Xəbərlər
Türk dünyasının birliyinə xidmət edən addımlar
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
İyulun 6-da Şuşada Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş Türk Dövlətləri Təşkilatının vahid ruhunun gücləndirilməsinə özünəməxsus töhfə vermiş oldu. Artıq Azərbaycan özünün xarici siyasətinin prioritet istiqamətini müəyyənləşdirib. Belə ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Xüsusilə qeyd etməliyik ki, bu prosesdə dövlətimizin başçısı İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında cənab İlham Əliyev ideya və təşəbbüsü mühüm rol oynayıb.
Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. TDT-nin dünya miqyasında güc mərkəzinə çevrilməsi üçün maliyyə vəsaiti və siyasi iradəyə ehtiyac var. Bunun üçün siyasi iradəni hazırda Türk dövlətlərinə rəhbərlik edən siyasi liderlər göstərməlidirlər. Bu istiqamətdə işlər yüksək səviyyədə gerçəkləşdirilir. Təəssüf ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Bunu anlayan Azərbaycan dövləti bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Gücə çevrilmək üçün dayanıqlı maliyyə vəsaiti ilə təmin olunmalısan. Bu mənada TDT-də olan dövlətlərin hər birinin yetərincə maliyyə vəsaiti vardır. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Son illər Azərbaycanın türk dövlətlərinə, onların liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi də türk dünyasının birliyinə xidmət edən addımlar sırasındadır. Son Zirvə görüşünün özəlliyi ondan ibarətdir ki, Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalası Şuşa iyulun 6-da daha bir tarixi hadisəyə şahidlik etdi. Şuşadan mühüm çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır.
Bu sammitin nəticələri, xüsusilə Türk dövlət başçıları tərəfindən imzalanan Qarabağ Bəyannaməsi, regionda geosiyasi vəziyyətə təsir göstərəcək, türkdilli dövlətlər arasında həmrəyliyi gücləndirəcək və onların əsas məsələlər üzrə kollektiv mövqeyini möhkəmləndirəcəkdir.