Düdükçü kəndlərinə səfərləri, Hadrut qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun, eləcə də Zəfər yolunun Xocavənd ərazisindən keçən tunelinin təməlqoyma mərasimləri bu torpaqlarda həyatın yenidən qurulmasının ilkin və başlıca təminatı oldu. Ümumiyyətlə, Prezident İlham Əliyevin Xocavəndə səfərləri sadəcə inzibati nəzarətin bərpası deyil, eyni zamanda Azıx mağarasından tutmuş qədim Alban məbədlərinə, Tuğ kəndindən Hadruta qədər hər qarış torpağın əzəli Azərbaycan irsi olduğunu bütün dünyaya bəyan edən tarixi ədalətin bərqərar olunması prosesidir.

Xankəndi və Xocavəndlə yanaşı, yalnız xalqımızın deyil, eyni zamanda sivil bəşəriyyətin yaddaşında da insanlığa qarşı total vəhşi cinayət və qanlı soyqırım kimi qalmış Xocalının da azad olunması mənəvi baxımdan müqayisəolunmaz əhəmiyyətə malik hadisə idi. O zaman üçün 31 ildən çox yaddaşlarımızda yalnız 1992-ci ilin 26 fevral tarixindən qalan məşum faciəvi hadisələrin, erməni vandalizminin şahidi olan kadrların yaratdığı təəssürat doğuran Xocalı bu gün artıq dirçəliş dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıya etdiyi səfərlər cəmiyyətimizdə bu torpaqlarda həyatın yenidən canlandırılması ilə yanaşı, bir daha tariximizə bu cür qanlı hadisələrin yazılmasına imkan verilməyəcəyinin nümayişi kimi əlamətdar hadisələr kimi qarşılandı. Azərbaycan Prezidentinin 2023-cü ilin iyulunda Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndləri ilə tanışlıqla başlayan səfərlərini həmin ilin oktyabr ayının 15-də (İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümü günündə) Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması mərasimi müşayiət etdi. Dekabr ayında isə rayonun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinin ərazilərinə baxış keçirildi. 2024-cü il fevralın 26-da – faciənin 32-ci ildönümündə Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində iştirak etdi, rayon ictimaiyyəti ilə görüş keçirildi, soyqırım qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin mərasimdə dövlət başçımızın dediyi sözlər soyqırımın kədərli tarixinin qürurlu soonluqla bitən xülasəsi kimi yaddaşlara həkk olundu: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”.

Bütün azad edilmiş torpaqlarımız kimi, antiterror əməliyyatından sonra əsl sahiblərinə qovuşan Ağdərə rayonu da dövlətimizin xüsusi diqqət mərkəzindədir. 2023-cü il oktyabrın 15-də Xocalı və Əsgəranla yanaşı, Ağdərə şəhərində də Azərbaycan Bayrağının ucaldılması ilə bu torpaqların hər qarışı öz sahibinə qovuşdu. Həmin il dekabrın 5-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı. Ağdərə rayonunun yenidən müstəqil inzibati-ərazi vahidi kimi bərpa edilməsi Azərbaycan üçün həm strateji, həm hüquqi, həm də mənəvi baxımdan çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, rayonun yenidən bərpası Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi üzərindəki hüquqi iradəsinin tam təzahürüdür və bununla rayon ərazisinin qədim Azərbaycan torpağı olduğu faktı inzibati statusla yenidən möhkəmləndirildi və tarixi ədalət bərpa olundu. Digər tərəfdən, Ağdərə Qarabağın dağlıq hissəsində mühüm kommunikasiya xətlərinin və strateji yüksəkliklərin kəsişməsində yerləşir. Rayon statusunun olması burada vahid hərbi, hüquq-mühafizə və təhlükəsizlik məsələləri baxımdan çevik idarəetməni təmin edir, bürokratik prosesləri azaldır. Nəhayət, rayon statusu Ağdərəyə dövlət büdcəsindən birbaşa investisiyaların cəlb edilməsini, yolların, elektrik və su xətlərinin yenidən qurulmasını sürətləndirir. Ağdərə Azərbaycanın zəngin faydalı qazıntı yataqlarına (xüsusilə Qızılbulaq qızıl və Mehmana polimetal yataqları) malik rayonlarındandır. Buradakı Sərsəng su anbarı vasitəsilə regionun kənd təsərrüfatı və hidroenergetika potensialı yenidən ölkə iqtisadiyyatına inteqrasiya olunur.

Ağdərə rayon kimi formalaşdıqdan sonra keçmiş məcburi köçkünlərin öz kəndlərinə planlı və sistemli köçürmələrinin həyata keçirilməsinə başlandı. Artıq rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Vəngli və Çapar kəndinlərinə onlarla ailə köçürülərək öz evlərində yaşamağa başlamışlar. Ağdərənin məskunlaşdırılması separatizmin keçmiş mərkəzlərindən birinin birdəfəlik Azərbaycanın rəsmi idarəetmə sisteminə daxil edilməsi deməkdir. Birinci Qarabağ müharibəsində ən ağır döyüşlərin getdiyi və xeyli şəhid verdiyimiz bu torpaqların yenidən dirçəldilməsi xalqımızın mənəvi qələbəsinin daha bir simvoludur.

Azərbaycanda Xankəndi, Xocavənd, Xocalı və Ağdərə gününün qeyd olunması sadəcə təqvim bayramı deyil, bu, məğrur xalqımızın qələbəsinin, pozulmuş haqqın bərpasının və azad edilmiş torpaqlarda qaynayan həyatın təntənəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq, qayıdan əhali və ucalan üçrəngli bayraqlar göstərir ki, bu torpaqlar əbədi olaraq öz əsl sahiblərinə – Azərbaycan xalqına məxsus və bundan sonra həmişə öz əsl sahiblərinin olacaqdır.

DİGƏR Xəbərlər Arxiv