Xəbərlər
Böyük qələbələrə aparan qüdrətli Lider!
İradə Hüseynova
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycanda xalqın qəti əzminə və inamına arxalanaraq müstəqilliyimizin möhkəmləndirilməsinə, demokratik islahatların həyata keçirilməsinə istiqamətləndirilmiş müdrik siyasət aparılır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirən, onun zəngin siyasi irsinin layiqli davamçısı, xalqını sevən, onun rifahı yolunda əlindən gələni əsirgəməyən, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər zaman möhkəm duran, ölkəmizi etibarlı tərəfdaş kimi dünya müstəvisində yüksək səviyyədə təsdiq edən Müzəffər Liderimiz İlham Əliyevdir.
2003-cü il oktyabr ayının 15-də xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək, müqəddəs Qurana və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlət başçımız verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün çalışdı və buna nail oldu. 20 il ərzində Prezident olduğu dövrə nəzər salsaq, görərik ki, İlham Əliyev əsrlərə sığmayan fəaliyyəti ilə insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, mənafeyini qorumaq, dövlət maraqlarını təmin etmək kimi şərəfli tarixi missiyanı həyata keçirməyə müvəffəq oldu. Bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Cənab Prezident bu sözünü də yerinə yetirdi – Azərbaycan Respublikası Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt olunmuş ərazilərini azad etdi.
Zəfərlə başa çatan 44 günlük müharibə Azərbaycan rəhbərliyinin həm hərbi, həm də diplomatik sahədə mühüm əhəmiyyət kəsb edən qələbə qazandığını sübut etdi. Şanlı tariximizə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsinin hər bir günü şəhər və kəndlərimizin işğaldan azad edilməsi xəbərini alırdıq. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat nəticəsində Azərbaycanın Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan belə, Azərbaycana təhvil verildi. 2023-cü il sentyabrın 19-da aparılan və cəmi bir gün çəkən lokal xarakterli antiterror tədbirlərindən sonra Dövlət Bayrağımız Xankəndi, Ağdərə, Xocalı, Xocavənddə ucaldıldı. Beləliklə, bütün işğal olunmuş torpaqlarımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, qətiyyətli rəhbərliyi və əzmkarlığı nəticəsində düşməndən tamamilə azad edildi, Azərbaycan dövlətinin suverenliyi bütün ölkə ərazisində bərqərar oldu.
Postmünaqişə dövründə Azərbaycan makroiqtisadi sabitliyi qoruyub saxlamış, iqtisadi artım bərpa olunmuşdur. 2021-ci ilin elə ilk ayından başlayaraq işğaldan azad edilmiş ərazilərimizdə başlanan sürətli və çoxşaxəli işlər müxtəlif istiqamətləri əhatə etmişdir. Düşmən tərəfindən tamamilə dağıdılmış şəhər, kənd və qəsəbələrimiz qurub-yaratmaq eşqi ilə yaşayan Azərbaycan insanının əli ilə yenidən abadlaşdırılır, hətta əvvəlkindən də daha gözəl, cənnət simalı olur. Azərbaycanın nəinki azad edilmiş regionlarında, habelə bütün bölgələrində, bütün yaşayış məntəqələrində yenidənqurma işləri, tikinti-abadlıq, quruculıuq işləri aparılmışdır və miqyasına görə bu misilsiz işlər bu gün də intensiv şəkildə davam etdirilir. Bütün bu və digər mühüm fəaliyyətlərin müəllifi və memarı məhz Prezidentimizdir!
Siyasi sabitliyin, iqtisadi tərəqqinin bərqərar olduğu ölkəmizdə bir-birini əvəz edən və ən qüdrətli dövlətləri belə heyrətləndirən nailiyyətlərin qazanılması Azərbaycanda idarəetmə sisteminin planlı surətdə düzgün təşkil olunmasının göstəricisidir. Möhtəşəm nailiyyətlərin əsasını Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin müdrik və düşünülmüş siyasətinin davam etdirilməsi, Heydər Əliyev ideyalarının uğurla gerçəkləşdirilməsi və xalqın da bu siyasəti dəstək olması təşkil edir. Azərbaycan təkcə regionda deyil, dünya müstəvisində qüdrətli dövlət, etibarlı tərəfdaşdır, ölkəmiz düzgün inkişaf yolundadır və inamla irəliləyir. Xalqın öz Liderinə olan böyük etimadı möhtəşəm inkişaf strategiyasının bütünlüklə dəstəklənməsi deməkdir.
Ölkəmiz olduqca mühüm siyasi proses ərəfəsindədədir. 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti 7 ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentlyinə namizədliyini irəli sürmüşdür. Bu seçkilərə partiyamız “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması şəratində keçirilir. Ona görə də qarşıdan gələn Prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Bir alim, bir ziyalı olaraq qeyd etmək istəyirəm ki, bu gün hər bir azərbaycanlı şanlı qələbəmizdən böyük qürur, fəxarət hissi keçirir. Bizə bu sevinci bəxş edən, Zəfər tarixini yaşadan Müzəffər Lider İlham Əliyevdir. Əziz xalqıma, dəyərli seçicilərə müraciət edərək Azərbaycan dövlətçiliyinin keşiyində duran, sözü imzası qədər etibarlı olan qüdrətli şəxsiyyət, Müzəffər Liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram! İlham Əliyevə səs verməklə xalqımız Azərbaycanın firavanlığına, qüdrətlənməsinə, çiçəklənməsinə, xoş gələcəyinə, işıqlı sabahına səs vermiş olacaqdır!