YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq oyunçular: qərəzdən doğan təxribat

Bəhruz Quliyev

"Səs" qəzətinin baş redaktoru

Dünya birliyi Azərbaycanda baş verən hadisələri bütün vasitələrlə izləyir, analiz edir və reaksiya verir. Bu reaksiyalar müxtəlif təyinatlı və müxtəlif məqsədli olur. O da məlumdur ki, ölkəmizdə tətbiq olunan yeni inkişaf modeli, beynəlxalq təcrübəyə söykənərək həyata keçirilən islahatlar Azərbaycanın nüfuzunu bir daha yüksəklərə qaldırıb. 44 günlük müharibədən sonra isə baxışlar tam olaraq müsbətə doğru dəyişib, bizimlə hesablaşırlar, hörmət edirlər, təklif və tələblərimizin yerinə yetirilməsi üçün uzun zamana ehtiyac qalmır. Azərbaycanın yaratdığı yeni reallıqlar bu gün təqdir edilir. Ölkəmizdə hökm sürən sabitlik nüfuzumuzu bir az daha artırır, bizimlə etibarlı tərəfdaş kimi əlaqələr yaratmaq, investisiya qoymaq niyyətində olan ölkələrin sayı durmadan artır. Bəli, Azərbaycan son antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü tam olaraq bərpa edib və bu hadisə imicimizə yeni-yeni əlavələr gətirib. Bəli, əldə etdiyimiz qələbələr bir tərəfdən dostlarımızın sayını artırıb, digər tərəfdən artıq ifşa olunmuş beynəlxalq gücləri ölkəmizə qarşı çirkin oyunlara sövq edib.

İnkişafımıza qənim kəsilənlər...

Artıq neçə illərdir Azərbaycan dövlətinə qarşı müxtəlif şəkildə təxribatlar törətməyə cəhdlər göstərən dairələr hər dəfə uğursuzluğa düçar olduqdan sonra daha da aqressivləşirlər. Lakin bu aqressivlik onların reallıqlar qarşısındakı məğlubiyyətlərinin göstəricisidir. Son 20 ildə Azərbaycanın iqtisadi cəhətdən özünü təsdiq etməsi, bir sıra mühüm strateji əhəmiyyətli layihələrin icraçısı və təşəbbüskarı olaraq dünya arenasına çıxması, balanslı siyasət yürütməsi, xalqın maraqlarından çıxış etməsi məlum qüvvələri hərəkətə gətirib. “5-ci kolon” kimi tanınan sapı özümüzdən olan baltalar – radikal və dağıdıcı təfəkkürə malik müxalifət və “Trensparency International”, “Amnisty International”, OCCRP kimi təşkilatlar erməni lobbisinin alətləri qismində ölkəmiz əleyhinə istifadə olunurlar. O cümlədən bir sıra Qərb media qurumları dezinformasiya xarakterli informasiyalarla Azərbaycan həqiqətlərini gizlədərək, böyük və ağ yalanları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Azərbaycanı tanıyan, ölkəmizdəki demokratik, multikultural, tolerant mühiti, sabitliyi qiymətləndirən heç bir dairə bunu ciddiyə almır, dezinformasiyalara uymurlar. Ancaq bununla qane olmaq olmaz, dövlət maraqlarımıza qarşı düşmənçilik, təxribatçılıq edənlərə qarşı mübarizəmizi ardıcıl şəkildə davam etdirməliyik. Burada Azərbaycanımızı, dövlətimizi, dövlətçiliyimizi sevənlər öz reaksiyalarını göstərməlidirlər. Çünki bizim məqsədimiz dövlətimizi gücləndirmək, Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləməkdir. Həmin qüvvələr anlamalıdırlar ki, heç bir təzyiq, təhdid bizi geri çəkilməyə vadar edə bilməz və onlar layiqli cavablarını hər zaman alacaqlar.

Təxribat üçün “vuran əl”: “5-ci kolon”

Bu gün Azərbaycana qarşı xarici təhdidlər, hədələr, təxribatlar artıb. Bunun bir sıra səbəblərini dedik, amma əsas olan budur ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət bəzi dövlətlərin, beynəlxalq təşkilatların maraqlarına uyğun gəlmir, onları qane etmir. Və ilk fürsətdə ölkəmizə qarşı total hücuma keçirlər. Burada bir incə məqam daha var, bu da həmin qüvvələrin ölkə daxilindəki bəzi partiya və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmələridir. Bunlara bəzən “görünməyən qüvvələr” də deyirlər. Belə ki, onlar bizim aramızdadır və özlərini maskalaya bilirlər. Buna beynəlxalq termin olaraq “5-ci kolon” adı veriblər. Bu barədə mətbuatda geniş məlumat verilsə də, bu adın qısa tarixindən danışmaq yerinə düşər. Bu söz ilk dəfə 1936-1939-cu illərdə İspaniya Vətəndaş müharibəsi zamanı general Franko tərəfindən istifadə edilib. Generalın orduları Madridə dörd tərəfdən hücum edərkən, "Beşinci kolon"da olan generalın kəşfiyyat məmurları şəhərdə üsyan qaldıraraq Madridin yıxılmasına kömək ediblər.

