YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29: Kiçik ada dövlətlərinin yaşamaq üçün səyləri

“Çox təəssüf ki, dünyanın inkişaf etmiş dövlətləri, xüsusilə də, bəzi Qərb dövlətləri bir çox hallarda öz problemlərini həll etmək üçün bir araya gəlirlər. Onlar hansısa ölkəyə təzyiq göstərmək, iğtişaşlar, qiyamlar törətmək, hakimiyyət dəyişikliyi həyata keçirmək üçün səylərini daha tez birləşdirirlər. Bu mənada noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti onların müdafiə edilməsi, haqq səslərinin eşidilməsi üçün unikal platformadır. Bakı Sammiti dəstəyə, yardıma ehtiyacı olan dövlətlərin, toplumların ümid, pənah yeridir”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, Azərbaycan hər zaman köməyə ehtiyacı olan, böhrandan əziyyət çəkən ölkələrə yardım edir: “Kiçik ada dövlətləri qlobal iqlim dəyişikliyinin həllinə töhfə vermək gücündə deyillər, amma onlar bu böhrandan ciddi zərər görürlər. İnkişaf etmiş hər bir ölkə bu dövlətlərə, toplumlara keçid dövrünü itkisiz adlamaq üçün yardım göstərməlidir. Onların dayanıqlı enerji ehtiyaclarının ödənilməsi, müxtəlif bacarıqlarının inkişaf etdirilməsi üçün kompensasiyaya ehtiyacları vardır. Bakının təşəbbüsü olan “Yaşıl dünya naminə ədalətli keçid” şüarı məhz həmin həssas qrupları hədəf seçib. Ümumiyyətlə, Azərbaycan kiçik ada dövlətləri ilə münasibətlərini çox yüksək səviyyədə qurub. Ölkəmiz təbii fəlakətdən əziyyət çəkən ölkələrə yardım göstərir. Su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini hər zaman dəstəkləyirk. Ondan çox kiçik ada dövlətinin vətəndaşları Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardımlar göstərmişik. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrinə dövlətimiz 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi  ilə Anlaşma Memorandumu imzalanıb. Göründüyü kimi, Azərbaycan qlobal iqlim böhranına qarşı sözdə deyil, əməldə mübarizə aparır. Bu, bizim ölkənin problemin həllinə yanaşmasında səmimi olduğunu göstərir. Prezident İlham Əliyev Bakı Sammitində çıxışı zamanı inkişaf etmiş ölkələri kiçik ada dövlətlərinin problemlərinin həllinə həssas yanaşmağa çağırdı. Bildirdi ki, bu dövlətlərin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar özlərini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyən dövlətimizin başçısı bir daha vurğuladı ki, ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün razılıq əldə olunmalıdır.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi kiçik ada dövlətləri hələ də Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkirlər. Həmçinin, Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin haqq səsləri eşidilmir, onlar təqibə məruz qalırlar. Cənab İlham Əliyevin bildirdiyi kimi, 1966-1996-cı illər ərzində Paris Fransa Polineziyasında 193 nüvə sınağı həyata keçirib və bu da ətraf mühitin ciddi pozulması ilə üzləşib. Biz Fransa və Niderlandın, o cümlədən digər Qərb dövlətlərinin bu cür anti-insanı, anti-bəşəri siyasətindən, cinayət əməllərindən günlərlə danışa bilərik. Azərbaycanı etnik təmizləmədə, insanları siyasi fikirlərinə görə təqib etməkdə ittiham edən Fransa, Niderland görəsən, öz keçmişlərindən və hələ də davam edən müstəmləkəçilik siyasətlərindən xəcalət çəkirlərmi”?

Deputat sonda qeyd etdi ki, cənab İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılandı: “Düşünürəm ki, dövlət başçısının bu çıxışı ciddi siyasi əhəmiyyətə malikdir və tarixdə qalacaq. Həmin dövlətlətin sakinləri Azərbaycan Prezidentinin bu çıxışını heç vaxt unutmayacaqlar.

DİGƏR Xəbərlər Arxiv