YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimadın nümunəsi

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin neft-qaz, eləcə də yaşıl enerji sahəsində yaratdığı strategiya Avrasiya materikindəki geosiyasi vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verir. Bir vaxtlar bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və siyasi iradəsi sayəsində reallaşdı. Artıq üç ildən çoxdur ki, Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac olur. Yaşıl enerji istehsalı sahəsində də Azərbaycanda həyata keçirilən böyük layihələr sayəsində ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa dövlətlərinə ixracı mümkün olacaq.

Prezident İlham Əliyev 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslnda Azərbaycanın zəngin təbii qaz yataqlarına malik olması, istismarda olan yataqlarla yanaşı yeni yataqların da yaxın vaxtlarda qaz hasil etməsi istiqamətində görülən işlər, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr haqqında məlumat verdi.

Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülür. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir.

2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən "Abşeron" yatağında təbii qazın kommersiya hasilatı oldu ki, ilkin olaraq bu yataqdan qaz hasilatının həcmi 1,5 milyard kub metr, ikinci fazada isə 4-5 milyard kub metrə çatdırılması gözlənilir. Hasil olunacaq qazın böyük hissəsi beynəlxalq bazarlara nəql olunacaq. Nəhəng xarici şirkətlər, maliyyə institutları Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərinin nəhəng enerji şirkəti olan ADNOC Abşeron layihəsinin səhmdarıdır.

Növbəti ildə "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsindən, sonrakı illərdə "Ümüd" yatağından qaz hasil ediləcək. Bununla da Azərbaycandan Avropaya ixrac ediləcək təbii qazın həcmi artırılacaq, eyni zamanda Azərbaycan qazını almaq istəyən Avropa dövlətlərinin sayı artacaq. Görülən işlər, həyata keçirilən layihələr Azərbaycanda təbii qazın azalmasını iddia edən qüvvələrə, dövlətlərə layiqli cavabdır. Avropada Azərbaycan qazına böyük tələbat var və ölkəmizin kifayət gədər qaz hasil etmək imkanı var.

Ölkə başçımız çıxışında Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, yaşıl enerji sahəsində də böyük layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdirilməsini vurğuladı. Ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu cür stansiyaların tikintisi davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsində yaxından iştirak edir. Ölkəmizin bərpa olunan enerji ehtiyatları baxımından böyük potensialı var və bu sahədə digər xarici şirkətlərlə də əməkdaşlıq edilir. Azərbaycanın yaşıl enerji sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri və beynəlxalq təşkilatlar yüksək qiymətləndirir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Avropaya ixrac ediləcək. Bir çox dünya dövlətləri Azərbaycanın etibarlı tərəfdaş dövlət olduğunu vurğulayırlar. Bütün bu amilləri nəzərə alaraq dünya dövlətləri yekdilliklə COP-29 kimi nüfuzlu konfransın Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın dünyada böyük nüfuza malik olmasının göstəricisidir və ölkəmizin uğurudur.

Prezident İlham Əliyev tədbirdə "Euronews" televiziyasına da müsahibə verdi. Müsahibəsində ölkə başçımız uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin bölgədə yerləşən dövlətlərlə yanaşı bir sıra Avropa dövlətlərinin enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu vurğuladı.

Azərbaycan qazına olan tələbat hər il artır. Bu gün Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Azərbaycanda hasil edilən təbii qazın həcmi artdıqca digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. İxrac ediləcək təbii qazın digər dövlətlərə çatdırılması üçün bir neçə Avropa dövlətlərində interkonnektorlar tikilmişdir. Prezident İlham Əliyev müsahibəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin dəstək oluğunu da vurğuladı.  Bu, Prezident İlham Əliyevə olan inamın, etimadın nümunəsidir. Dünya liderləri ölkə başçımızın sözünün imzası gədər dəyərli olduğunu vurğulayırlar.

Prezident İlham Əliyev dünyada baş verən iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işlər barədə də məlumat verdi. Azərbaycan yaşıl enerji istehsalı sahəsində həyata keçirdiyi layihələrlə dünya dövlətləri arasında ön sıradadır. 10 il ərzində ölkəmizdə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə daxili bazarda təbii qaz istehlakını da azaldacaq. Ölkə başçımızın yürütdüyü uzaqgörən müdrik siyasəti sayəsində neft və qazdan gələn gəlir inkişafa, tərəqqiyə, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəldilir.

DİGƏR Xəbərlər Arxiv