YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. Otuz iki il əvvəl baş vermiş Xocalı soyqırımı da ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törətdikləri genosid siyasətinin davamı idi. “Böyük Ermənistan” kimi uydurma mifin əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğında 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyuldu. Bir gecədə 8 ailə tamamilə məhv edildi. Faciə zamanı 487 nəfər yaralandı, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü və taleləri hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Xocalı soyqırımı tarixdə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşilikləri ilə yadda qalıb. Xocalı soyqırımı Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada dayanır. Bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyənləşib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhvi deməkdir. Xocalıda baş verənlər də bu statusa uyğundur, məhdud coğrafi ərazidə insanlar məhz azərbaycanlı olduqları üçün kütləvi şəkildə qətlə yetiriliblər. Soyqırımı, maddi-mədəniyyət abidələrinə, ətraf mühitə zərər verilməsi və sair əməllər Beynəlxalq Hüquqi Komissiyanın beynəlxalq cinayət anlayışına görə beynəlxalq cinayət hesab olunur. Beləliklə, Xocalı soyqırımı beynəlxalq cinayətdir. Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünyaya çatdırılmağa başlayıb. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Eləcə də, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il 28 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə ermənilərin azərbaycanlılara qarşı cinayət əməlləri öz hüquqi-siyasi qiymətini alıb, tarixi yaddaşımız bərpa olunub. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər xaricdə yayımlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sistemli tədbirlər nəticəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı soyqırımının hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən günahsız qurbanların qisası alındı, Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli, əbədi torpaqlarımızı 30 illik əsarətdən xilas etdi. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xalqımız erməni vandalizminin qurbanı olan, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir.

DİGƏR Xəbərlər Arxiv