YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İraq arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 29-da Nyu-Yorkda İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə İbrahim Əl-Cəfəri rəsmi səfərlərin əlaqələrin inkişafına müsbət təsirindən danışıb. O, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacib olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan İ.Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyən iraqlı nazir ölkəsinin terrorçuluqla mübarizə sahəsində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Elmar Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu xatırladıb. Nazir Bağdad ilə Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki ölkənin əməkdaşlığına önəmli töhfə verəcəyini bildirib.

O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Azərbaycan ilə İraq arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən Elmar Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacib olduğunu qeyd edib. Nazir Azərbaycanın xüsusilə enerji sahəsində İraq ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Elmar Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib. Nazir İbrahim Əl-Cəfəri dəvəti məmnuniyyətlə qəbul edib.