YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasına start verdi

Oktyabrın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək  seçkilərin təbliğat - təşviqat kampaniyasına start verildi.

Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırmış, bu gün səhər saatlarında başlayaraq təbliğat - təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlamışdır. YAP-ın mərkəzi seçki qərargahının yerli strukturları əvvəlcədən müəyyənləşmiş qrafikə uyğun fəaliyyətə başlamış, Yeni Azərbaycan Partiyasının namizədlərinin təşviqat materialları bütün dairələr üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşmiş ünvanlarda yerləşdirilmiş, YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin  seçicilərlə görüşlərinə başlanmışdır.

Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri çərçivəsində rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə bir neçə ümumrespublika müşavirəsi keçirilmiş, müşavirələrdə seçkilərə hazırlıq işləri müzakirə edilmiş, mərkəzi seçki qərargahı tərəfindən yerli şöbələrə konkret tapşırıqlar və tövsiyyələr verilmişdir. 

01 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını qısa müddət ərzində uğurla başa çatdırmış, namizədləri dairə seçki komisiyaları tərəfindən Milli Məclisin deputatlığına namizəd kimi qeydə alınmışdır. Bununla da, Yeni Azərbaycan Partiyası  Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçkilərdə  seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanmışdır.

Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası seçkiləri müşahidə etmək üçün dairə seçki komisiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrində müşahidəçi kimi  5415 nəfər, məşvərətçi səs hüquqlu nümayəndə qismində də 5415 nəfər təyin etmişdir. Beləliklə, Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcəkdir.

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərin təbliğat - təşviqat kampaniyasını da yüksək əhval – ruhiyyə və inamla həyata keçirmək əzmindədir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən hazırlıq işləri tam başa çatmışdır.

Oktyabrın 9-dan etibarən YAP-ın seçki dövrünü əhatə edəcək  “www.yap.az” seçki saytı seçicilərin istifadəsinə təqdim edilmişdir.  

«Yeni hədəflərə doğru!» şüarı ilə təqdim edilən seçki saytında «Namizədlər», «Azərbaycan: 2005-2015», «10 uğurlu zirvə», «Yeni hədəflərə doğru 10 addım» və «Seçici siyahısı» ” bölmələri yaradılıb.

«Namizədlər» bölməsində Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər haqqında məlumat yer almışdır.   

 “Yeni hədəflərə doğru” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki proqramını  özündə əks etdirən buklet artıq nəşr edilmişdir. Seçkilərin təbliğat-təşviqat kampaniyası dövründə təbliğat vasitəsi kimi istifadə ediləcək bu bukletdə Azərbaycanın son 10 ildə qazandığı möhtəşəm uğurlar və qarşıdan gələn 10 il üçün müəyyənləşmiş yeni hədəflər öz əksini tapmışdır.

Bukletdə 2005-2015-ci illərdə Azərbaycanda fəth edilmiş 10 uğurlu zirvə sahələr üzrə təqdim edilmişdir.

Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat-təşviqat vasitəsi kimi daha bir material - “Azərbaycan: 2005-2015” seçki flayeri hazırlanaraq seçicilərin ixtiyarına təqdim edilmişdir. Təşviqat vasitəsi kimi nəzərdə tutulan bu flayerdə Azərbaycanın son 10 ildə qazandığı möhtəşəm uğurlar konkret rəqəmlərlə ifadə edilmişdir. 

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırmış və bu yüksək hazırlıq işlərinin  sayəsində seçkilərin təbliğat - təşviqat kampaniyasına uğurla start vermişdir. Möhtəşəm kampaniya möhtəşəm qələbənin təminatıdır. Yeni Azərbaycan Partiyasını bu seçkilərdə növbəti möhtəşəm qələbə gözləyir.

 

DİGƏR Xəbərlər Arxiv