Bəzi tarixçilər spartalıların "Troya atı"nı "beşinci kolon"a nümunə kimi göstərmişdilər. Roma İmperiyası dönəmində bu siyasətdən daha çox faydalanıblar. Romalılar imperiyaya daxil olan tayfalar arasında iğtişaşlar törətmək və onları öz torpaqlarından qovmaq üçün casusluq və təbliğat işləri aparmaq üçün "beşinci kolon"dan istifadə ediblər.

Son zamanlar Qərb dairələri Azərbaycanda yeni iğtişaşlar törətmək, cəmiyyəti xaosa sürükləmək, nizamı pozmaq üçün “5-ci kolon”u canlandırıblar. Artıq düyməyə basılıb, müxalifətin siyasi zehniyyəti kasad, milli maraqlardan uzaq, dövlətçilik ənənələrini bada verməyə hazır olan, xüsusən də ermənidən çox erməni olmağa can atan hissəsi Azərbaycanda stabilliyi pozmaq üçün tapşırıqlar alıblar. Bu, onların qanunsuz etiraz aksiyalarına çıxmaq bəhanələrində də özünü göstərir. Bir tərəfdən Ermənistan, digər tərəfdən Qərb dairələri, daxildən isə “5-ci kolon” təmsilçilərinin müştərək fəaliyyəti ölkəmizdə vətəndaş qarşıdurması yaratmağa hesablanıb.

Bu gün dünyanın demokratikləşməyə doğru inamla addımlayan ölkələrində bəzi beynəlxalq təşkilatların, fondların təxribatı nəticəsində geriləmə, ya da prosesin dayandırılmasına cəhdlər müşahidə olunmaqdadır. Azərbaycan da o ölkələr sırasındadır, amma bizi öz təsir dairələrinə salmaq istəyində olan qüvvələr müxtəlif yollarla buna əngəl yaratmaq istəyirlər. Lap əvvəldən başlayaq, yenicə müstəqillik əldə etmiş ölkələrin potensialını nəzərə alan beynəlxalq güclər buna uyğun olaraq da hərəkət etməklə özlərinin arbitr kimi qəbul olunmalarına çalışırdılar. Bəzi ölkələr təzyiqlərə davam gətirməyərək həmin qüvvələrin istəklərinə tabe oldular. Amma xalqların spesifik xüsusiyyətlərini nəzərə almaqla hər ölkəyə bir üsulla yanaşdılar. Azərbaycanın bir daha müstəmləkə olmaq istəmədiyini anlayan beynəlxalq güclər bizi müharibə ilə sınadılar və düz 30 il prosesi ləngitməyi bacardılar. Əvvəl Ermənistanla müharibə, atəşkəs dövründə isə daxilimizdəki “5-ci kolon”un ifasında hakimiyyətə, dövlətçiliyimizə qarşı dövlət çevrilişləri, rəngli inqilablar təşkil etdilər. Bu da yetərli olmayınca yenidən Ermənistanı münaqişənin qeyri-konstruktiv tərəfi olaraq müxtəlif təxribatlara təhrik etdilər. Bir sözlə, imkanları çatdığı qədər Azərbaycanı daxili problemlərlə məşğul etməklə onun potensialının üzə çıxmasına, iqtisadi inkişafına, sosial problemlərinin həllinə mane olmağa çalışdılar.

“5-ci kolon”dakılar kim idi?

