YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın xarici işlər naziri ölkəsinin enerji təhlükəsizliyinin təminində Azərbaycanın əhəmiyyətini qeyd edib

Bolqarıstanın xarıci işlər naziri Daniel Mitov iyulun 14-də Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxış edib. O, analitik mərkəz tərəfindən vaxtaşırı keçirilən “Siyasi xadimlərin forumu” çərçivəsində çıxış edərək, Avropa İttifaqında strateji vəziyyət, problemlər və təklif edilən qərarlar barədə ölkəsinin rəsmi mövqeyindən söz açıb. D. Mitov ABŞ-Bolqarıstan strateji münasibətlərinin, təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafının, Bolqarıstanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətini vurğulayıb. Diplomat Yunanıstandakı iqtisadi böhrana və regional əhəmiyyətli digər məsələlərə də toxunub.

Forumda iştirak edən AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Sofiyaya, Prezident Rosen Plevneliyevin isə aprel ayında Bakıya rəsmi səfərləri zamanı əməkdaşlıq məsələləri müzakirə edilib. İkitərəfli sazişə əsasən, Azərbaycan Bolqarıstan ilə Yunanıstan arasındakı interkonnektor (qaz kəməri) vasitəsilə Bolqarıstanı 1 milyard kubmetr qazla təchiz edəcək. İnterkonnektorun tikintisi 2017-ci ilin sonunadək başa çatacaq və Azərbaycandan başlayan “Cənub” qaz dəhlizinə qoşulacaq.AZƏRTAC-ın xüsusi müxbiri Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişaf perspektivlərini dəyərləndirməyi və Azərbaycandan “mavi yanacağ”ın nəqlinin qaz idxalının şaxələndirilməsinə və Bolqarıstanın iqtisadi müstəqilliyinə nə kimi töhfə verəcəyinə münasibət bildirməyi xarici işlər nazirindən xahiş edib.

Diplomat xüsusi müxbirin sualına cavabında bildirib ki, Bolqarıstan və Azərbaycan arasında gözəl münasibətlər var. Prezident İlham Əliyevin Azərbaycan hökumətinin üzvləri ilə birlikdə Sofiyaya səfəri zamanı 1 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli barədə saziş imzalanıb. Sofiya ümid edir ki, bu həcm genişlənəcək, çünki interkonnektorların tikintisindən sonra Bolqarıstan həm də region ölkələrinə qaz nəql edən tranzit ölkəyə çevriləcək. Nazir vurğulayıb ki, idxalın şaxələndirilməsi və Azərbaycan qazının Bolqarıstana nəqli ölkəsinin iqtisadi müstəqilliyinə böyük töhfə olacaq və bütün regionda qaz interkonnektorları şəbəkəsinin inkişafına kömək edəcək. O, “Cənub” qaz dəhlizi layihəsinin istər Bolqarıstan, istərsə də regionun digər ölkələri üçün əhəmiyyətini xüsusi vurğulayıb.