YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident George İvanov: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib

Sofiyada keçirilən “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” konfransı çərçivəsində Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dair müzakirələr aparılıb. Makedoniya Prezidenti George İvanov bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

Ölkəsinin Azərbaycanın tolerantlıq və qarşılıqlı anlaşma ideyalarının təbliğinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirən Makedoniya Prezidenti gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak edəcəyini deyib.

Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forumlarda şəxsən iştirak etdiyini xatırladıb. O qeyd edib ki, Azərbaycan dövləti dünyanı narahat edən qlobal problemlərin müzakirəsində hər zaman maraqlı olub. Komitə sədri Azərbaycan Prezidentinin dəstəyi ilə Bakıda keçirilmiş forumların mədəniyyətlərarası dialoqun dərinləşməsinə və qlobal problemlərin həlli yollarının tapılmasına mühüm töhfələr verdiyini vurğulayıb.