YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb

Xəbər verdiyimiz kimi, Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi “Pirotexnika sənəti” festivalında iştirak edib. Festival “Bakı Atəşfəşanlıq Qrupu” nun şousu ilə başlayıb. Qeyd edək ki, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.

“Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, Böyük Britaniya və Argentina da iştirak edir.

Azərbaycanın müsabiqədə təqdim olunan, 25 dəqiqə ərzində ölkəmizin zəngin musiqisinin müşayiəti ilə minlərlə tamaşaçının izlədiyi şousunun videosu festivalın saytında yayımlanıb.