YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasının komitə iclasında Azərbaycanın tolerantlıq nümunəsi olmasından danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında plenar iclaslarla yanaşı, müxtəlif komitə və siyasi qruplarda da ciddi müzakirələr davam edir. Sessiyanın üçüncü iş günündə mədəniyyət, elm, təhsil və media komitəsində qonaqların iştirakı ilə keçirilən müzakirələr dinlər və mədəniyyətlər arasında dialoq, müasir dünyada bu istiqamətdə cərəyan edən həyəcanlı proseslər, daha demokratik Avropanı qurmaq üçün çıxış yolları tapılmasına həsr edilib. Assambleyada bu mövzuda ayrıca məruzəsi dinləniləcək Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov komitədə də həmin problemlə bağlı müzakirələrin moderatoru olub.

Komitə üzvlərinə müraciət edən R.Hüseynov ilk olaraq məsələnin fəlsəfəsi, mahiyyəti ilə bağlı düşüncələrini bölüşərək deyib: “Bir sıra dünya dillərində “doğulmaq”, “anadan olmaq” anlayışı “azad olmaq” kimi ifadə edilir. Bunun isə dünyaya gələrək cəmiyyət içərisində yaşamağa başlayan hər insanın bütün gələcək ömrü ilə həm birbaşa, həm dolayı yolla əlaqəsi var. Azadlıqlara can atmaq və həm də azadlıqlarla bağlı müəyyən məhdudiyyətlərlə üzləşmək insanı daim müşayiət edir. İnsanın ən vacib və daim ehtiyac duyduğu azadlıqlardan biri isə etiqad azadlığıdır. Elə həmin səbəbdən də bugünkü fikir mübadilələrinin əslində hər bir insana aidiyyəti var, istisnasız olaraq hər bir insana.

Dinlər və mədəniyyətlər arasında dialoq, etiqad azadlığı, Avropada və dünyada daha tolerant bir mühitin formalaşması problemləri son bir neçə ildə Assambleyada diqqət mərkəzində saxlanan mövzulardır. Təsadüfi deyil ki, son illərdə bu haqda burada bir sıra məruzələr dinlənilib və qətnamələr qəbul edilib. Əlbəttə ki, bu silsilə davam etdiriləcək. Çünki dəyişən dünyamızın özü bunu zəruri edir. Biz adətən tolerantlığı müasir cəmiyyətin həyatında daim bərqərar olmalı bir element sayır, onu təqdir və təbliğ edirik. Artıq Avropa və dünya birgəyaşayışın elə bir mərhələsindədir ki, bunsuz keçinmək mümkün deyil. Lakin bizim gəldiyimiz əsas qənaətlərdən biri budur ki, arzusunda olduğumuz, qurmaq istədiyimiz ideal cəmiyyət və birgəyaşayış üçün sadəcə dözümlülük azdır. Elə bir zaman gəlib çatıb, xalqların təmaslarının, qaynayıb-qarışmasının elə bir həddinə yetişmişik ki, biz bir-birimizə dözməyi, bizimlə yanaşı mövcud olan digər mədəniyyət və dinlərə anlama duyğusu ilə yanaşmağı kafi saymaqla qala bilmərik. Biz cəmiyyətlərimizdəki çoxdinliliyi ortaq sərvətimiz kimi qavramalı, ondan bəhrələnməyə, zənginləşmə üçün bir vasitə kimi istifadə etməyə çalışmalıyıq. Yəni taleyin, zamanın gedişatının bizə qismət etdiyi bu rəngarəngliyi barışmalı olduğumuz reallıq kimi yox, qazancımız, üstünlüyümüz kimi dərk edəndə yaşamaq da asanlaşır, cəmiyyət də saflaşır. “Birgəyaşayış” ifadəsi ortaq evimiz olan Avropa, müştərək yuvamız olan dünya deməkdir. Digər din və mədəniyyətlərə də öz etiqad və ənənələrimizə, mədəni sərvət və dəyərlərimizə yanaşdığımız ehtiramla yanaşanda, mühitimizin demokratik ab-havası da daha artıq sağlamlaşır. Əksinə olanda cəmiyyətdə yeni çatlar törəyir, arzuolunmaz çalxantılar, ziddiyyətlər bir-birini əvəz etməyə başlayır. Nə xristianlıq, nə islam, nə iudaizm, nə də təməl kitabı olan başqa böyük dinlər heç vaxt zorakılığı təbliğ etməyib, əksinə həmişə insanları dostluğa, ülfətə çağırıb, qarşılıqlı sayğıya səsləyib. Tarixi təcrübə də onu təsdiqləyir ki, ortaya çıxan problemlərin, qarşıdurmaların təməlində də çox zaman bir-birini yaxşı tanımamaq, bir-birinə daha yaxşı bələd olmağa səy göstərməmək dayanıb. Digər bir amil də ondan ibarətdir ki, müasir cəmiyyətlərdə adətən dini, mədəni, etnik zəmində baş verdiyi təəssüratları oyadılmağa çalışılan konfliktlərin özülündə əslində tamam başqa məkrli niyyətlər, siyasi hədəflər durur. Sadəcə, din, mədəniyyət, etnik fərqlilik kimi anlayışlar möhtəkirlik vasitəsinə çevrilir, qərəzli, çirkin məqsədlərlə, cəmiyyətləri çaşdırmaq üçün önə çəkilir”.

Azərbaycanın tolerant cəmiyyət quruculuğunda model bir ölkə olduğunu söyləyən Rafael Hüseynov tarixdən və müasir həyatdan bunu təsdiq edən çoxsaylı örnəklər gətirib. Azadlıqların da müəyyən hüdudları olduğu məsələsinə toxunan deputat diqqəti vacib bir məqama yönəldib: “Demokratik cəmiyyətlərin sakinləriyiksə, öz haqlarımızı tələb etməklə yanaşı, başqalarının hüquqlarının sərhədlərini də həmişə dəqiq gözləməyimiz lazımdır. Ölkələr arasında sərhədlərin getdikcə aradan qaldırıldığı, şəffaflığın daha da çoxaldığı şəraitdə biz bu demokratik, mənəvi sərhədləri daha çox qoruya bildikcə birgəyaşayışın da problemləri azalır, cəmiyyət də daha artıq demokratikləşir”.

Komitə iclasında R.Hüseynov diskussiya iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.