YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Azərbaycanın biznes turizm sahəsində imkanları təqdim olunub

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə Moskvada təqdimat keçirib.

Rusiyanın turizm sahəsində ixtisaslaşan dövlət qurumlarının və aparıcı şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizdə bütövlükdə turizmin, o cümlədən işgüzar turizmin inkişafı üçün yaradılan şəraitdən bəhs edilib. Təqdimatda Azərbaycanın 15-ə yaxın məşhur otel və turizm şirkəti rusiyalı iş adamlarına ölkəmizin beynəlxalq tədbirlərin, iri siyasi və ictimai forumların, kütləvi idman yarışlarının keçirilməsi sahəsində təcrübəsindən söhbət açıblar.

Qeyd olunub ki, qlobal biznes turizm bazarının ən nüfuzlu və aparıcı üzvləri ölkəmizlə əməkdaşlığa maraq göstərir, yeni görüş məkanı kimi Azərbaycanı seçirlər. “Eurovision” mahnı müsabiqəsinin və ilk Avropa Oyunlarının Azərbaycan paytaxtında keçirilməsi respublikamızın dünyada təbliği istiqamətində atılan mühüm addımlardandır. Yeni tikilmiş və ən müasir tələblərə cavab verən Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, Bakı Olimpiya Stadionu və digər obyektlər, rahat infrastruktur dünya səviyyəli kütləvi tədbirlərin keçirildiyi məkan kimi Azərbaycanın imicinin möhkəmlənməsində mühüm rol oynayır.

AKB-nin direktoru Florian Senqstşmid AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Moskvada keçirilən təqdimat çərçivəsində rusiyalı tərəfdaşlara təkcə Bakının deyil, həm də Azərbaycanın bir çox bölgələrinin irimiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək imkanlarından bəhs edilib. F.Senqstşmid deyib: “Hesab edirəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi, müasir infrastruktur, iqlim şəraiti və s. turizmin, o cümlədən biznes turizmin inkişafını zəruri edir. Bu baxımdan Rusiya bizim üçün mühüm tərəfdaşlardan biridir və biz bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik”.

Rusiya Ticarət-Sənaye Palatasının baş eksperti Yevgeniya İvankovanın sözlərinə görə, hazırda iqtisadi vəziyyət və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar Avropaya gedən rusiyalı turistlərin sayı xeyli azalıb. O deyib: “Bilirəm ki, Azərbaycanın böyük turizm potensialı var. Ölkəniz həm istirahət, həm də işgüzar turizm üçün maraqlıdır. Təəssüf ki, rusiyalıların Azərbaycanın turizm obyektləri barədə məlumatı azdır. Bu baxımdan belə tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda, təqdimatın “bi to be” formatı da təqdirəlayiqdir. Bu gün bizim turizm şirkətlərinin və otellərin nümayəndələri ilə bilavasitə görüşmək, əlaqələr qurmaq imkanımız oldu”.

Təqdimat çərçivəsində Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin, Moskva Dövlət Linqvistika Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin nümayəndələrinin iştirakı ilə xına bəzəkləri və döymə sənəti üzrə ustad dərsləri də təşkil olunub. Təşkilatçıların keçirdiyi viktorinanın suallarına düzgün cavab verən qonaqlara isə həftə sonunu Bakının ən məşhur otellərində keçirməyə imkan verən sertifikatlar təqdim edilib.