Maraqlı və hər kəsin bilməyə haqqı olan sualdır. Bu gün də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda quruculuq və qayıdış layihələrini həyata keçirdiyi bir zamanda içimizdəki xəyanətkarlar xaricdəki ağalarından aldıqları tapşırıqları yerinə yetirmək üçün sıraya düzülüblər. Bu da təsadüfi deyil və bu gün özlərini müxalifət adlandıran, əslində isə bu xalqın və dövlətçiliyimizin qatı düşməni olan qara qüvvələr bizi içimizdən, xaincəsinə vurmağa çalışırlar. 1990-1992-ci illərdə özlərini bu xalqın xilaskarı kimi təqdim edən “cəbhəçi”lər xalqın etimadından istifadə edərək özlərini maskalamağı ustalıqla bacarmışdılar. Hakimiyyətə gələcəkləri təqdirdə xalqı yağ-bal içində, problemlərdən uzaq bir məmləkətdə yaşadacaqlarını demişdilər. Həm də o qədər ciddi şəkildə söz vermişdilər ki, 1 illik hakimiyyətləri dövründə xalqa və dövlətçiliyə qarşı etdikləri xəyanəti bir müddət anlamaq, qəbul etmək çətin oldu. O komandanın içində indi Qərbin buyuruq qulu olan “Yurd” sədri Əli Kərimli də var idi. “Yurd”çu Əli yenə iş başındadır, 1993-cü ildən yarımçıq qalan bəd əməllərini tamamlamaq üçün yenə küçələrə çıxmaq istəyir. Amma hansı güclə, hansı ideya ilə?

Əlbəttə, Qərbin “5-ci kolon”u hərəkətə gətirmək metodu dəyişməyib. İdeologiyası “demokratiya”, “insan haqları” olsa da, Qərbin əsas silahı paradır, dollardır. Bunun vasitəsilə istənilən ölkədə çaxnaşma, qarşıdurma, hətta vətəndaş müharibəsi də təşkil etmək mümkündür. Digər ölkələrdə sifarişin, tapşırığın yerinə yetirilməsi üsulu eyni olasa da, bunu Azərbaycanda tətbiq etmək xeyli çətinlik yaradır. Heç bir özünü idarə etmək qabiliyyətində olan fərd onların cəfəngiyyatına qulaq asmır, arxalarınca getmirlər. Ona görə də təşkil etdikləri etiraz aksiyaları 5-10 nəfərdən uzağa getmir. Əvəzində təxribatlar törətməyi bacarırlar, hətta asayiş keşikçiləri ilə toqquşmalardan da çəkinmirlər. Məqsəd, əlbəttə, sifarişçilərə “fakt”ları təqdim etməkdir.          

Ermənistan, Qərb və içimizdəki xainlər…

Azərbaycanın başlatdığı və Ermənistanın Qərbdəki havadarları vasitəsilə pozmağa çalışdığı sülh prosesinə zərbə vurmağa cəhdlər göstərilir. O cümlədən işğalçı ölkə ilə həmrəy olan məlum antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Bu, isə o deməkdir ki, bu yalançı “demokrat”lar, dağıdıcı müxalifəti təmsil edən “Milli Şura”nın təmsilçiləri  birbaşa ermənilərlə eyni mövqedədirlər. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması onları narahat edir. Qaragüruhçular dərk etmirlər ki, əməlləri ilə əslində ermənilərin işğalçılıq siyasətinə haqq qazandırırlar. Ermənilərlə eyni mövqeni bölüşən radikal müxalifət Azərbaycan dövlətinə və xalqına nə qədər düşmən olduqlarını sübuta yetirirlər.

“Sapı özümüzdən olan baltalar”ın, yəni missionerliklə məşğul olan bəzi medi resurslarının, o cümlədən, xaricdən gələn əmrləri yerinə yetirən dağıdıcı müxalif qrupa təmsilçilərinin şəxsi ambisiyaları xarici himayədarlarının əsl niyyətini görməyə mane olur. Anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərdən onların xəbər tutması üçün gözlərini paradan ayırmağı, ağıllı başla hadisələri analiz etməyi bacarmalıdırlar. Amma çox təəssüflər olsun ki, onların qrant uğrunda bir-biriləri ilə didişmələri, yarışmaları səbəbindən dövlətçiliyimiz əlavə problemlərlə üzləşməli olur. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının  qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. 

 “Beşinci kolon”un təmsilçiləri, anti-milli qüvvələr, erməni lobbisindən qidalanan yaramazlar isə öz elədiklərinə, söylədiklərinə, yazdıqlarına baxıb utansınlar və bilsinlər ki, tarix də, zaman da, qanun da belələrinin cəzasını mütləq verəcək. Belələrinin götürdüyü öhdəliklərin ampluası hər zaman olduğu kimi bu gün də xaos təşviqindən, təxribatçılıqdan, yalandan, söyüşdən, pislikdən, asayişi pozmaq cəhdlərindən və sair bu kimi anti-milli fəaliyyət növlərindən ibarətdir.