YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya dövlətləri davamlı inkişafı və təhlükəsizlik konsepsiyasını Azərbaycan modeli üzərində qurmağa çalışmalıdır

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin prorektoru,

tarixçi alim

Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Azərbaycanın Cənubi Qafqazada söz sahibinə çevrilməsi, ədalətli və qətiyyətli mövqeyi, birmənalı olaraq ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir. Bunu son proseslər də bir daha bütün dünyaya bəyan etdi. İstər 5 aprel Brüssel görüşünün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken, Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşdən əvvəl Prezidenti İlham Əliyevə zəng edərək üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməsi, istər Yaxın Şərqin və Postsovet ölkələrinin siyasi tarixində son 300 ilə yaxın bir dövrdə görülməmiş bir hadisənin reallığa çevrilməsi- vaxtından əvvəl sülhməramlıların çıxarılması, istərsə də 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın şanlı tarixi və bu tarixin müəllifi Prezident İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.

Ötən gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair açıqlama, 4 qeyri-anklav kəndin qaytarılması, 200 ildən artıq bir dövrdə itirilən Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi və ərməğanı oldu.
Qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Prezident İlham Əliyev qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Bütün tribunalardan ölkəmiz birmənalı şəkildə bəyan və xəbərdarlıq edirdi ki, Ermənistan davamlı sülh istəyirsə, öz gələcəyini düşünürsə, bəzi dövlətlərin köləsi olaraq yaşamaq istəmirsə işğal etdiyi ərazilərdən qeyri-şərtsiz çıxmalıdır, Azərbaycan torpaqlarının bir qarışını belə işğal altında qalmasına imkan verməyəcək. Və belə də oldu, ölkəmizin ermənipərəst dairələrin məkrli niyyətlərinə rəğmən həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət əlamətdar tarixi günləri yaşamağı bizə nəsib etdi. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olundu. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Beləliklə,  44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra Azərbaycan lideri bu dəfə də bir güllə belə atmadan 4 qeyri-anklav kəndi işğaldan azad etdi. Nəticədə, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım oldu. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş verdi.
Ölkəmizin bu gün Cənubi Qafqaza sülh, sabitlik və davamlı uğurlar bəxş etdiyi bir dövrdə, təəssüf ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə Cənubi Qafqazda sülhə və davamlı inkişafa əngəl törədir. Həmçinin, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur. Qərb isə təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Çünki, Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin siyasi və iqtisadi maraqlarına uyğun gəlmir. Nəticədə ABŞ və Avropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq, münaqişəni alovlandırmaq üçün bütün güclərini səfərbər edir, propaqanda apararaq Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair əsassız fikirlər səsləndirir. 19 aprel razılaşması isə Fransa və digər Qərb dövlətlərinin propaqandasını ifşa edərək ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə kökündən zərbə vurdu, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni özləri həll etdilər. Buna görə də bəzi Qərb dövlətləri və neoimperialist dairələr bütün bu gedişatlara kölgə salmamalı, etiraf etməyi bacarmalı, qəbullanmalıdırlar ki, nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.                        

Qərb birmənalı olaraq anlamalıdır ki, Prezident İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir. Çünki, cənab İlham Əliyev tərəfindən konkret irəli sürülmüş tələblər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını müəyyənləşdirməyə xidmət edir.

Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədələrə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son 4 qeyri-anklav kəndin qaytarılmasına da nəzər salsaq Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.

Görünən reallıq isə, dünya dövlətləri davamlı inkişafı və təhlükəsizlik konsepsiyasını Azərbaycan modeli üzərində qurmağa çalışmalıdır!